Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının son turu çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı bəyanat yayıb.
Qaynarinfo xəbər verir ki, qurum görüş zamanı ictimai asayişi pozan şəxslərin cəzalandırılacağını vurğulayıb.
Həmçinin azarkeşlərin stadion turniketlərində polislər tərəfindən yoxlanılacağı da yazılıb: "Son günlər sosial şəbəkələrdə Topaz Premyer Liqasının 11 mayda keçiriləcək sonuncu turunun "Neftçi” – "Qarabağ” qarşılaşması ilə bağlı xoşagəlməz müzakirələr edilməkdədi. Ölkə çempionatının keçirilməsinə cavabdeh olan Peşəkar Futbol Liqası bəyan edir ki, görüşdən əvvəl və ya sonra, oyun ərzində, ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq. Oyuna gələn şəxslər stadion turniketlərində polislər tərəfindən yoxlanılacaq. Stadiona hər hansı qanunazidd əşyalar, təhqiredici və qıcıq yaradacaq pankartlar, plastik qablar, alışqan keçirtmək qadağandır və qeyd olunanlar polislər tərəfindən alınacaq. Bu kimi halları nəzərə alan Peşəkar Futbol Liqası oyuna ən azı 2 saat öncədən gəlməyinizi, diqqətli olmağınızı, rəqib azarkeşlərə hörmət etməyinizi xahiş edir".
PFL həmçinin fanatlara birlik mesajı da verib: "Qarşıda "Neftçi” və "Qarabağ”ı, eləcə də digər komandalarımızı avrokuboklarda ciddi sınaqlar gözləyir. Azarkeşlərimiz məhz bu gündən bir olub, komandalarımızı beynəlxalq miqyasda dəstəkləməlidirlər. Biz nəyə qadir olduğumuzu bir yumruq kimi Avropa meydanlarında göstərməliyik".
Eyni zamanda o da bildirilib ki, oruc tutan şəxslər üçün stadionda "Neftçi” klubu tərəfindən xüsusi yerlər hazırlanacaq.
Şərhlər