Siyasət 16:15 21.10.2020

Ordu və silah kvotası nəyə əsaslanır? (Hərbi ekspert)

"Bütün ölkələrdə ordu və silah texnikası saxlamaq ölkənin əhalisinin sayına görə müəyyənləşir”.


BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənov deyib. Ekspert bunun əsas səbəbini silahların daha çox yayılmaması ilə izah edib:

 

 


"Razılaşmalar var və buna əməl edilməlidir. Azərbaycan bu kvotaya tam əməl edir. Azərbaycanla Ermənistan arasında bu kvota 1992-ci ildə imzalanıb. Amma Ermənistan bu kvotaya əməl etmir, Qarabağda qanunsuz silahlardan istifadə edir. Ermənistanın silah kvotasının nə qədər olduğunu bilmirəm, bunu araşdırmaq lazımdır”.


Ekspert qeyd edib ki, Ermənistan bütün beynəlxalq hüquq qaydalarını pozur:


"Tək terror, işğalla, soyqırımla, miqrasiya ilə bağlı deyil, eyni zamanda silah kvotasını da pozub. Ermənistanın mülki əhaliyə atəş açması hələ təkcə bir fakdır. Beynəlxaq hüquqda o cinayət yoxdur ki, Ermənistan onu törətməsin. Bu məsələ də qəbuledilməzdir. Artıq Azərbaycan bununla bağlı dəfələrlə BMT, ATƏT-i məlumatlandırıb, dəfələrlə fikirlər deyilib. Amma beynəlxalq aləm heç bir ölçü götürmədi. İndi ölçünü Azərbaycan dövləti və ordusu götürür. Azərbaycan ordusu onları cəzalandırır, texnikaları da məhv edir, Ermənistan iqtisadiyyatına da zərbə vurur. Silahlar bir yana, Ermənistanın bir əsgərinin orada olması belə qanunsuzdur. Azərbaycan da beynəlxalq hüququ, ədaləti bərpa edir”.


Emin Həsənov qeyd edib ki, beynəlxaq təşkilatlar Ermənistanın Gəncə şəhərində törətdiyi cinayətlə bağlı konkret heç bir ölçü götürmədilər:


"Azərbaycan onların cinayətini dünyaya yaydı. Ona görə də bu ölçünü Azərbaycan ordusu götürdü”.


Qeyd edək ki, Prezident İlham Əliyev xalqa müraciətində Ermənistanın beynəlxalq konvensiyaları pozduğunu açıqlayıb. "Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər?”- Prezident bildirib.


Bahar Rüstəmli