«Qarabağ müharibəsi əlillərinin problemlərinin həlli üçün ardıcıl işlər aparılır. Növbəti bir neçə il ərzində növbədə dayanan hər bir ailə gözəl mənzillə təmin ediləcək».«APA-Economics»in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının veb-saytına müsahibəsində Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.
Nazir bildirib ki, bu istiqamətdə işlərin uğurlu davamı kimi, hazırda əlil və şəhid ailələri üçün Bərdə, Xaçmaz, Qax və Şamaxı rayonlarının hər birində 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan və Ağdam rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli yaşayış binaları inşa olunur və həmin binaların ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
İmtiyazlı əlillərin minik avtomobilləri ilə təminatı işləri də son 10 ildə xeyli güclənib. Bu məsələyə aydınlıq gətirən F.Ələkbərov qeyd edib ki, 1998-2003-cü illər ərzində müharibə əlillərinə 1 230 ədəd minik avtomobil verilmişdisə, 2004-2013-cü illərdə 2 300-dən çox minik avtomobili əlillərə təqdim edilib: «Ümumilikdə, indiyədək 3 526 nəfər əlilə dövlət hesabına minik avtomobili verilib. Bu ildə əlillərə təqdim edilmək üçün daha 280 ədəd minik avtomobili alınıb».
İlk vaxtlar əlil vətəndaşlara «Oka» markalı minik avtomobili verilirdisə, sonralar ölkənin inkişaf dinamikasına uyğun olaraq, bu maşınları keyfiyyəti və rahatlığı ilə daha üstün olan «Slavuta» markalı, son illərdə isə «NAZ-Lifan» markalı avtomobillər əvəz edib
.
Qaynar.info
Şərhlər