Xəbər lenti

Rusiyanın hərbi maşını ABŞ-ın yeni sanksiyaları səbəbindən ciddi zərbə alacaq - WSJ
Dünya 13:34 23.10.2025

Rusiyanın hərbi maşını ABŞ-ın yeni sanksiyaları səbəbindən ciddi zərbə alacaq - WSJ

ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı Vaşinqtonun artan narazılığı fonunda Rusiyanın iki ən böyük şirkətinə qarşı yeni sanksiyaların tətbiq olunduğunu açıqlayıb. 

Qaynarinfo "The Wall Street Journal”a istinadla  yazır ki, bu, Trampın ikinci prezidentlik dövrü ərzində Rusiya Federasiyasına qarşı tətbiq edilən ilk birbaşa sanksiyalardır.

Məlumata görə, məhdudiyyətlər "Lukoil”, "Rosneft” və onların təxminən 30 törəmə şirkətinə şamil ediləcək.

Nəşr qeyd edir ki, bu sanksiyalar Ukraynada atəşkəs danışıqlarının dalana dirənməsi səbəbindən tətbiq olunur. Bundan əlavə, Tramp Budapeştdə keçirilməsi planlaşdırılan görüşünü Vladimir Putinlə təxirə salıb.

"Bu günədək "Rosneft” və "Lukoil” ABŞ kapital bazarlarından uzaqlaşdırılmışdı. Bu gündən etibarən onlar dollardan – istənilən növ əməliyyatlardan tamamilə kənarlaşdırılırlar”, – ABŞ Dövlət Departamentinin sanksiyalara cavabdeh keçmiş yüksək vəzifəli rəsmisi Eddi Fişman bildirib.

Xarici banklara xəbərdarlıq

ABŞ Maliyyə Nazirliyi açıqlamasında bildirib ki, "Rusiya hərbi-sənaye bazası ilə bağlı əhəmiyyətli əməliyyatlar aparan və ya bu əməliyyatlara yardım göstərən xarici maliyyə institutları da sanksiyalarla üzləşə bilər”.

Nazirlik vurğulayıb ki, sanksiyaya məruz qalan subyektlərlə əməliyyat aparan istənilən xarici bank ikincil sanksiyalar riski daşıyır.

"Çin bankı, BƏƏ-dən neft treyderi, Hindistandan neft emalı zavodu — əgər onlar bu rus şirkətləri ilə əməliyyat aparsalar, ABŞ sanksiyalarına düşə bilərlər”, – deyə Fişman izah edib.

Rusiya iqtisadiyyatına təsir

Ekspertlərin fikrincə, bu sanksiyalar Rusiyanın neft və enerji satış imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq və ölkə iqtisadiyyatına ağır təsir göstərəcək.

"Rusiyanın hərbi maşını ciddi zərbə alacaq. Onlar artıq hökuməti və ordunu maliyyələşdirməkdə çətinlik çəkirlər. Bu addım onların müharibəni davam etdirmək qabiliyyətinə təsir edəcək və Putini danışıqlar masasına əyləşməyə məcbur edə bilər”, – deyə Ağ Evin və Maliyyə Nazirliyinin keçmiş əməkdaşı, hazırda Atlantic Council analitik mərkəzində çalışan Kim Donavan bildirib.

Avropa İttifaqının addımları

Yüksək səviyyəli Avropa rəsmiləri uzun müddətdir hesab edirlər ki, Rusiyaya qarşı sərtləşdirilmiş sanksiyalar Kremlin Ukraynada müharibəni dayandırmaq üçün ciddi danışıqlara məcbur edəcək.

Bu gün – 23 oktyabrda – Aİ-nin 19-cu sanksiya paketini təsdiqləməsi gözlənilir. Yeni paketə gələn ildən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa da daxildir.

"Cümə axşamı günü Aİ liderləri həmçinin dondurulmuş Rusiya aktivlərindən 200 milyard dollarlıq kredit planını dəstəkləyəcəklər. Bu vəsait Ukrayna Silahlı Qüvvələrinin qarşıdakı iki il ərzində maliyyələşdirilməsinə yönəldiləcək və Kremlin müharibəni dayandırmaq yolları axtarmasına təzyiq göstərəcək”, – deyə WSJ yekunlaşdırır.

ABŞ Maliyyə Nazirliyinin bəyanatı

Nazir Skoot Bessent bildirib:

"Prezident Putinin bu mənasız müharibəyə son qoymaqdan imtinasını nəzərə alaraq, Maliyyə Nazirliyi Kremlin hərbi maşınını maliyyələşdirən iki ən böyük neft şirkətinə qarşı sanksiyalar tətbiq edir”.

O əlavə edib ki, ABŞ administrasiyası Trampın müharibəni dayandırmaq səylərinə dəstək məqsədilə əlavə tədbirlər görməyə hazırdır və müttəfiqləri bu sanksiyalara qoşulmağa çağırır.

Eyni zamanda "Sky News” yazır ki, ABŞ-ın neft sanksiyaları Putini "çətin vəziyyətə salır”. Tramp isə bu addımın miqyasını etiraf edib, lakin "sanksiyaların uzun sürməyəcəyinə” ümid etdiyini bildirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->