Xəbər lenti

Polad Həşimovla döyüşən əsgər gizlinləri açdı: Birinci yanacaq maşınını vurdular, sonra...
Foto 16:44 17.10.2021

Polad Həşimovla döyüşən əsgər gizlinləri açdı: Birinci yanacaq maşınını vurdular, sonra...

Qarabağ hadisələrindən danışanda insanlar həmişə sual verirdi ki, Allah, ədalətin harada qaldı... Bəzən bizə elə gəlirdi ki, Allahın ədaləti gecikib, amma Allah hər bir xalqa fürsət verir ki, özünü toparlasın, öz intiqamını alsın. 44 günlük müharibədə dünya birliyinin 30 il susduğu ədalətsizliyə Azərbaycan əsgəri son qoydu. Torpaq uğrunda döyüşən, canını könüllü sürətdə Vətəninə və millətinə qurban deyən əsgər və zabitlərimizin bütün qüdrəti məhz ədalət duyğusunda gizlənmişdi. Ədalət duyğusu olmayan əsgərin köksündə nə vətən sədaqəti, nə də intiqam hissi kök sala bilər.

Qaynarinfo publika.az-a istinadən Vətən müharibəsinin qəhrəman müəllimi Ağadadaş Dadaşovun müharibə xatirələrini təqdim edir:

Dosye: İkinci Qarabağ müharibəsində döyüşən igid qəhrəmanlarımızdan biri olan Ağadadaş Dadaşov 1994-cü ildə Quba rayonunun Alpan kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra o, 2016-2017-ci ildə Hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib və təyinatla Qubanın ucqar dağ kəndi Xaltanda 3 il Coğrafiya müəllimi işləyib. Ondan sonra yerdəyişmə ilə Aplan kənd məktəbinə işə düzəlib. Orduya könüllü yazılan A.Dadaşov 14 Oktyabrda rayon komissarlığına çağırılıb. O, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərdə gedən döyüşlərdə iştirak edib. Prezidentin sərəncamı ilə Xocavəndin və Füzulinin azad olunmasına görə medallar ilə təltif olunub.

Polad Həşimovla Aprel döyüşləri

Hərbiçi olmaq A.Dadaşovun uşaqlıq arzusu olsa da, evin tək oğlu olduğu üçün ailəsi onun hərbiçi həyatı yaşamasını istəməyib:

"Hərbi xidmətim Aprel döyüşlərinə təsadüf edib. Həqiqi hərbi xidmətdə olduğum müddətdə Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Qalibiyyətin ilk dadını elə 2016-cı ildə dadmışam, Ordumuz müəyyən əraziləri azad etmişdi. Həmin vaxtı kiçik çavuş rütbəsində motoatıcı manqa komandiri olmuşam. Mübariz İbrahimovun şəhid olduğu postla qonşu mövqelərdə idik. Əsgər yoldaşımlarımın bəzisi orada şəhid olmuş, bəzisi isə yaralanmışdı. Bu döyüşlərin əsas xüsusiyyəti o oldu ki, mənə ilkin təcrübə qazandırdı”.

A.Ağayev bildirib ki, müharibə onun üçün mərhum generalımız Polad Həşimovun şəhid olmasından sonra başladı:

"Azərbaycan Ordusunun generalının şəhid olması mənə çox pis təsir etmişdi. General-mayor Polad Həşimov Talış istiqamətində gedən döyüşlərdə bizə rəhbərlik etmişdi. Onunla canlı ünsiyyətdə olmuşdum, eyni səngərdə vuruşmuşduq. Çox qayğıkeş insan idi, xatirələrdə əsgərin arxasında duran qəhrəman və igid bir döyüşçü kimi qalıb. Generalın ölümü bütün respublikanı sarsıtdı, eyni zamanda müharibənin başlamasına təkan verən hadisələrdən biri oldu, içimizdəki qisas hissini alovlandırdı.

Müharibənin ilk günlərində kəndimizə ilk şəhid gəldi - kapitan Aqil Məlikov. Onun dəfn mərasimi böyük coşğu ilə keçdi. Məktəbin kollektivi ilə birlikdə yardımlar toplayıb cəbhəyə göndərdik. Kənd camaatı əlində olan bir manatı da əsirgəmirdi, hətta bir cüt corab gətirib verən də var idi. O günlərdə evdəkilərin xəbəri olmadan adımı cəbhəyə könüllü yazdırmışdım.

"Döyüşə gəlmişik, bizi göndərin”

Oktyabr ayının 14-ü səfərbərlikdən zəng edib çağırdılar. Ağcabədidə N saylı hərbi hissəyə yollandıq. Bir neçə gün təlim keçdikdən sonra snayper tağım komandiri təyin olundum. Toplanış məntəqəsindən döyüşlərə hər gün müəyyən sayda əsgər və zabitlər göndərilirdi. Orda həqiqətən döyüşlərə qatılmaq istəyən minlərlə əsgər var idi. Hərbiçilər gecə yatmırdı, səlahiyyətli şəxslərin qapısını döyürdülər ki, bizi niyə burada saxlamısınız. "Döyüşə gəlmişik, bizi göndərin” deyən çox sayda oğlanlarımız var idi.

Günlərlə meşədə qaldıq

İki gün sonra həmlə taborumuz əvvəlcə Füzuli istiqamətinə irəlilədi, ermənilər yolu vurduqları üçün günlərlə meşədə qaldıq, qonşu hərbi hissədən şəhidlər verdik. 3 gündən sonra Xocavənd istiqamətində irəliləməyə davam etdik. Burada da bizim hərbi hissənin maşınları atəşə tutulmuşdu. Birinci yanacaq daşıyan maşın vurulmuşdu, böyük partlayış oldu, alov o biri maşına da keçdi. O maşında da bizimlə birlikdə səfərbərlikdən gələn hərbi qulluqçulardan biri şəhid oldu”.

Qəhrəmanımız deyir ki, Xocavənddə qızğın döyüşlər gedib:

"Orda artilleriya döyüşləri oldu. Bizim tabordan 48 nəfər şəhid oldu. Döyüşü idarə edən qərargah rəisini bu itirdik, amma onu bir neçə gündən sonra neytral zonadan çıxara bildik. Xocavəndin Dilağardı kəndində döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Tehran Mənsimov idarə edirdi, müəyyən istiqamətlərdə tapşırıqları o verirdi. 1993-cü ildən bəri ermənilər bu kənddə heç nə tikməmişdi, dağınıq xarabalıqlar idi. Darmadağın olunmuş kəndlərimizi görəndə hiss olunurdu ki, ermənilər nə bahasına olursa-olsun bu torpaqların onlardan nə vaxtsa geri alınacağını bilirdi. Evlərin içində irigövdəli ağaclar çıxmışdı, hər tərəfi istismar ediblər. Bəzi kəndlərdə donuz fermaları var idi, sadəcə bu məqsədlə istifadə ediblər, heç nə yaratmamışdılar. Füzulidən Xocavənd və Şuşa istiqamətinə gedən yol sovet dövründən çəkilən dağılmış asfalt idi. Yol çəkməmişdilər, nəinki orda infrastruktur qurmaq.

Qorxusuz adam idi

Tehran Mənsimovla canlı görüşmək imkanımız olmasa da, eşitdiklərimiz bizi həm dəhşətə gətirirdi, həm də güc verirdi. Qorxusuz adam idi, döyüşün əfsanələrindən biri idi. Komandanlıq etdiyim tağımla uzaq mənzilli snayperlə düşmənin texnikasını məhv etdik. Düşmənin atdığı mərmi partlaması nəticəsində 7 nəfər kontuziya aldı. Onlar ərazidən hospitala təxliyə olundu. Qalan şəxsi heyətlə döyüşə davam etdik”.

Həm Aprel, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısı olan igidimiz onu da vurğulayıb ki, hər tərəf erməni cəsədlərilə dolu olub:

"İrəlilədikcə cəsədləri görürdük. Hətta sülh bəyanatı imzalandıqdan sonra da onların cəsədləri günlərlə orada qalmışdı, çox gec təmizlədilər. Müharibə ağır bir prosesdir. Nə qədər ağır olsa da, insan zamanla o mühitə öyrəşirsən, sağ qalmaq üçün vəziyyətə öyrəşmək tələb olunur. İndi xatirələri həyəcan hissi ilə yada salıram, amma onda bunun fərqində deyildim. Təbii ki, qorxu hamıda olur, amma bir neçə gündən sonra hər şey adiləşməyə başlayır. Fərqindəsən ki, döyüşdəsən və burada intiqam hissindən başqa duyğulara yer yoxdur. Bilirdik ki, bir balaca psixoloji gərginliyə yol versək, həm özünə ziyan edə, məhv ola, həm də yoldaşlarını məhv edə bilərsən. Üstəlik komandirlik vəzifəsini icra edirdim”.

Silahların dayanmadan guruldadığı günlərdə soyuqqanlılığı qoruyub saxlaya bildiyini deyən döyüşçümüz onu da etiraf edir ki, sonrakı dövr heç də asan olmayıb:

"Yağışlı günlərdə meşələrdə qalmışıq, pnevmoniya olmuşdum. Qayıtdıqdan sonra xeyli müalicə almışam. Psixoloji travmalar qalıb. O hadisələri rahatlıqla danışmaq olmur. 360 nəfərlik tabordan 48 nəfərin şəhid olduğunu gözümüzlə görmüşük. Onların hər birinin siması xatirəmdədir. Bu müharibə düşmənə qarşı nifrət hissini daha da gücləndiridi. Dinc əhalini bombaladılar. Bu, artıq müharibə deyil, hərbi cinayətdir. Gəncə, Bərdə və Tərtərə atılan raketlər atmaqla Azərbaycanda ruh düşkünlüyü yaratmaq istəyirdilər. Cəhdləri baş tutmadı, əksinə əsgərlərimizin döyüşmək əzmi daha prinsipial bir mövqe aldı.

Çingiz Mustafayevin Xocalı çəkdiyi kadrlar həmişə gözümün önünə gəlirdi. Bəlkə də soyuqqanlıq o kadrların nəticəsidir. Erməni elə bir düşməndir ki, ona humanistcəsinə yanaşmaq olmur. Cinayətkar bir ölkədir, körpə uşaqların meyitini necə təhqir edə biliblər...”

Diplomat liderin müsahibələri

Nümunəvi və şərəfli müəllim adının qarşısına qəhrəman sözlərini yazdıran A.Dadaşov vətən borcunu indi də sədaqətlə yerinə yetirməyə davam edir. "Zəfər tarixi” fənnini tədris edən müəllim bu gün həm şagirdlərinin İkinci Qarabağ müharibəsi barədə ardı-arası kəsilməyən suallarını cavablandırır, həm özü kimi qəhrəman bir nəsil yetişdirir:

"Kimliyindən asılı olmayaraq, heç bir kəs bu zəfərə kölgə sala bilməz. Gündəmdə müxtəlif müxalif yönümlü fikirlər səsləndirilir. Biz onun canlı şahidləri olmuşuq. Neçə-neçə qəhrəman oğullarımız könüllü şəkildə döyüşübsə və bu haqlı mübarizədə nəticə əldə olunubsa, öhdəmizə bununla fəxr etmək düşür. 100 il keçsə belə tarixin bu qəhrəmanlıq səhifəsi unudulmamalıdır. Nəinki ölkə daxilində, xarici arenada da qələbəmizi təbliğ etməli və qorumalıyıq. Əlimizdən gəldiyi qədər şəhidlərimizin xatirəsini yaşatmalıyıq.

Ali Baş Komandan 44 günlük müharibədə xalqın kumirinə çevrildi. Bu vaxta qədər ölkədə baş verən siyasi məsələlərlə sadə vətəndaşlar maraqlanmırdı. Amma müharibədə o insanlar öz qəhrəmanlarını tanıdılar, Prezidentin müsahibələrini qaçırmadılar. Ali Baş Komandan torpaqlarımızın işğaldan azad olunmasınınm bir vaxtı var dedi və o gün gəldi. Beynəlxalq kanallara verdiyi müsahibələrdə Cənab İlham Əliyev suallara çox tutarlı cavablar verirdi. Diplomat liderin müsahibələri Vətən müharibəsi gedişatında əhəmiyyətli rola malikdir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->