"Piştaxtalarda bütün qaydalara əməl olunması üçün ticarətdə inqilab olmalıdır"

Məhsulun müəyyən forma alması üçün kimyəvi qatqıların istifadəsi zamanı standartlara riayət edilməsə, bu, ciddi bəlalar törədə, hətta irsi dəyişkənliyə səbəb ola bilər.
 
Bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (QTA) qənd istehsalında tekstil sənayesində və kağız istehsalı müəssiələrində istifadə edilən ağardıcıdan istifadə edildiyi barədə məlumatını şərh edən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov Sputnik Azərbayan-a deyib.

Qeyd edək ki, QTA-nın keçirdiyi monitorinqlər zamanı bir sıra qənd istehsalı sexlərində istifadə olunan maddənin xarici görünüşünün tozşəkilli, kəskin, spesifik iyli, tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən və insan orqanizmi üçün təhlükəli olan natrium ditionit (Na2S2O4) maddəsi olduğu aşkarlanıb. Qeyd olunan maddənin əsasən tekstil sənayesində və kağız istehsalı müəssiələrində ağardıcı kimi istifadə olunduğu müəyyən edilib. Bu cür hallar məhsul alarkən alıcıları diqqtəli olmağa vadar edir. Bəs alıcı qida məhsullarını alarkən bunun saxta, yoxsa qida üçün yararlı olduğunu necə müəyyən edə bilər? 

İbrahim Əhmədov sözügedən maddənin bir formasının tekstil, digər formasının isə qida sahəsində istifadə edilə biləcəyini deyib:  

"Necə ki, bəzi plastik qabların üzərində isti məhlulu tökmək olmaz yazılır, bəzilərində əksinə, buna icazə verilir. Səhiyyə orqanları tərəfindən icazə verilən xüsusi ağardıcı maddələr var. Bu ağardıcı maddələrdən istifadəyə görə, məhsulun hər tonu üçün müəyyən miqdar tənzimlənməlidir. Tənzimlənmə və buna nəzarət olmadıqda, insan səhhətində müəyyən fəsadlar ortaya çıxa bilər. Bu amil eyni zamanda zəhərlənməyə də səbəb ola bilər. İstehsalçıların çoxu kobud dildə deyirlər ki, "İran poroşoku" qatırıq. Yəni məhsulun müəyyən forma alması üçün müxtəlif kimyəvi qatqılardan istifadə olunur. Sadəcə bunun üçün standartlara riayət etmək lazımdır. Əks halda ciddi bəlalar törədə bilər, hətta irsi dəyişkənlik də yarana bilər."

Ekspertin sözlərinə görə, məhsulların köhnə, yeni və saxta olub-olmadığını müəyyənləşdirmək o qədər də çətin deyil. İlk olaraq onun rənginə və qoxusuna fikir verərək məhsulun saxta olub-olmadığının ayırd etmək mümkündür. Lakin məhsulun tərkibindəki müəyyən qarışıqları bu yolla təyin etmək mümkün deyil. Onların tərkibini yalnız laboratoriya şəraitində aşkarlamaq olar. Ancaq ətin, süd məhsullarının köhnə olduğunu bilmək üçün laboratoriyasız da keçinməz mümkündür. 

"Məhsulu tanımaq üçün alıcı nə etməldir" sualına cavab olaraq həmsöhbətimiz deyib ki, məhsulların saxlanması üçün standartlar var. Məhsulun tərkibində olan qatqıların adları onun etiketində də əksini tapmalıdır. Laboratoriyada hansısa qatqıdan istifadə edildiyi, lakin məhsulun üzərində yazılmadığı müəyyən olunarsa, bu zaman istehsalçı şəxs kəskin cəzalandırılmalıdır. Bundan başqa məhsulların istehsal müddəti də üzərində mütləq yazılmaldır.

"Amma bəzi məhsullar var ki, onların hər kiloqramının üzərində istifadə müddətinin yazılmasına ehtiyac yoxdur. Sadəcə olaraq istehlakçı istədikdə satıcı bu məhsulların qaiməsini təqdim etməlidir. İstifadə müddəti başa çatan məhsullar isə satışdan yığışdırılmalıdır", - deyə o, əlavə edib.

Bəs, üzərinə istehsal müddəti yazılmayan və çəki ilə satılan məhsulların istifadə tarixi haqda necə məlumat almalıyıq?

İ.Əhmədov deyir ki, adətən istifadə müddəti tez xarab olan məhsulların üzərində yazılır. Çörəyin, yumurtanın üzərində tarixin yazılmasına ehtiyac yoxdur. Kilo ilə satılan şokoladlara gəldikdə isə, bunun üçün alıcı satıcıdan məhsulun faktura kağızını tələb edə bilər: "Bundan başqa, alıcı bu məhsulları rənginə, parlaqlığına görə fərqləndirə bilər".

Bununla belə, tibbi ekspert əlavə edib ki, piştaxtalarda bütün qaydalara əməl olunması üçün ticarətdə inqilab olmalıdır.
XƏBƏRLƏR
BLOGLAR