Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də İranın informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvini qəbul edib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı Azərbaycan-İran əlaqələrinin çox uğurla inkişaf etdiyini və bu gün yüksək səviyyədə olduğunu deyib.
Prezident İlham Əliyev həm özünün İrana, həm də İran Prezidentinin Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq bu səfərlərin münasibətlərimizin möhkəmlənməsində rolunu qeyd edib. Xalqlarımız arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu deyən Prezident İlham Əliyev bu gün bizim dost və qardaş iki ölkə kimi əlaqələrimizin genişləndiyini vurğulayıb. Dövlət başçısı ölkələrimizin ikitərəfli əsasda imzaladığı sənədlərin uğurla icra edildiyini bildirib. Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
İnformasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvi, ilk növbədə, İran Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırıb. O bildirib ki, Prezident Həsən Ruhani Azərbaycan Prezidenti barəsində danışan zaman onu bir qardaş kimi görür və hər zaman Prezident İlham Əliyevin qurucu insan olduğunu qeyd edir.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı İran Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
Şərhlər