İdman 17:38 25.01.2020

"Qarabağ" İtaliya yığmasının sabiq hücumçusunu transfer edir

"Qarabağ" İtaliya B Seriyasından futbolçu transfer etmək istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın tanınmış idman jurnalisti Canluka Di Martsionun saytı yazıb. Onun sözlərinə görə, Azərbaycan çempionu "Çittadella"nın forvardı Cuzeppe Paniko ilə maraqlanır. 23 yaşlı italiyalı hücumçunu B Seriyasındakı bir sıra komandalar da heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Cuzeppe Paniko karyerasına "Cenoa"da başlayıb (2014-2018). O, müxtəlif vaxtlarda "Cesena" və "Teramo" klublarına icarəyə verilib. 2018-ci ildə "Çittadella"ya keçən futbolçu cari mövsümdə meydana çıxdığı 14 matçda 2 qol ötürməsi verib. 

Cuzeppe Paniko İtaliyanın U-17 (2 oyun), U-18 (24 oyun, 1 qol), U-19 (18 oyun, 4 qol) və U-20 (16 oyun, 3 qol) yığma komandalarının formasını geyinib.