Siyasət 13:48 28.01.2022

“Orada Bakı üçün nəyin qəbuledilməz olduğunu anlamağa çalışırıq” – Mirzoyan

Ermənistan tərəfi sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycan üçün nəyin qəbuledilməz olduğunu anlamağa çalışır. 

Qaynarinfo xəbər verir ki, bunu "Yerablur”da jurnalistlərə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Yanvarın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanın nümayiş etdirdiyi mövqe və delimitasiya prosesinə başlamaq üçün bir sıra ilkin şərtlər Azərbaycan üçün qətiyyən qəbuledilməzdir. Bundan əvvəl İrəvan təkliflər paketinin Bakı və Moskvaya ötürüldüyünü açıqlamışdı.

"Biz nəyin qəbuledilməz olduğunu anlamağa çalışırıq, çünki konkretləşdirmə yoxdur. Biz dəqiqləşdirmə mərhələsindəyik. Ardıcıl müzakirələr gedir və onlar davam edəcək", - Mirzoyan bildirib.

Nazir bildirib ki, hansı hissənin qəbuledilməz olduğu, hansı əsasla və buna uyğun olaraq hansı yeni həll yollarının irəli sürülə biləcəyi ilə bağlı aydınlıq gətirməyə çalışırlar.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Bakı və Moskvaya təkliflər paketinin təqdim edildiyini bildirib. Onun sözlərinə görə, təkliflər sərhədlərin demarkasiyasına aid deyil, sərhəddə təhlükəsizlik və sabitliyin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardır. Söhbət xüsusən də qoşunların geri çəkilməsindən gedir. Paşinyan hesab edir ki, delimitasiya və demarkasiya komissiyası tez bir zamanda yaradılmalıdır.
 
Alpər