Xəbər lenti

Ekonomiks 15:19 12.06.2021

Perspektiv gözləntilər: aşağı pensiya yaşı, üç günlük iş həftəsi (ŞƏRH)

"Qlobal trendləri nəzərə alsaq, Azərbaycanda pensiya yaşının azaldılması məntiqli olardı".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin Azərbaycanda pensiya yaşının aşağı salınması ilə bağlı təklifini şərh edərkən deyib. Onun sözlərinə görə, pensiya yaşını artırmaqla iş yerləri ilə bağlı yarana biləcək problemlərin qarşısı alınıb:



"Əslində Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı qərar bu yaxınlarda qəbul olunub. Bəlli bir alqoritm də hesablanmışdı, hər il pensiya yaşı 6 ay artırılırdı. Hədəf olaraq 65 yaş kişilərdə, 63 yaş isə xanımlarda pensiya yaşının götürülməsi nəzərdə tutulurdu. Doğrudan da  Azərbaycanda yaşam yaşının çox da yüksək olmadığını nəzərə alsaq, təqaüdə çıxıb və sonradan uzun müddətə pensiya alan vətəndaşların sayı inkişaf etmiş ölkələrə nisbətən xeyli azdır. Əvvəllər pensiya yaşının artırılmasının məntiqi ondan ibarət idi ki, iş yerləri ilə bağlı müəyyən problemlər yaşanır, demoqrafik dalğaları nəzərə alaraq pensiya yaşını artırmaqla iş yerlərində boşluqların qarşısını alınmağa çalışılır. Yəni dünyada da belə bir trend var idi. Bu trend bəzi Avropa ölkələrində bu gün də var və anlaşılandır. Orada doğuş səviyyəsi aşağıdır, demoqrafik vəziyyət çətindir".

Natiq Cəfərlinin fikrincə, Azərbaycanda belə bir problem yoxdur:

"Bizdə işçi qüvvəsi deyil, əksinə işsizlik problemi var. Çoxlu sayda insan işsizdir. Ona görə pensiya yaşının Azərbaycanda artırılması ancaq Sosial Müdafiə Fondunun vəsaitlərinə qənaət edilməsi kimi anlaşılır ki, bu da doğru yanaşma deyil. Ola bilər ki, hökumətdə yeni təkliflər hazırlanır. Bununla bağlı rəsmi məlumatlar yoxdur. Amma belə bir təkliflə çıxış eləsələr, pensiya yaşını aşağı salsalar, bu, Azərbaycan reallığında normal qarşılanmalıdır. Bizdə pensiya yaşının yuxarı qaldırılmasına ehtiyac yoxdur".
  
Natiq Cəfərli növbəti bir məsələnin qlobal trend olduğunu vurğulayıb:

"Ümumiyyətlə, dünyada əl əməyindən istifadə, işçilərin istifadəsi getdikcə azalacaq. Yeni texnologiyaların iqtisadiyyata cəlb olunması dünyada əmək bazarında vəziyyətin yaranmasına səbəb olacaq və çoxlu sayda işci qüvvəsinə ehtiyac qalmayacaq. Ona görə dünyada həftədə 3 günlük iş rejiminə keçməklə bağlı bir çox ölkələrdə müzakirələr gedir. Hətta bəzi ölkələrdə də bunun tətbiqinə başlanılıb".

Qeyd edək ki, Milli Məclisin iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev pensiya yaşı ilə bağlı təklif səsləndirib. O, "Azərbaycanda orta yaş aşağıdır. Buna görə də Azərbaycanda pensiya yaşını aşağı salmaq lazımdır", - deyə bildirib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->