Gəncə Dövlət Universiteti (GDU) "Lexus-Bakı" MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə xidməti nəqliyyat vasitəsinin satın alınması nəzərdə tutulur. GDU 1 ədəd avtomobilə görə şirkətə 117 300 manat ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Lexus-Bakı" MMC 23 dekabr 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin qanuni təmsilçisi Qafarlı Pərviz Mahmud oğludur.
"Lexus-Bakı" MMC Azərbaycanda "Lexus" markasının rəsmi dileridir. Şirkət sözgedən markalı avtomobillərin satışı ilə yanaşı "Lexus LX", "Lexus GX", "Lexus RX", "Lexus RX Hybrid", "Lexus RXL", "Lexus NX", "Lexus NX Hybrid", "Lexus UX", "Lexus UX Hybrid", "Lexus LS", "Lexus ES", "Lexus LC" modellərinin və orijinal ehtiyat hissələrinin də satışını həyata keçirir.
"Lexus Bakı” MMC "İSR Holdinq”ə daxildir. Bu holdinq iş adamı İsgəndər Xəlilova məxsusdur. 1995-ci ildə fəaliyyət göstərən "İSR Holdinq” öz müəssisələri ilə yanaşı "Radisson”, "Hilton”, "Toyota”, "Lexus”, "Zara”, "Bershka” və s. kimi bir sıra məşhur beynəlxalq brendlərin də təmsilçisidir.
İddialara görə, GDU-nun 117 300 manata aldığı avtomobil universitetin rektoru üçün nəzərdə tutulub. Bu iddianın əsaslı olub-olmadığını universitetlə dəqiqləşdirmək mümkün olmayıb.
GDU-nun rektoru Yusif Yusibovdur. O, 2014-cü ildən bu vəzifədədir.
Seyid
Şərhlər