Ekonomiks 18:10 08.05.2021

Prezident Şuşa ilə bağlı iki sərəncam imzaladı

Prezident İlham Əliyev Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, sərəncamla Şuşa şəhərində növbəti istilik mövsümündə 31 binanın isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların, binadaxili sistemlərin layihələndirilməsi, tikintisi və quraşdırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.

İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı da tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.