Rəhim Həsənov
Hüquqşünas,
Komplayns və daxili nəzarət üzrə mütəxəssis
Yaşadığımız çətin dövrdə dünya ictimaiyyətinin öz diqqətini COVID-19 pandemiyası ilə mübarizəyə və iqtisadiyyatın yenidən açılmasına yönəltdiyi bir zaman, korrupsiya və hakimiyyətdən sui-istifadə halları bir çox ölkələr üçün qorxulu reallıq olaraq qalır. Sayları gündən-günə artan xəstələrə qulluq və mübarizənin ön cəbhəsində olan tibb işçilərinin qorunması səyləri virusun yayılması ilə yanaşı, bir çox sahələrdə şəffaflığın olmaması və tibbi ləvazimatların təchizat zəncirlərində olan pozuntular səbəbindən gərginləşir.
Nəticədə, dünya birliyi ödəyə bilmədiyi bir dəyəri ödəyir. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə virusun asanlıqla ötürülməsinə və müalicəyəyə müqavimət göstərməsinə qarşı qabiliyyət azalmışdır. Qlobal iqtisadiyyat korrupsiyaya görə hər il 3.6 trilyon ABŞ dolları itirir və COVID- 19 böhranının ortasında bu rəqəmin 2020-ci il üçün nə gədər olacağını təsəvvür etmək belə çətindir.
Böhran dövründə ölkələrin rüşvətə və korrupsiyaya sarsıdacaq bir qlobal cavabın verməsi potensialının olması şübhə doğurur. Müşahidələr dünyada hər bir iqtisadi böhran dövründə olduğu kimi, yaşadığımız dövrdə də korrupsiyaya meylli hərəkətlərin baş qaldırması tendensiyasının hələ də olmasını göstərir. Bu kimi fövqəladə vaxtlar sistemlərimizdəki çatlamaları ifşa etməyə meyllidir, korrupsiyanın daxil olduğu yerləri və sahələri vurğulayır. Aydındır ki, korrupsiya COVID-19-un nəinki ictimai sağlamlığa təsirini, həm də, həm qısa, həm uzunmüddətli dövrdə iqtisadi təsirini artırır.
Təəssüf ki, geniş yayılmış korrupsiya tək bugünkü pandemiyaya xas deyil, satınalma prosedurlarına diqqət yetirilməməsi 2013-cü il Ebola xəstəliyi dövründə də öz təsirini göstərmiş və ölkələr və beynəlxalq təşkilatlar tərəfindən edilən qlobal səylərə mane olmuşdur. Eyni şəkildə, çox güman ki, COVID-19 bu zəmində olan son böhran olmayacaq. Bu pozuntuların yaratdığı korrupsiya risklərinə diqqət yetirilməlidir və şirkətlərə xatırlatmaq lazımdır ki, qanunvericiliyə və korporativ etikaya uyğunluq öhdəlikləri - həm de-fakto, həm də de-yure - xarici təzyiqlər olduqda belə, qüvvədə qalmalıdır.
Korrupsiyaya qarşı mübarizə indiki dövrdə həmişəkindən daha çox beynəlxalq əlaqələndirilmiş səy tələb edir. Qanunvericiliyə uyğunluğun (komplayns) tənzimləməsi, şəffaflıq və yüksək korporativ etika standartları yeni bir post-COVİD-ə uyğunlaşmağımız üçün hər zamankindən daha aktualdır.
Hökumət təşkilatları, böyük və kiçik kommersiya qurumları öz işlərini davam etdirmək, işçilərini və istehlakçıları qorumaq, lazımi mal və xidmətlər əldə etmək istiqamətində göstərdiyi səylər fonunda təchizat zəncirlərinin pozulduğunu və zəiflədiyini gördük. Bu cür hallar güzəştli rəftar, imtiyaz təklifi, rüşvət və digər korrupsiyaya meylli hərəkətlər şəklində baş verir. İqtisadi tənəzzül dövründə maddi tələbat artdıqca, qanunsuz hərəkətlərə meyl daha da artır.
COVID-19-u nəzərə alaraq, dövlət satınalmalarında şəffaflıq ehtiyacından tutmuş, korrupsiya əleyhinə qanunvericiliyin beynəlxalq koordinasiyasına qədər olan və əhəmiyyəti günbəgün artan bir neçə sütunu və mövzunu müəyyən etmək olar. Bu sütunlardan biri bütövlüyü və uyğunluğu qorumaq üçün texnologiyanın istifadəsinə və korrupsiyaya qarşı qlobal mübarizəyə yönəlmişdir. 2019-cu ildə aparılmış bir araşdırmaya görə müxtəlif ölkələrdə böyük kommersiya şirkətlərinin komplayns menecerlərinin 97 faizi texnologiyanın və avtomatlaşdırma yolunun rüşvət, korrupsiya və digər maliyyə cinayətlərinin qarşısının almaqda əhəmiyyətli kömək edə biləcəyinə inanır. Texnologiya sürətlə inkişaf etməyə və dövlət və özəl sektoru dərin şəkildə dəyişdirməyə davam etdikdə, korrupsiyanın aşkarlanmasını, araşdırılmasını və hesabatlaşdırılmasını asanlaşdıran yeni sistemlərin yaradılmasına investisiya qoyulması vacibdir.
Böhrandan sonrakı bərpa mərhələsinə keçdiyimizdə və dövlət nəzarət orqanlarının potensialının azaldığı bir vaxtda bəzi şirkətlər ayaqda qalmaq üçün bir vasitə olaraq öz komplayns (uyğunluq) funksiyalarının zəifləməsi yönündə işlər görə bilər. Bu tendensiya ikiqat problem yaradır. Amma yenə də, həyata keçirdiyimiz hər bir prosesdə uyğunluğu prioritet saymaq indi daha vacibdir və avtomatlaşdırmanın bu işdə bizə daha yaxşı xidmət edə biləcəyini düşünürük.
Qlobal biznes, yerli, regional və beynəlxalq qanun və qaydalara riayət etməklə, korporativ mədəniyyətini qorumaq üçün səylər göstərməli və işçilərin də bu meyarlara uyğunluğuna görə məsuliyyət daşımalıdır. Dövlət və kommersiya təçkilatlarının böhrandan çıxış yönündə kollektiv səyləri COVID-19-dan sonrakı reallığı müəyyənləşdirəcəkdir. Və bu səylərin dürüstlüyə və şəffaflığa üstünlük verdiyinə əmin olmaq üçün hər bir təşkilat nümunə göstərməlidir.
Şərhlər