Ekonomiks 20:42 11.12.2019

OPEC neft istehsalın; azaltdıqca, OPEC-dən kənar ölkələrdə artır

Neft İxrac Edən Ölkələr Birliyinin noyabr ayına olan hesabatı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, hesabata görə noyabr ayında OPEC-in gündəlik xam neft istehsalı oktyabr ayı ilə müqayisədə 93 min barel azalaraq, təxminən 29 milyon 550 min barelə düşüb. OPEC-in gündəlik neft hasilatının azaldığı bir dövrdə, birlikdən kənar ölkələrdə isə əks tendensiya müşahidə olunub. Belə ki, OPEC-ə daxil olmayan ölkələrin gündəlik xam neft istehsalının həcmi 610 min barel artaraq 70 milyon 220 min barelə yüksəlib.

Ötən ay birlik daxilində xam neft istehsalını ən çox artıran ölkələr Ekvador, Küveyt və Liviya olub. Ən çox azalma isə Səudiyyə Ərəbistanı, Anqola və İraqda qeydə alınıb.

Hesabatda qeyd olunur ki, noyabrda qlobal neft tədarükü 410 min barel çoxalaraq, 99 milyon 780 min barelə çıxıb.

Hesabata görə, 2020-ci ildə qlobal neft tələbinin 100 milyon 880 min barel olacağı ehtimal edilir. OPEC ölkələrinin gələn ildəki neft tələbinin isə 29 milyon 660 min barel olacağı proqnozlaşdırılır.
 
Camal