Kreml Ukraynadan sonra Şərqi Avropaya da göz dikəcək. Mətbuatın yazdığına görə, Rusiya müdafiə nazirliyi Ukraynanı müxtəlif hissələrə böləcək plan hazırlayıb.
"Bild" nəşrinin yazdığına görə, Putinin "sülh planı” adlanan həmin variant Ukraynanın işğalda saxlanılması da daxil olmaqla ölkənin üç hissəyə parçalanmasını nəzərdə tutur. Bildirilir ki, bu ssenari Rusiya müdafiə nazirliyinin gizli sənədində öz əksini tapıb. Göstərilir ki, Putin Ukraynanın bölünməsi ideyasını ABŞ-ın yeni prezidenti Donald Trampa təqdim etmək niyyətindədir.
Putinin şərtinə görə, Rusiya Ukraynanın əhəmiyyətli hissəsini öz əlində saxlamalıdır. Ölkənin bütün Şərqi Luqansk, Donetsk, Zaporejye, Xerson vilayətləri və Krım Rusiyaya keçməlidir. Həmin plana görə, Kiyev Odessa, Sum şəhərləri daxil olmaqla Ukraynanın mərkəzi hissəsində isə Rusiyapərəst dövlət quruluşu yaradılmalıdır. Bu zonada hakimiyyət strukturları ruspərəst kadrlardan təşkil edilməli, həmçinin bu ərazidə Rusiya ordusu yerləşməlidir.
Ukraynanın yerdə qalan qərb vilayətləri isə sənəddə mübahisəli ərazilər kimi qeyd edilir. Onun taleyini isə Rusiya, Polşa, Macarıstan və Rumıniya danışıqları nəticəsində həll etməyi düşünür. Rusiyanın Ukrayna ilə bağlı belə bir planının olması gözləniləndir. Kreml Ukraynanı bir neçə yerə parçalamaqda israrlıdır. Məsələnin geniş şəkildə indi gündəmə gəlməsi isə Trampın inaqurasiyadan sonra Ukrayna müharibəsini tez bir zamanda bitirmək çağırışlarına sanki bir növ cavabdır.
Bununla Kreml Trampa bildirir ki, Ukraynada müharibənin dayandırılmasına yalnız yuxarıda qeyd edilən bölgü əsasında gedə bilər. Yəni Putin bununla digər hallar və şərtlərlə razılaşmayacağını nümayiş etdirmək istəyir. Kreml maksimum dərəcədə böyük şərtlər irəli sürür ki, Trampın göstərişinə əsasən sülh danışıqları baş tutarsa, prosesdən maksimum dərəcədə öz xeyrinə yararlana bilsin.
Sözügedən plana gəlincə, mövcud durumda Kremlin Ukraynada işğal etdiyi əraziləri əlində saxlaması ehtimalı daha böyükdür. Bu da o deməkdir ki, Ukrayna müəyyən müddətə ölkənin şərq əyalətlərini itirməsilə barışmalı olacaq. Olsa-olsa Rusiya Kursk vilayətində itirdiyi əraziləri yenidən özünə qatmaq üçün Ukraynadakı bəzi əraziləri Kiyevə geri qaytara bilər. Ancaq bütün hallarda Moskva bunu, vaxtilə Finlandiya ilə olduğu kimi, beynəlxalq müstəvidə rəsmiləşdirə bilməyəcək. Yəni ABŞ, Avropa heç bir halda bu işğalı qəbul etməyəcək. Amma Ukraynanın mərkəzi hissəsində Rusiyapərəst dövlət quruluşunun yaradılması və orada rus qoşunlarının olması təklifi isə heç bir halda real deyil. Buna Ukrayna və dünya birliyinin qəti şəkildə qarşı çıxaraq maneə olacaqları bir yana, heç Rusiyanın özü də sözügedən planın bu hissəsini reallaşdırmaq gücündə deyil. Yəni planın həmin hissəsinin gerçəkləşmək imkanları demək olar ki, yox dərəcəsindədir. Bunun üçün Kreml ən azından Kiyevə qədər əraziləri tutmalıdır. Amma 2 il yarım ərzində buna nail ola bilməyən Rusiya sülh istiqamətində Trampdan gözlənilən qəti addımlar fonunda çətin ki, bu istəyini gerçəkləşdirə bilsin.
Planın Ukraynanın qərb hissəsini mübahisəli ərazilər adlandırıb, onun taleyinin Polşa, Macarıstan və Rumıniya ilə müzakirələr nəticəsində həll ediləcəyi hissəsinə gəldikdə, burada Kremlin məqsədi NATO daxilində ziddiyyətlər, qarşıdurma yaratmaqdır. Bir vaxtlar Ukraynanın qərbindəki bəzi ərazilərin Polşa, Macarıstan, Rumıniya daxilində olduğunu əsas gətirməklə Rusiya Qərbi Ukrayna məsələsində tutduğu həmin mövqe ilə adı çəkilən dövlətləri yeni ərazilərlə şirnikləndirib öz tərəfinə çəkməyi düşünür. Bu da əslində NATO-nun parçalanması, onun daxilində ziddiyyətlər toxumu səpməyə hesablanmış addımdır. Planın Ukraynanın qərbinə aid hissəsi heç şübhəsiz həm də Rusiyanın Ukrayna məsələsini öz xeyrinə bitirəndən sonra Şərqi Avropanı da öz təsir dairəsinə almaq cəhdinin tərkib hissəsidir.
Rüfət Sultan
Şərhlər