Siyasət 19:00 14.03.2023

“Qərb Ermənistanı sülh sazişi imzalamağa tələsdirir” - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan son mətbuat konfransında bildirib ki, Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab alıb:
 
"İctimai platformalarda, sosial şəbəkələrdə tez-tez deyilir ki, Ermənistan hökuməti hansısa sənədə imza atmağa hazırlaşır. Sizi əmin etmək istəyirəm ki, hansısa sənədin  imzalanmasına 2-3 gün qalacaq bir vəziyyət yaranarsa... bu, pis xəbər deyil, yaxşı xəbər olacaq, çünki bu, sənədin imzalanması irəliləyişin qeydə alındığı anlamına gələcək və o demək olacaq ki, biz arzularımızın təcəssümü olmayacaq, lakin uzunmüddətli sülh, sabitlik və inkişafı təmin etməli olan nəticəyə nail olmuşuq”.

Onun sözlərinə görə, fevralın ortalarında Ermənistan Azərbaycana sülh müqaviləsi layihəsi ilə bağlı müntəzəm təkliflər təqdim edib. "2-3 gün əvvəl Azərbaycandan cavab aldıq. Hansısa irəliləyiş varmı? Müəyyən irəliləyişlər görürük. Amma nə qədər irəliləsək, bir o qədər fundamental problemlər üzə çıxır", - Paşinyan bildirib.

Onun sözlərinə görə, Bakı mümkün sülh müqaviləsinin köməyi ilə Ermənistan Respublikasının ərazisi ilə bağlı ərazi iddialarını birləşdirməyə çalışır. "İrəvan üçün bu, "qırmızı xətt”dir”, - Ermənistan hökumətinin başçısı vurğulayıb. 

Məhz buna görə də Ermənistan hökumətinin başçısının qeyd etdiyi kimi, təminatlara - daha yaxşısı beynəlxalq təminatlara ehtiyac var. Paşinyan  vurğulayıb ki, İrəvan üçün Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi hər şeydən önəmlidir: "Amma bu məsələdə əsas mandat, Dağlıq Qarabağ xalqına məxsus olmalıdır”. 

Ermənistanın baş naziri əlavə edib ki, əsas dialoq "Stepanakert” və Bakı arasında beynəlxalq mexanizmlər və zəmanətlərdən istifadə etməklə aparılmalıdır. 
 

 
Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, Paşinyanın səsləndirdiyi fikirlər onu göstərir ki, ABŞ başda olmaqla Qərb Ermənistanı Azərbaycanla sülh sazişi imzalamağa tələsdirir:
 
"ABŞ sülh müqaviləsinin imzalanması ilə Rusiyanın regiondakı proseslərə təsir imkanlarını yox etmək istəyir. Amma Qarabağ məsələsi Azərbaycanın suverenliyi çərçivəsində həllini tapmasa, Bakının İrəvanla imzalayacağı sülh müqaviləsinin heç bir əhəmiyyəti olmayacaq. Ona görə ki, İrəvanın 10 noyabr sənədini icra etməməsi göstərir ki, ermənilər sülh müqaviləsindən irəli gələcək öhdəlikləri də yerinə yetirməyəcəklər. Digər tərəfdən, Ermənistan Qarabağda cərəyan edən prosesləri beynəlxalq səviyyədə Azəraycana təzyiq mexanizmi olaraq görürsə, bu müqavilənin heç bir əhəmiyyəti olmayacaq. Bu məsələ ya paralel yürüməli, ya da ilk növbədə Qarabağ məsələsi həll olunmalıdır ki, sülh müqaviləsi də konkret anlam daşısın”. Həmsöhbətimizə görə, Paşinyanın açıqlaması onu deməyə əsas verir ki, o hələ də Qarabağ məsələsinə özünün fundamental məsələsi kimi baxır:"44 günlük müharibə ilə reallıqlar dəyişib. Azərbaycan bu məsələni artıq Ermənistanla müzakirə etməyəcək. Ona görə də İrəvan özünün iştirak etmədiyi prosesə havadarlarını qoşmaq, Qarabağa, Laçın yoluna faktaraşdırıcı beynəlxalq qrupların gəlməsini istəyir. Ona görə də Azərbaycan ilk öncə Qarabağ məsələsini həll etməlidir”. 

Rüfət Sultan