Hüseynbala Səlimov
Siyasət 10:30 17.09.2021

Çoxüzlü ABŞ: Ərdoğan hansı Amerikanı seçəcək?..

Hüseynbala Səlimov

19-22 sentyabrda qardaş Türkiyənin prezidenti R.T.Ərdoğanın Vaşinqtona səfər edəcəyi gözlənir. ABŞ-ın yüksək çinli məmurları ilə yanaşı, Ərdoğanın prezident C.Baydenlə də görüşəcəyi ehtimal olunur.

İnanın, indi ən çətin məsələ ABŞ-Türkiyə münasibətlərindən yazmaqdır, xüsusən də prezident Baydenin dövründə, çünki sonuncu yeganə ABŞ prezidenti oldu ki, qondarma, yalançı "erməni genosidi”ni tanıdı.

Hazırda təhlilçilər ən müxtəlif versiyalar qururlar, amma bunlar yalnız hipotezdir. 

Məsələ bundadır ki, artıq bir vaxtlar olduğu kimi kommunist düşərgəsinin əleyhinə vahid cəbhə quran ABŞ yoxdur, onun hətta indiki müttəfiqlərilə münasibətləri çoxmənalı, dumanlı və hətta qeyri-müəyyən olub.

Məlum olduğu kimi, ABŞ Türkiyəyə təkcə "Petriott” raket sistemlərini deyil, müqavilə ilə nəzərdə tutulmuş super-təyyarələri belə satmadı. Artıq bir neçə ildir ki, müttəfiqlər arasında kürd məsələsilə bağlı dərin bir ixtilaf var. 

Üstəgəl, bu, təkcə kürd məsələsilə bağlı müşahidə olunmur, eyni hal Yaxın Şərq palitrasının bütün moziakası üzrə sezilir. ABŞ regionda İsraili və hətta monarxist Səudiyyə Ərəbistanını ön planlara çıxarmağa çalışır ki, bu da Ankarının haqlı qısqanclığına səbəb olur.

ABŞ-ın indiki Türkiyə hakimiyyətilə bağlı da problemləri var. Sirr deyil ki, bir neçə il bundan əvvəl Vaşinqton dini moizəçi Fətulla Gülənin köməyi ilə Ankaranın qanuni hakimiyyətini devirməyə çalışdı.

Vaşinqton Türkiyə-Rusiya yaxınlaşmasına da qısqanclıq edir. Elə Ərdoğanın səfərilə bağlı proqnozları da buna istinad edərək vermək lazım idi. Moskva da Ankara ilə mürəkkəb siyasət aparır. Kreml başa düşür ki, Türkiyə böyük bir regionda ona rəqib ola bilər. Odur ki, ABŞ-la əlaqələr nə qədər mürəkkəb olsa da, Ankara Vaşinqtonla sıx münasibətlər saxlamağa məcburdur.

Birincisi, Türkiyə və ABŞ yaxın hərbi müttəfiqlər, NATO-nun üzvləridir. Bir vaxtlar Rusiya siyasətçiləri və politoloqları Türkiyənin NATO sıralarını tərk edəcəyi haqqında ən müxtəlif "proqnozlar” verirdi, amma onlar doğrulmadı və gələcəkdə də doğrulmayacaq.

İkincisi, indi daha bipolyar dünya yoxdur, çoxqütblülük artıq politoloqların və analitiklərin öncəgörməsi deyil, bir reallıqdır. Bununla belə ABŞ dünyanın supergücüdür və onunla əməkdaşlıq etmək zəruridir, onu nəzərə almamaq mümkün deyil.

Üçüncüsü, Türkiyə, Rusiya və hətta İran arasında bir çox məsələlər üzrə dərin ixtilaflar var, onlar hətta post-sovet məkanının bir çox seqmentlərində liderlik üstündə çarpışırlar...

Prezident Vladimir Putin yeganə rus lideri oldu ki, Türkiyəyə bir neçə dəfər səfər etdi. 

Belədə isə, əgər sovet dövrünün ilk illərini nəzərə almasaq, Rusiya və Türkiyə arasında münasibətlər həmişə mürəkkəb olub. Onlar indi də əsl dost münasibətləri deyil, sadəcə, dözümlü münasibətlərdir.

Ərdoğan-Bayden dialoquna gəldikdə isə, Bayden həmkarını daha çox əfqan probleminin müzakirəsinə yönlətməyə çalışacaq. Məlum olduğu ki, ABŞ bu ölkədən getdi və yeni talib hökumətini də tanımır. Amma Türkiyə taliblərin əməkdaşlıq etdiyi bir neçə ölkə sırasındadır. Aydın məsələdir ki, ABŞ Kabil ətrafında siyasi və iqtisadi vakuum yaradacaq. Elə bu məqsədlə Bayden bu yaxınlarda çinli həmkarı  - yoldaş Siyə də telefon açmışdı. Məlum olduğu kimi, Çin ABŞ-ın regionu tərk etməsilə bağlı yaranmış boşluğu tutmağa çalışır. Belədə isə Əfqanıstan ABŞ üçün ikinci İran və yaxud da yeni Liviya olacaq. Taliblər daha adi bir terrorçular deyil, onların hökuməti və dövləti, ölkələri var...

Amma güman, oxucunu daha çox belə sual düşündürür ki, prezidentlər Qarabağ problemini müzakirə edəcəkmi? Dəqiq söz demək olmur, amma istisna deyil. Minsk Qrupu təzədən gündəmə Dağlıq Qarabağın "statusu” haqda məsələ qaytramaq istəyir. 

Bundan başqa, Ərdoğan müxtəlif regional layihələrlə çıxış edir və güman, bunlar ABŞ-ın nəzərindən yayınmır. Amma biz bir məsələni unutmamalıyıq: Bakı özünün qanuni torpaqların qaytarıb və BMT qətnamələrinin tələblərini yerinə yetirib. 

Minsk Qrupunun "təzyiq”inə gəldikdə isə, belə bir şey olsaydı, onlar bunu otuz il ərzində nümayiş etdirərdilər. Etmədilər, çünki bunlar daha çox diplomatik turistlərdir. Ona görə də onların "təzyiqi” siyasi və yaxud da diplomatik dövriyyəyə buraxılmış növbəti mifdir...