Bəyəndiyiniz məhsulu sizə ən uyğun qiymətə almaq üçün dörd məsləhətdən yararlana bilərsiniz.
1. Qiyməti endirməyin mümkün olub-olmadığını araşdırın:
Qiymət endirməyin hətta xoş qarşılandığı ölkələrdə belə bəzən bunu hər yerdə etmək mümkün olmur. Xoşagəlməz vəziyyətə düşməmək üçün qiymət "öldürməyə” başlamazdan əvvəl satıcının sizin şərtlərinizə hazır olduğuna əmin olun. Bunun üçün almaq niyyətində olduğunuz məhsula işarə edərək "Əla məhsuldur, çox istərdim almağı, lakin çox bahadır” demək kifayətdir. Məhsulu nisbətən ucuz qiymətə satmaq mümkün olduğu təqdirdə, satıcı özü sizdən nə qədər ödəməyə hazır olduğunuzu soruşacaq və yaxud daha əvvəl qeyd etdiyi qiymətdən bir qədər aşağı qiymət deyəcək.
2. Büdcə sərhədlərini təyin edin:
Almaq istədiyiniz məhsula nə qədər ödəməyə hazır olduğunuza qərar verin. Bu sizə satıcının tələsinə düşməkdən, sırf qiyməti əhəmiyyətli dərəcədə endirdiyiniz və indi o sizə yüksək sərfəli təsir bağışladığı üçün və artıq onu almasaz "ayıb olar” deyə əldə etməkdən qoruyacaq. Lakin satıcı ilə razılığa gəlmək prosesi zamanı heç bir halda məhsul üçün ödəyə biləcəyiniz maksimum məbləği səsləndirməyin.
3. Məhsulu sizə neçəyə satmağa hazır olduqlarını öyrənin:
Satıcı üçün qiymətin ən aşağı son həddini öyrənməkdə fayda var. Bunu yoxlamağın ən yaxşı üsulu qısa müddət ərzində satıcı ilə endirimi müzakirə etmək, sonra isə çox baha olduğunu deyərək çıxışa doğru getməkdir. Bir çox satıcılar bu an potensial müştərini itirməmək üçün əhəmiyyətli dərəcədə aşağı qiymət səsləndirir. Adətən bu zaman səsləndirilən aşağı məbləğ satıcını qane edən ən aşağı qiymət həddidir. Son olaraq təklif edilən bu məbləğ tərəfinizdən təyin edilən maksimum büdcəni üstələmədiyi halda razılığa gəlmək məqsədəuyğundur.
4. Satıcının etibarını qazanın:
Qiymətin endirilməsi ilə bağlı danışıqlara keçməzdən əvvəl satıcı ilə qarşılıqlı münasibət qurun. Onun adını soruşun, özünüzü təqdim edin və məhsul haqqında ətraflı məlumat tələb edin. Satıcı bu cəhdlərinizə müsbət reaksiya verdiyi təqdirdə qiymət endiriminə də bir o qədər həvəsli yanaşacaq. (banker.az)
Şərhlər