Xəbər lenti

İdman 19:00 16.07.2019

"Qarabağ"ın yeni forvardı: Premyer Liqa, əvvəl Fransa, sonra Seneqal millisi

Xəbər verdiyimiz kimi, "Qarabağ" heyətinə yeni oyunçu qatıb. Çempionlar Liqasında iştirak edən Ağdam klubu fransalı hücumçu Maqaye Qeyenlə güclənib. 

Qaynarinfo fanat.az-a istinadən xəbər verir ki, Seneqal əsilli futbolçu 1990-cı ilin 6 iyulunda Fransanın Nogent-sur-Marne şəhərində doğulub. Futbolun sirrlərini "Loqnes"də öyrənməyə başlayan Maqaye 2002-ci ildə - 12 yaşında "Strasburq"un futbol akademiyasına keçib. O, 2008-ci ildə bu komandanın əsas heyətinə yüksəlib və iki il ərzində Liqa 2 klubunda 28 oyuna çıxaraq 10 qol vurub.

2010-cu ilin yayında İngiltərənin "Everton" klubu onu 1,4 milyon avroya transfer edib. O, 2014-cü ilədək məxsus olduğu Premyer Liqa klubunun əsas və əvəzedici heyətində 73 oyuna çıxaraq 13 qol vurub və 17 məhsuldar ötürmə edib. Qeyen 2012/13 mövsümünün qış fasiləsində Fransanın "Brest" klubuna icarəyə verilib. Liqa 1 təmsilçisinin heyətndə 8 rəsmi oyuna çıxaraq 3 qolun ötürməsini verib. 

Forvard 2014-cü ilin yayında İngiltərənin aşağı liqa təmsilçisi "Millvall"a transfer olunub. Bu komandada bir mövsüm keçirən futbolçu 36 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seneqal əsilli futbolçu 2015-2018-ci illərdə Türkiyənin "Adanaspor" klubunda çıxış edib. Bu 3 mövsümdən 2-də komanda 1-ci liqada, birində Super Liqada çıxış edib. "Qarabağ"ın yeni transferi Adana klubunun heyətində ümumilikdə 90 oyun keçirib, 26 qol vurub, 17 qol ötürməsi verib.

29 yaşlı forvard son mövsümü Türkiyənin "Osmanlıspor" klubunda keçirib. Bu komandanın heyətində 27 rəsmi oyuna çıxaraq 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Maqaye Fransanın U-16 (1 oyun, 1 qol), U-19 (15 oyun, 6 qol), U-20 (3 oyun, 1 qol), U-21 (8 oyun, 2 qol) yığmalarında çıxış etsə də, 2012-ci ildə Seneqal U-23-ünün təklifini qəbul edib. O, bu komandada 3 oyuna çıxıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->