Bir müddət öncə Qazaxıstanın "Kayrat" komandasının erməni futbolçusu Kamo Ohanesyanın "Qarabağ"a qarşı oyun üçün Bakıya gətirilməyəcəyi bəlli olmuşdu. UEFA Konfrans Liqasının qrup oyunu üçün Azərbaycana səfər edən Almatı təmsilçisi "Qarabağ"a göndərdiyi siyahıda 29 yaşlı müdafiəçinin adını salmağı məsləhət bilməyib.
Ermənistan mediası bu məsələni siyasiləşdirərək guya, futbolçunun oyunu buraxması və Bakıya gələ bilməməsini Azərbaycanla bağlı "problemlər”dən qaynaqlandığını iddia edib. Əslində isə Azərbaycan "Kayrat”ın heç bir futbolçusunun Bakıya buraxmayacağı və s. məsələlərlə bağlı heç bir rəsmi bəyanat vermədi. Nə klub səviyyəsində, nə də başqa...
Bir sözlə "Kayrat”ın futbolçusu Kamo Ohanesyanın Azərbaycana gətirilməməsi Qazaxıstan klubunun öz təşəbbüsüdür.
Məsələ ilə bağlı AzVision.az –a açıqlama verən Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib ki, "Kayrat”ın Azərbaycana səfər edəcək heyətinin siyahısı həftələr öncədən onlara göndərilibmiş. Həmin siyahıda isə hazırda siyasiləşdirilən bu futbolçunun adı ümumiyyətlə olmayıb.
- Kimin Bakıya gətiriləcəyinə klub özü qərar verib. Onlardan "niyə filan futbolçu siyahıda yoxdur?” soruşmaq etik cəhətdən düzgün olmaz. Bu bilirsiniz nəyə bənzəyir? Kayratın baş məşqçisi Qurban Berdıyevə niyə hansısa futbolçunu start heyətdə oynatmırsız sualını verə bilərik? Əlbəttə, xeyr! Bu klubun daxili işinə qarışmaq olar. Bu məqamı fürsət bilib idmanı siyasətə qatırlar. Biz hər zaman bunun əlehinə olmuşuq.
Gündüz Abbaszadə xatırladıb ki, ölkəmizdə keçirilmiş mötəbər yarışlarla bağlı Bakıya dəfələrlə erməni idmançılar səfər edib. Bu məsələ ilə bağlı bir dəfə də olsun problem yaşanmayıb.
- Ölkəmizdə hazırda on minlərlə erməni əsilli vətəndaşımız yaşayır. Biz qonaqpərvər xalqıq. Milli mənsubiyyətindən, dinindən, irqindən asılı olmayaraq, ölkəmizə səfər edən, Azərbaycanın qanunlarına, ənənələrinə hörmət edən hər kəsə xoş gəldiniz deyirik! Necə ki, bunu bu gün etdik. "Kayrat”ı ən yüksək şəkildə qonaq edəcəyik. Başda baş məşqçiləri Qurban Berdıyev olmaqla, hər biri bizim üçün əzizdir. Onlar bizə yalnız meydanda oktyabrın 21-i saat 20:45-dən etibarən 90 dəqiqə ərzində rəqib olacaqlar.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlayacaq.
Şərhlər