Azərbaycanın özəl tibb müəssisələrində qeyri-rəsmi əməkhaqları geniş tətbiq olunur. Bu barədə məlumatı Report Vergilər Nazirliyinə istinadən yayıb.
Məlumata görə, bu ilin iyun ayında özəl klinikalarda 1 işçiyə ödənilən orta aylıq əməkhaqqının rəsmi məbləği 349 manat olub. Reallıqda isə tibb işçiləri dəfələrlə yüksək maaş alırlar. Bu məbləğ bir sıra hallarda on minlərlə manatla ölçülür.
"Uçot intizamının aşağı olması səbəbindən tibb sahəsində vergidən yayınma riskləri yüksəkdir. Təqdim olunan tibbi xidmətlərin dəyərinin böyük hissəsini həkimlərə ödənilən qeyri-rəsmi əmək haqqı təşkil edir. Buna görə də tibb müəssisələri onların gəlirlərini formalaşdıran xidmətin dəyərindən vergilərin ödənilməsində maraqlı olmurlar. Bu isə o deməkdir ki, qanunvericiliyin pozulması halları təsadüfi deyil, bilərəkdən baş verir", - deyə Nazirlik bəyan edib.
Özəl tibb müəssisələrində qeyri-rəsmi əməkhaqlarının tətbiqi ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, əmək müqaviləsinin bağlanması ilə bağlı qanunvericiliyin pozulmasına görə həm fiziki şəxslərə, həm də hüquqi şəxslərə qarşı ciddi cərimələr nəzərdə tutulur:
"Bu hal ikinci dəfə təkrarlanarsa, ikiqat böyük məbləğdə cərimələr var. Bu hal üçünücü dəfə təkrar edilərsə, qanunvericilik imkan verir ki, araşdırma aparılsın və iri maliyyə sanksiyalarından hüquqi məsuliyyətə cəlb olunmağa qədər gedilsin. Ona görə bunun yoxlanılması daha ciddi şəkildə aparılmalıdır və bu, sorğu şəklində, monitorinq şəklində və digər metodlarla ola bilər".
O bildirib ki, bəzi özəl klinikalarda həkimlərə minimum əmək haqqından bir az yüksək əmək haqqı yazırlar: "Amma əslində onların ay ərzində aldıqları maaş bundan 20 dəfə, bəzən hətta 30 dəfə çox olur. Bu da külli miqdarda vəsaitin vergidən yayınmasına səbəb olur. Bu, çox ciddi məsələdir. Vergilər Nazirliyi təkcə özəl tibb müəssisələrini deyil, bəzi özəl sektor müəssisələrini də, əsasən restoran-kafeləri də diqqətdə saxlamalıdır. Bir sıra restoran-kafelərin rəhbərlərinə və yaxud menecerlərinə rəsmi olaraq aşağı maaş yazılır, amma qazancları dəfələrlə artıqdır. Yeri gəlmişkən, özəl sektorda gəlir vergisi də ləğv olunub. Burada vergidən yayınma əslində Dövlət Sosial Müdafiə Fonduna köçürülməli olan vəsaitin azaldılması ilə yadda qalır".
Ekspert qeyd edib ki, özəl klinikalarda vergilər tam şəkildə ödənilsə, tibbi xidmətlərin qiymətlərində artım ola bilər:
"İndi vergidən yayınma hesabına, maaşların aşağı göstərilməsi hesabına tibbi xidmətlərin qiymətlərində müəyyən tənzimləməyə gedirlər. Vergilər artsa, ya tibb müəssisəsi özü bu artımı üzərinə götürməlidir, ya da həkimlər bununla razılaşmalıdırlar. Çox güman ki, tibbi xidmətlərdə qiymətlərin qaldırılması yolu ilə bu məsələni tənzimləməyə çalışacaqlar, yəni belə bir ehtimal var".
Özəl tibb müəssisələrində tibbi xidmətlərin qiymətinin tənzimlənməsi mümkündürmü sualına ekspert belə cavab verib: "Dövlətin qiymətləri tənzimləməsi mümkün deyil, çünki bu, artıq özəl sektorun işinə müdaxilə, bazar iqtisadiyyatı qaydalarının pozulmasına səbəb ola bilər. Amma rəqabət mühitinin yaxşılaşdırılması nəticəsində, yəni daha çox və daha rəqabətə davamlı müəssisələrin yaradılmasının təşviq olunması yolu ilə bu sahədə kifayət qədər oyunçuların sayı artsa, rəqabətli mühit yaransa, bu zaman qiymətlərin bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq tənzimlənməsi baş verə bilər. Amma dövlətin müdaxiləsi hər bir halda özəl sektorun məntiqinə ziddir".
"Dövlət sadəcə müəyyən güzəştlər və yaxud da təşviq proqramları ilə qiymətlərin tənzimlənməsini təşviq edə bilər. Məsələn, aztəminatlı ailələrə və yaxud təqaüdçülərə xidmət göstərən tibb müəssisələrinə vergi güzəştləri olsa, bu zaman dövlət təşviq mexanizmləri vasitəsilə qiymətlərin tənzimlənməsində iştirak edə bilər. Amma dövlətin qiymət təyin etməsi özəl sektorun məntiqinə uyğun deyil və effekt də verməyəcək"- deyə Cəfərli əlavə edib.
Şərhlər