Xəbər lenti

Siyasət 23:58 26.10.2019

Parlament partiyaları bələdiyyə seçkilərinə gedəcək?

Hər 5 ildən bir keçirilən bələdiyyə seçkiləri bu il dekabr ayının 23-də baş tutacaq.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə indiyə qədər MSK-ya cəmi iki partiya - Yeni Azərbaycan Partiyası və Demokratik İslahatlar Partiyası müraciət edib ki, onlar da parlamentdə təmsil olunan siyasi təşkilatlardır.

Bəs Milli Məclisdə təmsil olunan digər partiyalar da bələdiyyə seçkilərində iştirak edəcəkmi?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Modern.az-a seçkilərdə iştirak edəcəklərini bildirib:

"Partiya builki bələdiyyə seçkilərinə iştirak edəcək. Tezliklə bununla bağlı partiyanın Ali Məclisində qərarın qəbul edilməsi gözlənilir”.

Böyük Quruluş Partiyanın sədri Fazil Mustafa qeyd edib ki, onlar da bu il seçkilərdə iştirak edəcək:

"Bizim sənədlərimiz artıq MSK-ya təqdim olunub. Seçkilərdə aktiv iştirak edəcəyik”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bələdiyyə seçkilərində iştirak edəcəklərini bildirib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da partiyalarının seçkilərdə iştirak edəcəyini bildirib:

"Hələ ki hazırlıq işləri gedir. Namizədlərimizi müəyyənləşdirdikdən və proses bitdikdən sonra MSK-ya müraciətimizi bildirəcəyik”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib ki, builki seçkilərdə onlar da iştirak edəcək:

"Partiyamız seçkilərdə iştirak edəcək. Biz artıq MSK-ya müraciətimizi etmişik”.

Milli Məclisdə təmsil olunan Ana Vətən Partiyası, Azərbaycan Sosial Rifah Partiyası və Vətəndaş Birliyi Partiyasının mövqeyini öyrənmək mümkün olamyıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?