Siyasət 13:50 07.11.2022

"Prezidentin Azərbaycanın zəfər qazanmasında rolunu xüsusi qiymətləndirmək lazımdır" - Vüqar Bayramov

"44 günlük Vətən müharibəsində Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Torpaqlarımızın işğaldan azad olunması, Zəfərə gedən yol məhz müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin həm Vətən müharibəsinə qədər olan fəaliyyəti, eyni zamanda müharibə dövründə Ali Baş komandan kimi qəbul etdiyi qərarlar, post-müharibə dövründəki həm xarici, həm daxili siyasətinin nəticəsi olaraq qiymətləndirilməlidir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Vətən müharibəsində qələbənin əldə olunmasında Prezident İlham Əliyevin rolundan və onun həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışarkən deyib. Deputat bildirib ki, Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də əks hücum qərarı verildi və bununla da Azərbaycan ordusu torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu: 
 


"Zəfəri şərtləndirən kifayət qədər çoxlu faktorlar var. Xüsusən qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi baxımdan inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, eyni zamanda ordu quruculuğu və müharibə dövründə qəbul edilən qərarlar zəfərin əldə edilməsi üçün xüsusi rola malik oldu. Prezidentin də qeyd etdiyi kimi Azərbaycan əldə etdiyi zəfərə görə şəhidlərimizə və qazilərimizə borcludur. Bütün bunlarla yanaşı Prezidentin məhz Azərbaycanın zəfər qazanmasında rolunu xüsusi qiymətləndirmək lazımdır. Çünki Ali Baş komandanımızın rəhbərliyi ilə, xüsusən də ordu quruculuğunun maddi-texniki bazasının gücləndirilməsi, ordunun hərbi gücünün artırılması ilə bağl həyata keçirilən siyasət məqsədə, Vətən müharibəsində bizim zəfər əldə etməyimizə imkan yaratdı”. 
 
Vüqar Bayramov hesab edir ki, post-müharibə dövründə prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət daha qısamüddətli sülh müqaviləsinin bağlanmasına və regionda ölkələrin qarşılıqlı ərazi bütövlüyünün tanımasına yönəldilir:

"Prezidentin rəhbərliyi ilə son 3 və 4 tərəfli görüşlərdə Azərbaycan diplomatiyasının əldə etdiyi uğurlar ondan xəbər verir ki, regiona dayanıqlı sülhün daha qısa zamanda gəlməsi imkanları var. Bu da region üçün yeni bir səhifənin, yeni bir düzənin formalaşması, yeni bir mərhələnin başlanması anlamına gəlir”. 

Bahar Rüstəmli