Burda hər şey ağ rəngdədi; çarpayı, döşək, divarlar, tavan. Tavana zillənən nəzərlər əvvəlki xoş günləri axtarır. "Kaş ki, bu qara günləri geridə qoyub, ağ günlərə qovuşa bilsəm”- deyir, içində. Telefonda onunla görüntülü danışan balaca qızının "ata nə vaxt gəlirsən?” sualına kövrəlir, gücünü toplayıb, udqunaraq "tezliklə, qızım” - deyə bilir. Üzünü bu söhbətə şahid olan jurnalist İlhamə Əbülfətə tutub deyir: "İnsanlar özünü bu virusdan qorusun, yoxsa, mənim kimi əzizlərindən ayrı düşər. İndi bircə arzum var, sağalıb tez qızımı görmək...”
Dünyanı bürümüş COVID 19 epidemiyasının ÜST tərəfindən pandemiya elan edilməsi ilə yaranmış vəziyyət bütün peşə sahələri, o cümlədən gündəlik xəbər axtarışında olan media əməkdaşlarının fəaliyyətinə də təsirsiz ötüşmədi. Pandemiya dövrü istər dünya mediası, istərsə də Azərbaycan mediasını öz fəaliyyətini mövcud şəraitə uyğun qurmağa vadar etdi. Redaksiyalar onlayn rejim fəaliyyətinə keçdi. Onlayn müsahibələr, onlayn görüşlər, onlayn brifinqlər...
Yeni qayda və məhudiyyətlər tətbiq edildi. Ən vacib qayda isə jurnalistlərin ilk növbədə gigiyenik qaydalara əməl etməsi, qoruyucu maskalardan istifadəsi və sosial məsafənin gözlənilməsidir.
Jurnalistlərin iş rejimi: kimisi evdən, kimisi də redaksiyadan işləyir
Müsahibim teleqraf.com saytının əməkdaşı Aysel Azad deyir ki, ölkəmizdə sərt karantin qaydaları tətbiq edildiyi vaxtdan bu günəcən onlayn rejimdə çalışırlar. Martın 17-dən evdən iş rejimini davam etdirən müxbirlərdən biri kimi etiraf edir ki, bəziləri evdən işləməyin rahat olduğunu düşünsə də, bu belə deyil:
"Redaksiyadan fərqli olaraq, evdə daha çox işləyirik. Çalışırıq ki, pandemiya dövründə insanları məlumatlandıraq, günün nəbzini tutub, operativ xəbər çatdıraq. Əsas çətinliyimiz internet problemidir. Pandemiya dövrü olduğundan əksər insanlar evdən işləyirlər, bu isə şəbəkənin həddindən artıq yüklənməsinə səbəb olur, internetin sürətini zəiflədir. Elə vaxt olur ki, internet kəsildiyi üçün iş dayanır.”
"Oxu.az” saytının əməkdaşı İlhamə Əbülfət isə hazırda həm ev, həm də redaksiya şəraitində çalışdıqlarını bildirir. Qeyd edir ki, pandemiya dövründə bir müddət evdən işləsə də, hazırda redaksiya mühitində çalışır:
"Redaksiya özü işçilərə seçim imkanı verdi, kim istəsə evdən, kim istəsə redaksiyadan işləyə bilər. Etiraf edim ki, redaksiyada işləmək mənim üçün daha rahatdır. Çünki evdən fərqli olaraq, işdə insan diqqətini ancaq işə yönəldir.”
Onun fikrincə, pandemiya dövründə jurnalistlər üçün onlayn işləməyin həm müsbət, həm də mənfi cəhətləri var. Belə ki, informasiya texnologiyalarının verdiyi üstünlüklər nəticəsində qısa müddətdə heç hara getmədən lazımi müsahiblə əlaqə saxlayıb məlumat almaq mümkündür. "Üstəlik çayın, kofenin və sevimli şirniyyatın da yanında", - zarafatla əlavə edir.
Daha çox canlı müsahibə və reprotajlara üstünlük verən "oxu.az” saytının müxbiri etiraf edir ki, pandemiya dövründə onlayn çalışmağın çətinliklər də yaradır: "Bir çox jurnalistlər, mən də daxil omaqla müsahibə alarkən canlı ünsiyyətə daha çox üstünlük verir. Öyrəşmişik, hadisə yerində olaq, canlı reportaj hazırlayaq, gördüklərimizi də materialda təsvir edək. Ancaq indi məcburuq ki, daha çox onlayn müsahibə alaq. Bu da canlı ünsiyyəti tam əvəz etmir, onun qədər uğurlu alınmır. Onlayn müsahibə real müsahibə qədər canlı olmur. "
Müsahibələr onlayn, görüşlər maska ilə...
"Xalq qəzeti”nin əməkdaşı Zərifə Bəşirqızı bildirir ki, pandemiyanın ilkin dövründən nəşriyyatlar çalışmadığına görə bir neçə gün qəzet də çapını dayandırmalı olub. Lakin bu müddətdə onlayn rejimdə çalışan redaksiya əməkdaşları ölkədə və dünyada baş verən yenilikləri, pandemiya ilə bağlı ən son xəbərləri qəzetin saytı ilə çatdırmışlar. ÜST-ün və TƏBİB-in müəyyən etdiyi qaydalara gigiyenik qaydalara əməl etmək üçün rəhbərlik əməkdaşları qoruyucu maska və dezinfeksiyaedici vasitələrlə təmin edib. Odur ki, redaksiya şəraitində bunlardan narahatlıqları yoxdur. Maksimum dərəcədə qaydalara əməl edir:
"Pandemiya dövrü biz jurnalistlərin həyatından da yan keçmədi. Çətindir, koronavirus pandemiyasından heç kim sığortalanmayıb, o cümlədən jurnalistlər. Odur ki, ehtiyatlı olmağa çalışıram. Müsahibə zamanı, eləcə də küçədə, tibb müəssisələrinə gedərkən bu ehtiyatlılıq və məsuliyyət ikiqat artır. İş otağında, dəhlizdə belə ünsiyyət zamanı mütləq qoruyucu maska taxırıq. Adi vətəndaşlardan fərqli olaraq, biz jurnalistlər pandemiyanın necə təhlükəli olduğunu və onun hansı ağır nəticələrə səbəb olduğunu daha yaxşı görürük. Koronavirusa yoluxmuş, ağır nəfəs alan, sünu nəfəs apartının ümidinə qalmış insanları görmək, həqiqətən də ağırdır. Onların gözlərində yaşama yanğısı, sağalma istəyini görəndə qeyri-ixtiyarı kövrəlməyə bilmirsən".
Pandemiya xatirələri jurnalistlərin gözü ilə
"Teleqraf.com” saytının müxbiri Aysel Azad deyir ki, nə vaxtsa pandemiya dövründən söhbət düşəndə ilk növbədə Operativ qərargahın brifinqlərindəki gərgin fəaliyyətini xatırlayacaq: "Birinci onu deyim ki, koronavirusa qarşı mübarizə biz jurnalistləri bir cəbhədə topladı. Brifinqlərdə maskada, sosial məsafəni qorumaqla hansı sualı verəcəyimizi götür-qoy edir, yaxınlarımızı, eləcə də oxucularımızı narahat edən sualları səsləndirməyə çalışırdıq. Çünki canlı yayımlanan brifinqdən hər kəs onu düşündürən məsələlərə cavab axtarır. Odur ki, hər bir jurnalist bacardığı qədər peşə borcunu layiqincə yerinə yetirməyə çalışır. Lakin bəzən əksinə də olur. Bu pandemiya xatirəsi o qədər xoş olmasa da, bir ay əvvəl başıma gəlib. Koronavirusla bağlı həkimdən müsahibə almışdım. O, dünya praktikası, ölkəmizdəki vəziyyət və digər məqamlara toxunmuşdu. Müsahibə dərc edildiyi günün səhəri başqa bir jurnalist xanım həmin həkimi efirə dəvət etmiş, son iki müsahibəmin bütün suallarını eyni müsahibə ünvanlamışdı. Açığı, çox hörmət etdiyim bir həmkarımdan bunu görmək mənə açığı pis təsir etdi. Təsəvvür edirsiniz, suallar kopyalanıb, üstəlik eyni insana verilir, buna nə ad vermək olar?!”
Oxu.az saytının müxbiri İlhamə Əbülfət üçün pandemiya dövrü həm xoş, həm də üzücü məqamlarla yadda qalır. Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın pandemiya xəstələri üçün açılışını etdiyi "Yeni klinika”da gördüyü səhnələri, keçirdiyi qarışıq duyğuları heç vaxt unutmayacaq. Xüsusilə də 17 yaşlı qızın həyatla-ölüm arasında çarpışarkən ürək göynədən iniltisini, müxtəlif yaşda olan insanların həyat üçün çarpışan nəfəsləri və imdad diləyən gözlərini. "Xüsusi kambenzonu geydiyim andan fərqli duyğular yaşadım. Palataları gəzdikcə, özümü sanki ayrı dünyada hiss edirdim. Söhbətləşdiyim xəstələrin yaşları, peşələri, ünvanları fərqli olsa da, hamısının gözlərində bir fikri oxumaq mümkün idi: tezliklə sağalmaq və ailələrinə qovuşmaq. Həkimlərə "sizə çətin deyil ki bu geyimdə saatlarla işləmək?” –deyə soruşanda gülümsünüb bir şeyi deyirlər: Bu bizim işimizdir, təki pandemiya bitsin, biz hər şeyə dözərik. Qəfildən bir inilti səsi sakitliyi pozdu. Bədənim titrədi. Məlum oldu ki, 17 yaşlı qızdır, diabet xəstəsi olan yeniyetmənin cavan yaşında COVID-19-la mübarizəsi tək həkimləri deyil, məni də məyus etdi. O anda "virus boş şeydir, yoxdur”—deyənləri xatırladım. Kaş ki, siz də bu gördüyüm mənzərəni görəydiniz, fikirləşdim....”
Oxu.az sayıtının müxbiri pandemiya dövründə həm də xatırlayacaq xoş xatirələri də var. Kütləvi mərasimlərin, o cümlədən toyların da qadağan olduğu vaxtda həmkar rəfiqəsinin ASAN-xidmət Mərkəzində nigah mərasimində iştirakı bunlardan biridir:” Bu xoş gün təkcə mənim üçün yox, həm də bütün mediada çox yaxşı qarşılandı. Aylardır, pandemiya xəbərlərindən, yoluxma təhlükəsindən psixoloji narahatlıq keçirən insanlarda bu xəbər həm yüksək əhval yaratdı, həm də tezliklə normal həyata dönə biləcəyimizə ümidləri artırdı. Ümid edirəm ki, pandemiya ilə mübarizədə qalib gələrik, həyat öz toy-büsatı ilə yenidən davam edər. Pandemiya dövrü bizə həm də adi vaxtda əlimizdə olan ən adi imkanların da dəyərini bilməyimizin vacibliyini öyrətdi...”
Diqqət: Operativ Qərargahın brifinqi başlayır
Pandemiya dövründə vətəndaşları narahat edən məqamlarda insanlar məlumat almaq üçün KİV-ə üz tutur və onların jurnalistlərdən gözləntiləri böyükdür. Teleqraf.com saytının müxbiri Aysel Azad bildirir ki, yaranmış suallara aydınlıq gətirmək üçün media nümayəndələri Operativ Qərargah nümayəndələri və TƏBİB-lə əlaqə saxlayır. Adətən həftəsonu bütün media əməkdaşları üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinq isə xüsusi əhəmiyyət daşıyır.
Operativ Qərargahın keçirildiyi brifinq zalında stullar müəyyən edilmiş məsafə ilə qoyulub. Aysel Azad deyir ki, qoruyucu maskalarla iştirak edən jurnalistlər tədbirdə qaydalara riayət edirlər. "Əlbəttə, bu brifinqlər bizim suallarımıza cavab tapmaq üçün xüsusi əhəmiyyət daşıyır. Çünki insanlar bizdən dəqiq və əsaslı məlumat gözləyirlər. Odur ki, biz əsas məqamları vaxtaşırı Operativ Qərargaha bildiririk. Lakin bəzən olur ki, suallarımıza ətraflı, aidiyyatlı cavab ala bilmirik və bu bizi məyus edir. Brifinq sonrası çıxışçıya bunu bildirdikdə isə, ya tam məlumatı olmadığını, ya da mövzunun ona aid olmadığını qeyd edir. Elə olur ki, brifinqdən sonra çıxışçılardan açıqlama alıb, xəbəri yazırıq. Bir neçə saat sonra həmin açıqlama başqa saytda da dərc edilir. "Filankəs bunu Operativ Qərargahın brifinqdə deyib". Axı elə olmayıb,bəzi saytların mənbəyə istinad etməməsi, xəbəri doğru təqdim etməməsi həm açıqlama sahibini, həm də bizi çətin vəziyyətdə qoyur və məyus edir.”
Müsahibim deyir ki, brifinqdən sonra oxucular, eləcə də sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalar olur. Bir çoxları onu narahat edən mövzu ilə bağlı suallara cavab tapdığı üçün təşəkkür edir, digərləri növbəti dəfə başqa məsələni işıqlandırmağı xahiş edirlər. Lakin "teleqraf.com” saytının əməkdaşının sözlərinə görə, jurnalistlərin əməyinə qiymət verməyib gülməli irad tutanlar da var:” Brifinqi efirdən izləyən bəzi insanlar jurnalistlərin əməyinə dəyər vermir. Hər dəfə evə gəlib feysbukda rəylərə baxdıqda, məyus oluram. Ən gülməli məqam isə odur ki, deyirlər jurnalistlər brifinqdə telefonla oynayır. Təəssüf ki, bəziləri anlamır ki, biz həmin an xəbəri yazıb redaksiyaya ötürürük ki, insanlar daha tez məlumatlansınlar. Amma oxucularımız arasında jurnalist əməyinə qiymət verənlər, yorulmadan necə işlədiyimizi görənlər az da olsa var. Ona görə də qəti həvəsdən düşmürük.”
COVID-19-un Bakı "səfəri”: danışan şəkillərdir
Pandemiyanın ilk dövründən virus daha çox ölkəyə yayıldıqca, dünyanın aparıcı şəhərlərindəki qaynar həyat dərin sükutla əvəzlənir. Paris, Madrid, Vatikan, Milan və Bakı... Hər yay səsli-küylü, qonaqlı-qaralı görməyə alışdığımız doğma Bakı da pandemiya səbəbindən sükuta qərq olmuş şəhərlər sırasına qoşuldu. Xalq şairi Səməd Vurğunun sözləri ilə desək, "Bakının dərdi var, Bakı xəstədir...” Bakının bu dərddən qurtarmaq üçün bütün qüvvələr səfərbər olaraq, işlədiyi halda, fotoqraflar nadir hesab edilən bu ab-havanı öz fotolarında ölümsüzləşdirdilər.
Gənc fotoqraf Fərqanə Qasımlı bildirir ki, "COVİD-19" adını alan ümumbəşəri bəla bütün dünya şəhərlərini bir-birinə oxşatdı. Qloballaşan dünyada Bakının görüntüləri başqa şəhərlərdən heç də fərqlənmirdi. Boş küçələr, bağlı restoranlar, mağazalar, əyləncə mərkəzləri, parklar və s. Aprelin 3-ü Bakı Milan, Paris, Nyu york, Londondan və xəbərlərdən izlədiyimiz bir çox meqapolislərdən seçilmirdi. Turistlərin və yerli sakinlərin yemlədikləri pişiklər və göyərçinlər ac qalmışdılar. Pişiklər harda insan görsə ona doğru qaçıb sanki nə isə demək istəyirdilər. Dənizkənarı milli park isə bəlkə də yarandığı tarixdən bu günə kimi heç belə yalnız tənha qalmamışdı. Mən anladım ki, şəhəri gözəlləşdirən insanlardır”.
Fotoqraf Ayaz Mikayılzadə isə pandemiya dövründə çəkdiyi Bakı fotolarına fərqli yanaşır və doğma şəhəri yatmış gözələ bənzədir:
"Bu fotoları çəkəndə düşünürdüm ki, Bakı bir daha bu cür gözəl və sakit olmayacaq. Yaz günəşi öz palitrası ilə Bakının boş küçələrini rəngləyərkən, heç vaxt səsini eşitmədiyimiz quşlar ona ilham verirdi....”
Digər fotoqraf Famil Mahmudbəylinin çəkdiyi fotolar isə ictimaiyyətdə daha böyük marağa səbəb oldu. Onun karantin günlərində yolu keçmək istəyən və fiziki məhdudlu şəxsə polisin kömək etməsini əks etdirən kadrları karantin günlərində sanki kədərli qəlblərə bir sevinc, inam və sabaha olan ümidləri artırdı.
Pandemiya ilə mübarizədə gözəgörünməz bəla ilə mübarizədə yuxusuz gecələrini xəstələrinin baş ucunda keçirən fədakar tibb işçilərinin hansı məhrumiyyətlərə qatlaşması isə fotoqraf Əziz Kərimovun fotoreportajında öz əksini tapıb. Bu fotolar məşhur "Guardian” qəzetinin saytında dünyanın müxtəlif ölkələrində çəkilmiş ən yaxşı fotolar siyahısında təqdim edilib.
Mərkəzi Gömrük Hospitalında tibb işçilərinin COVİD-19-la mübarizəsini əks etdirən fotoreportajla bağlı müəllif öz təəssüratlarını televiziya kanallarından birində tamaşaçılarla bölüşüb. Etiraf edib ki, koronavirusa yoluxmuş xəstələrin olduğu palataya girmək və onların vəziyyətini görmək həyəcanverici idi.: "Onlara yaxınlaşdıqca ürək döyüntüm artırdı. Hər dəfə də "virus yoxdur", "boş şeydir" deyirdim. Ta ki, onları görənə kimi... "Qırmızı zona” yazısını gördükcə isə ayrıca bir həyəcan verirdi. Xəstələrin aralarında gəzdikcə tez-tez nəfəs alırdım. Həyəcan məni qabaqlamışdı...” Fotoqrafın sözlərinə görə, xüsusi kambenzonlu geyimdə və əlcəklərdə çəkiliş onun üçün heç də asan başa gəlməyib. Bir yandan həyəcan, bir yandan da geydiyi geyimin təsiri: " Nəfəs aldıqca istilik eynəyimin şüşəsini tuturdu, ətrafı yaxşı görə bilmirdim. Belə şəraitdə kameraya da nəzarət edə bilməli idim ki, lazımı məqamı çəkə bilim. Çətin idi işləmək. Bunlara baxmayaraq, pandemiyaya qarşı mübarizədə çalışan həkimlərimizin işini fotolarla bacardığım qədər tamaşaçılara göstərməyə çalışdım."
Fotoqraf Əziz Kərimov deyir ki, fotoqrafın əsas prinsipi var: fotoobyektivdən gördüyü anın hiss və həyəcanını, emosiyasını tamaşaçıya ötürə bilmək: "Üç saatlıq çəkiliş nəticəsində həkimləri gərgin iş günündən sonra çəkmək mənim üçün xüsusən maraqlı idi. Çalışmışam ki, həkimlərimizin əziyyəti və fədakarlığını fotolarda əks etdirim. Bunların müəyyən hissəsini həkimlərimizin simalarında görmək mümkündür. Onlar həqiqətən qəhrəmandırlar. Mən həmin xüsusi kambenzonla qırmızı zonada cəmi 3 saat tab gətirə bildim. Halbuki həkimlərimiz gecə-gündüz saatlarla bu formada xəstələrə qulluq edirlər”.
Pandemiya dövrü jurnalistlərə necə təsir edir?
Pandemiya dövründə hər nə qədər jurnalistlər möhkəm təmkinli görünməyə çalışsalar da, yoluxma sayının artması, karantin rejiminin gətirdiyi sosial-psixoloji vəziyyət onların da duyğularına, arzularına təsirsiz ötüşmür. Teleqraf.com saytının əməkdaşı Aysel Azad etiraf edir ki, birifinqlərdən birində hətta ağlayıb da: "İlk dəfə 339 yoluxma faktı elan olunanda brfinqdə göz yaşlarımı saxlaya bilmədim. Bir virusa yoluxanların sayındakı artım vətəndaş kimi məni çox sarsıdır. Əvvəlki günlərimiz üçün çox darıxmışam. Kimlərsə ən sadə qaydalara əməl etmədiyi üçün hazırda bunun cəzasını çəkirik. Maska taxmaqdan imtina edənlər, kütləvi məclislər təşkil edənlər, mənasız yerə restoranlara gedənlər və s. bu gün karantində olmağımızın əsas səbəbidir. Üstəlik indi cəbhə xəttində baş verən düşmən təxribatı həyəcanı daha çox artırır...”
İstirahətə gəlincə, Aysel Azad deyir ki, pandemiya dövründə məlum vəziyyətlə əlaqədar iş rejimi gərgindir və odur ki, hələ ki, istirahət düşünmür: "Hələ ki, özümə vaxt ayıra bilmirəm. Bu günlərdə işləyirəm. Gün ərzində diqqətimiz ölkə və dünya gündəmindədir. Həm də ölkəmizin bu çətin günlərində dincəlməyi özümə yaraşdırmıram. Nə zaman ki, əvvəlki həyatımıza qayıdarıq, o zaman bir neçə günlük istirahət edə bilərəm. Rayonda yaşayan doğmalarım üçün burnumun ucu göynəyir. Telefonla zəngləşib onlarla danışır, bir-birimizə təsəlli verirməyə çalışırıq.”
"Xalq qəzeti”nin əməkdaşı Zərifə Bəşirqızı bildirir ki, uzun illərdir, tibbə, sağlamlığa aid mövzuları işıqlandırır. Hər yay məzuniyyətdə doğulub boya-başa çatdığı Tovuza gedib istirahət etsə də, bu il bu səfər alınmadı:” Pandemiyanın ilk günlərindən gərgin işləyirik, pandemiya ilə bağlı mövzuları mən işıqlandırıram. İndi elə vaxtdır ki, həm jurnalist, həm də vətəndaş kimi peşə borcumuzu yerinə yetirmək daha önəmlidir. Son günlər Tovuzda düşmən təxribatının başlaması həm jurnalist, həm də o rayondan olan bir vətəndaş kimi məni daha da həyəcanlandırır və narahat edir. Hər an ürəyimiz orada,ordumuzun yanında, gözlərimiz telefonda, nəzərlərimiz rəsmi məlumatlardadır. Istirahət hər zaman var, təki ordumuz və xalqımız möhkəm olsun. Elədir ki, var. Pandemiya bitəndən sonra inşAllah mütləq igid oğullarımızın mətanətlə qoruduğu Tovuzuma baş çəkəcəm...”
"Oxu.az” saytının müxbiri İlhamə Əbülfət isə işdən sonrakı boş vaxtlarını ingilis dili öyrənməyə həsr edir. Çalışır ki, bu dilə daha yaxşı yiyələnsin. " Elə bir dövrdə yaşayırıq ki, hər bir jurnalistin hansısa xarici dil bilməsi mütləqdir. Odur ki, boş vaxtım olan kimi, ingilis dili ilə məşğul oluram. Kurslar dayandığından özüm kitablar oxuyur, filmlərə baxıram. İngilis dilini bilən həmkarlarla onlayn da olsa ingiliscə danışırıq. Pandemiya dövrü bitəndən sonra istirahət etməyi düşünürəm. ”
Pandemiya dövrünün jurnalistikamıza gətirdiyi yeni təcrübə
Dünyanı qəfil yaxalayan COVID-19 pandemiyası KİV-in iş fəaliyyətinə böyük təsir göstərdi. Bu təsir Azərbaycan mediasında özünəməxsus şəkildə biruzə verdi.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirirb ki, pandemiya dövründə yeni bir reallıqla üzləşdi. Çap mətbuatının fəaliyyətində müəyyən fasilə yarandı və bu səbəbdən online media və sosial media ön plana keçdi:
"Mövcud şəraitdə ən müsbət cəhət isə bu idi ki, vəziyyətlə bağlı hər gün operativ məlumatlar yayılır, canlı yayımlar təşkil olunur. Əhalinin narahat olmaması üçün maarifləndirici materiallar verilir, virusdan qorunmağın yolları göstərilir. Jurnalistlər öz həyatlarını riskə ataraq koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu şəfa ocaqlarından müsahibələr hazırlayır. Hətta indi demək olar ki, kütləvi informasiya vasitələri risklərlə bağlı təsəvvür formalaşdıran və cəmiyyəti öz sağlamlığını qorumağa kökləyən vasitə kimi ictimai səhiyyənin əsas elementlərindən biridir".
Təşkilat rəhbərinin fikrincə, bu dövrdə Azərbaycan mediası, xüsusilə də mətbuatı öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Jurnalistlər ölkədəki real vəziyyəti, təhlükəni və Operativ Qərargahın verdiyi qərarları, təlimatları cəmiyyətdə çatdırmaqdadır.
Bundan başqa, pandemiyanın təsir etdiyi sahələrlə bağlı mövzular işlənilməsi, televiziyalarımızın bu işdə fəallığı xüsusi qeyd edilməlidir. Lakin problemlər də var: "Amma bəzi məqamlarda sosial mediada ictimaiyyəti çaşdıra biləcək, subyektiv fikirlərə söykənən yanlış məlumatlar yayılırdı. Bu kimi həssas dönəmlərdə diqqətli olmaq lazımdır. Təbii ki, bunlar da zamanla öz həllini tapdı. Auditoriyaya yalnız reallığı əks etdirən informasiyalar verilməlidir. Birmənalı olaraq rəsmi dövlət qurumlarının yaydığı məlumatlara əsasən fikrimizi ifadə etməliyik. Hesab edirəm ki, Azərbaycan mətbuatı müəyyən mənada vahid prinsip ortaya qoya bildi.”
COVİD-19-la bağlı informasiya axının kifayət qədər bol olduğunu bildirən Ayaz Mirzəyev sosial mediada yayıılan saxta məlumatların olmasından, pandemiya zamanı dezinformasiya cəhdlərinin səviyyəsi kəskin şəkildə artmasından danışdı: "Bu da cəmiyyətə ilk vaxtlar daha çox mənfi təsir göstərdi. Çünki media ilk vaxtlarda bu çətinliklərlə tam bacara bilmədi. Bu həm beynəlxalq mediada müşahidə olundu, həm də bizim mediada. Bununla belə ümid edək ki, media pandemiya ilə bağlı çağırışlara cavab verə biləcək. Çünki jurnalistlər indi cəmiyyətdəki rollarını daha yaxşı bilirlər. Əminəm ki, peşəkar jurnalistika "saxta xəbər”-lərlə döyüşdə qələbə qazanacaq.”
"Pandemiya dövrü jurnalistikamıza hansı təcrübəni qazandırdı?” - sualına cavab olaraq Ayaz Mirzəyev bildir ki, vaxtilə smartfonlarla edilən çəkiliş , qeyri-peşəkar bir iş kimi qəbul edilirdi. Amma indi media nümayəndələri insanlara müraciət edir, necə yaşadıqlarını və üzləşdikləri problemləri çəkib göndərmələrini xahiş edir: "Hətta indi həm xarici ölkələrdə, həm də bizim ölkəmizdə media təmsilçiləri pandemiya dövründə sosial mediadan konkret olaraq insan hekayələrini əldə etmək üçün yararlanırlar. Jurnalistlər sadə insanlar, ekspertlər və hətta rəsmi şəxslərlə Zoom vasitəsi ilə müsahibələr götürür və onlardan xahiş edirlər ki, mümkünsə, hospital və qayğı evlərindən çəkiliş aparsınlar, nəyin necə olduğunu göstərsinlər. Bəzi jurnalistlər onlayn şəkildə evdə işləyir. Onlayn brifinqlər və mətbuat konfransları keçirilir. Bax bütün bunlar jurnalistlər üçün yeni bir təcrübədir. "
Pandemiya qurbanları olan jurnalistlərin xatirəsi daim anılacaq
Pandemiya dövrü dünya mediası, eləcə də 145 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan jurnalistikası üçün itkisiz ötüşmədi. Koronavirusa yoluxmuş jurnalistlər arasında bu ölüm-dirim savaşından sağ çıxanlar da oldu, təəssüf ki, həyatını itirənlər də.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli öz facebook səhifəsində məlumat verib ki, beynəlxalq təşkilatların hesabatlarına görə, iyun ayının sonlarına doğru dünyada COVID-19-a yoluxub həyatını itirən jurnalistlərin sayı 137 nəfərə çatıb. Ümumi yoluxanların sayı isə 1200 nəfərə yaxındır. Ölüm halları daha çox 31 ölkə üzrə qeydə alınıb. Bu hesabatlarda iyun ayına əsasən ölkəmizdə 18 nəfərin COVID-19-a yoluxması, bir sıra media nümayəndələrimizin həyatını həyatını itirməsi qeyd edilib.
Uzun illər "Kommunist” qəzeti, "Azərbaycan” qəzetində çalışmış tanınmış fotoqraf Fərman Bağırov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin, (AzTV) ictimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nemətzadə və həmin telekanalın Kinoproqramlar və dublyaj baş redaksiyasının baş redaktoru Etibar Babayev təəssüf ki, pandemiyanın qurbanı oldular.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev COVID-19 pandemiyasını müharibə ilə müqayisə edir. Bildirir ki, bütün təhlükələrə baxmayaraq, qaynar nöqtələrdə, digər ekstremal şəraitdə olduğu kimi, dünya jurnalistləri pandemiya dövründə, karantin şəraitində fasiləsiz olaraq öz peşə borcunu yerinə yetirirlər, onlar arasında virusa yoluxanlar, həyatını itirənlər də var:” Əlbəttə, istər ölkəmizdə, istərsə də digər ölkələrdə dünyasını dəyişən jurnalistlər daim öz həmkarları tərəfindən anılacaq, onların xatirəsi əziz tutulacaq. Bu əsnada onların xatirəsinə xüsusi filmlərin, rəsm sərgilərinin, kitab nəşrlərinin və çalışdıqları media orqanında onların adına xüsusi mükafatların da elan olunması arzu olunandır və elə onların həmkarları tərəfindən də bu təşəbbüslər əminəm ki, dəstəklənəcəkdir.”
Əfsanə BAYRAMQIZI
Şərhlər