Xəbər lenti

Paşinyan indi də “ağsaqqal” olmaq istəyir?..
Hüseynbala Səlimov
Siyasət 10:03 14.08.2023

Paşinyan indi də “ağsaqqal” olmaq istəyir?..

Bələdiyyə və yaxud mer seçkiləri adətən xarici maraq kəsb etmirlər. Düzdür, bu qaydadan istisnalar da olur. O halda ki, söhbət böyük ölkələrdən yox, əksinə kiçiklərdən gedir. O halda ki, bələdiyyələr və yaxud da meriya institutları özləri hansısa məzmun kəsb edirlər. Və o halda ki, digər səviyyələrə seçkilər kimi bələdiyyə və ya mer seçkiləri də saxtalaşdırılmır.

Bütün bu dediklərimizin elementlərini indiki Ermənistanda qismən də olsa, tapmaq olar. 

Hazırda Ermənistan hakimiyyəti və cəmiyyəti sentyabrda İrəvanda keçiriləcək bələdiyyə və mer seçkilərinə hazırlaşır. Xüsusən də baş nazir Nikol Paşinyan prosesə hamıdan çox can yandırır. Hətta baş nazirin paytaxtın "ağsaqqallar şurası”na da başçılıq etmək fikrində olduğu bildirilir. Soruşula biilər ki, bu, nə vurnuxmadır, haylar niyə yenə belə əldən–ayaqdan gedirlər? 

Birincisi, baş nazir Nikol Paşinyan seçkiləri saxtalaşdıra bilərdi və bununla da iş tamam bitərdi, daha əldən-ayaqdan getməyə dəyməzdi. 

Amma erməni baş naziri bunu etmək niyyətində deyil, əskinə Nikol Paşinyan sentyabr seçkilərində özünə və rəhbərlik etdiyi siyasi cinaha cəmiyyətin əsl münasibətini bilmək istəyir, ona görə də seçkiyə hamıdan çox hazırlaşır. 

İkincisi, hazırda paytaxt İrəvan elə Ermənistan deməkdir, ölkənin əhalisinin böyük əksəriyyəti məhz burada yaşayır: bəli, indi kim paytaxtı idarə edirsə, o, da ölkəni idarə edir...

Paşinyan bu səbəbdən də vurnuxmadadır. Amma bizim də marağımızdadır ki, indiki erməni baş nazirinin hakimiyyəti nisbətən güclənsin. Əgər belə olsa, Bakı ilə İrəvan arasında anlaşma ehtimal ki, artacaq. Biz daim deyirik ki, Nikol çox ziddiyyətli adamdır - bir gün bir söz deyir, sabah başqa! Bunun da səbəbi odur ki, o, da ilk növbədə ermənidir və Ermənistan üçün çalışır. Amma o, başqalarından daha çox anlayır ki, ölkəsi heç də həmişə haqlı deyil, Bakı  və Ankara ilə sülh zəruridir. Ona görə də arabir erməni siyasi mühiti üçün konstruktiv və bəzən hətta gözlənilməz sayıla biləcək siyasi bəyanatlarla da çıxış edir. Əlbəttə, bunlar bir qayda olaraq epizodik olur, dərhal da Paşinyanın "erməni damarı tutur” və o, tamam əks şeylər sarsaqlamağa başlayır.   

Fəqət, epizodik olsa da, bunu etmək elə də asan məsələ deyil. Vaxtilə bir məqaləyə görə birinci erməni prezidenti Levon Ter-Petrosyan hakimiyyətlə vidalaşmalı olmuşdu! Paşinyan hərdən bundan da sərt bəyanatlar verir. Amma hələ ki hakimiyyətdədir. Ona görə də sentyabrda İrəvanda keçiriləcək seçkilər çox şeyi göstərəcək. İnsanlar Paşinyanın rəhbərlik etdiyi siyasi cinaha səs versələr, erməni baş naziri əlavə mandat alacaq və ola bilsin ki, belə hal Azərbaycan-Ermənistan proseslərinə də impuls verəcək.

Azərbaycanda Nikol Paşnyana münasibət çox müxtəlifdir. Bir hissə hesab edir ki, erməni baş naziri heç vaxt Azərbaycanla sülh sazişi imzalamayacaq. Digər bir hissə düşünür ki, Nikol bunu etməyə sadəcə ehtiyatlanır – təkcə hakimiyyətindən yox, özündən də qorxur. Nəhayət, üçüncü hissə hesab edir ki, Paşinyan gec-tez sazişi imzalayacaq. İndi o, sadəcə, öz cəmiyyətini buna hazırlamaqla məşğuldur. 

Bəs real vəziyyət necədir? Birmənalı şəkildə cavab vermək çətindir. Sadəcə, demək olardı ki, o, mövcud erməni siyasətçiləri arasında ən konstruktividir. Hakimiyyətə gələndən bütün siyasi notları yoxladı. Hətta keçmiş Dağlıq Qarabağda separatçılarla yallı getdiyi vaxtlar da vardı. Düşünmək olardı ki, İkinci Qarabağ savaşından sonra onu devirəcəklər. Amma belə olmadı. Belə məlum oldu ki, erməni cəmiyyəti avantürüst revanşistlərə yox, Nikola dəstək verirlər. Paşinyan sentyabrda bir daha buna əmin olmaq istəyir. Bu da çox təbiidir. Amma erməni baş naziri anlamalıdır ki, "nə sülh, nə də müharibə” vəziyyəti erməni cəmiyyətini əbədi qane edə bilməz, insanlar ondan qəti sülh addımları gözləyirlər. 

Əgər Nikol Paşinyan bir müddətdən sonra hakimiyyətdən getsə, bu, heç də birmənalı şəkildə o demək olmayacaq ki, cəmiyyət revanşistlərin tərəfinə keçib, yox, bu, o demək olacaq ki, Nikol insanların gözlədiyi qəti sülh addımlarını ata bilmədi...

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->