Siyasət 18:07 26.10.2020

Prezidentin son müraciətində bir neçə mesaj var... - Politoloq

"Prezident bu gün xalqa müraciətində bir neçə mesaj verdi”.


BunuQaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Prezidentin son çıxşını şərh edərkən deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın yanında olan və onun arxasında dayanan qüvvə məhz Türkiyədir:

 



"İlk növbədə biz Türkiyənin müttəfiqliyinə arxalanmışıq. Məsələn, F-16 təyyarələri ilə bağlı İlham Əliyevin vurğuladığı məqam məhz onu göstərir ki, əgər kimsə bu münaqişəyə müdaxilə etsə, Azərbaycan ordusunun keçirdiyi əməliyyatları durdurmaq istəsə, öz qarşısında ilk öncə Türkiyəni görəcək. Bu gücü də o, bilavasitə Türkiyə rəhbərliyindən alır.

 

İkinci məqam siyasi iradə və xalq birliyi ilə bağlı idi. Hazırda siyasi iradə və xalqımızın birliyinə ehtiyacı var. Müəyyən mənada siyasi iradəni görürük və ümid edirəm ki, bu, axıra kimi belə olacaq. Hazırda isə xalqın birliyinə ehtiyac var. Bu birliyə dünən də, bu gün də, sabah da ehtiyac var. İlham Əliyevin bugünkü çıxışında bunu hiss etməmək mümkün deyildi. Məsələn, bu dəfə prezident müxalifəti tənqid etmədi və müəyyən mənada bu birliyi özü də nümayiş etdirmiş oldu. Hesab edirəm ki, bu, müsbət haldır”.


Politoloq qeyd edib ki, İlham Əliyev çıxışında ölkələrin adını çəkmədən Minsk Qrupunun həmsədlərini tənqid etdi:


"Amma açıq görsəndi ki, Fransa və Rusiyanın bu məsələdə mövqeyi ilə razılaşmır. Təbii, ABŞ-ın, Trampın da səsləndirdiyi müəyyən fikirlər vardı ki, ona eyhamlar vurdu. Azərbaycanın bütöv və müstəqil olması, həm ABŞ-ın, həm də Avropa Birliyinin strateji maraqlarına xidmət edir. İlham Əliyevin adlarını çəkmədən eyham vurduğu Ermənistanın əsas dəstəkçisi olan ölkələr - İran, Rusiya ABŞ-ın bölgəmizdəki əzəli rəqibləridir. Avropa Birliyinə gəlincə isə, Fransadan başqa birliyin açar ölkələrindən bəlkə də birincisi Almaniyadır. Almaniya da açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini bəyan edib. Hazırda isə Azərbaycana hər hansı təzyiq etmir və Avropa Birliyi daxilində də bu məsələdə mənfi rol oynadığını görmürük. O cümlədən Avropa Birliyinin digər önəmli ölkələri var. İtaliya, İspaniya, Macarıstan və s. Onlar da Azərbaycanın ərazi bütövlüyü və Qarabağ məsələsində bizi dəstəklədiklərini bildiriblər”.


ABŞ-a gəlincə Azər Qasımlı orada indi əsasən seçkilərə hazırlıq getdiyini vurğulayıb:


"Bu günə kimi Qarabağ məsələsi qaldırılmamışdı. Məsələ bu gün qaldırılıb. Məhz buna görə də ABŞ rəhbərliyi məsələyə mövqe bildirmək məcburiyyətində qaldı. Həm Türkiyənin müttəfiqliyi, həm Azərbaycan rəhbərinin siyasi iradəsi, eyni zamanda xalqın birliyi nəticəsində biz Qarabağı geri ala biləcəyik”.


Bahar Rüstəmli