Parlamentin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov Modern.az-a açıqlamasında qeyd edib ki, jurnalist təşkilatları yaradıcı qurumlar olsalar da, bədii yaradıcılıq təşkilatları deyil. Deputatın bu fikri jurnalistlər tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Modern.az jurnalistlər və jurnalist təşkilatlarından münasibət öyrənməyə çalışıb.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deputat Nizami Cəfərovun bu fikri ilə heç də razılaşmadığını qeyd edib.
“Nizami Cəfərov bunu 10 il əvvəl də deyib, eyni fikirdə də qalır. O zaman onun səsləndirdiyi fikrin əleyhinə olmuşdum, onunla söhbətlərimdə də demişəm ki, yanlış fikirdədir. Əgər jurnalist təşkilatları elmi birlikdirsə, ona qalsa Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı da eyni dərəcədə heç bir yaradıcılıqla məşğul olmur. Həmin təşkilatların olmasına normal yanaşıram, bu mənada ki, onlar həmin peşə sahibləri üçün bir qrupdur, ən azından həmkarlar təşkilatıdır. Sadəcə çox təəssüf ki, Azərbaycanda həmkarlar təşkilatı kimi adı olub, özü olmayan bir qurum var. Həmkarlar təşkilatı dövlətin əlinə baxırsa, deməli bu heç bir həmkar təşkilatı deyil”.
Deputatın fikri ilə razılaşmayan Elçin Şıxlı bildirib ki, N.Cəfərov da əvvəllər jurnalist kimi fəaliyyət göstərib, yazılar yazıb.
“Onda o, yaradıcı olmayıb? “Ədəbiyyat qəzeti”nə, “Ayna” qəzetinə yazılar verirdi, yaradıcı deyildi? Çox təəssüf ki, “yuxarı”dan hansı komanda gəlirsə, hamı da o komandaya uyğun hərəkət edir. Mədəniyyət komitəsinin tərkibində digər millət vəkilləri də var. Əgər onlar da Nizami Cəfərov kimi düşünürlərsə, deməli bizdə tam kommunizmdir. Çünki heç kimin öz müstəqil fikri yoxdur və heç müzakirə belə, edilmir. O zaman vay bu cəmiyyətin halına!”.
Elçin Şıxlı millət vəkilinin rəssamlar, bəstəkarlar, yazıçılara aid təşkilatların dərin olması fikrinə isə belə cavab verib.
“Nizami Cəfərovun nəzərinə çatdırıram ki, Azərbaycan Jurnalistlər İttifaqı 1959-cu ildə qurultayını keçirib, aparıcısı və bu işlərin təşkilatçısı mərhum yazıçımız Şıxəli Qurbanov olub. Əgər Şıxəli Qurbanov yaradıcı adam deyildisə, nə üçün Jurnalistlər İttifaqının yaradılmasında fəallıq nümayiş etdirib? Azərbaycan Jurnalistlər İttifaqının 50-dən çox yaşı var”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə Nizami Cəfərovun sözündə böyük həqiqətin olduğunu deyib. “Jurnalist təşkilatları QHT kimi qeydiyyatdan keçirlər. Buraya yaradıcı işlərdən daha çox jurnalistika sahəsində nəzəri məsələlər, jurnalistikaya dair elmi işlərin araşdırması, təbliği, təşviqi daxildir. Amma bu o demək deyil ki, bizim işimizdə heç də yaradıcı element yoxdur. Amma bütövlükdə hər hansı jurnalist təşkilatını Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və digərləri ilə bir qrupa salmaq doğru olmaz, çünki onların bilavasitə işləri yaradıcılığa söykənir”.
“525-ci qəzetin” baş redaktoru Rəşad Məcid bildirib ki, Mədəniyyət komitəsində yaradıcı təşkilatlar deyəndə Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı və s. bədii yaradıcılıqla məşğul olanlar nəzərdə tutulur. Jurnalist təşkilatları ayrıdır və o qanunla tənzimlənmir.
”Jurnalist təşkilatları ictimai təşkilatlarla dair qanunla tənzimlənir və Nizami Cəfərovun bu fikrində təəccüblü bir şey yoxdur”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Baboğlu hesab edir ki, əgər yaradıcı şəxslər və yaradıcı təşkilatlar haqqında xüsusi qanun layihəsi hazırlanırsa, orada Azərbaycan jurnalistlərini də yaradıcı şəxs kimi səciyyələndirərək, o kateqoriyaya daxil edilməsi ədalətli və yerində olardı.
“Çünki əgər yaradıcıılıq ittifaqlarının içərisində Rəssamlar İttifaqı, Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı gedirsə, hesab edirəm ki, Azərbaycan jurnalistləri də yaradıcılıqla məşğuldur. Tutaq ki, bədii publisistika, siyasi publisistika bədii yaradıcılığın bir qolu kimi Azərbaycanda olduqca məşhurdur. Ayrıca Azərbaycan mətbuat tarixinə nəzər salsaq görərik ki, dahi bəstəkar olan Üzeyir Hacıbəyov həm də jurnalist idi və bu, onun yaradıcılığı idi. Azərbaycanın böyük yazıçısı Cəlil Məmmədquluzadə həm də jurnalist idi. Bu siyahını uzatmaq olar. Jurnalistlər də cəmiyyətin yaradıcı kateqoriyasında qiymətləndiriləcək insanlarıdır, yaradıcı intellektual zümrəsidir. Məncə jurnalistlərin də yaradıcı şəxslər və yaradıcı ittifaqlar kateqoriyasında olması çox yaxşı və ədalətli olardı”.
Qaynar.info
Şərhlər