Nazirlər Kabinetinin 7 noyabr 2017-ci ildə dərc edilən və sabah qüvvəyə minən
"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərarına əsasən d
ekabrın 8-dən etibarən Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır. Bəs rüsumların azaldılması yağın bazar qiymətinə necə təsir göstərəcək?
Məsələni Qaynarinfo-ya şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bunun qiymətlərə tezliklə təsir göstərəcəyini düşünmədiyini bildirib:
"Birincisi, bugünə qədər bazarlarda olan və hazırda anbarlarda saxlanılan məhsullar ölkəyə köhnə gömrük rüsumu ilə gətirilən məhsullardır. Ona görə də, rüsumların azaldılmasının qiymətlərə tezliklə təsir göstərəcəyini düşünmürəm. İkincisi də Yeni il qabağı qiymətlərin dəyişəcəyi gözlənilən deyil. Azərbaycanda çox pis bir ənənə var ki, bayramlardan öncə qiymətlər ümumiyyətlə qalxır. Ona görə də Yeni ilə qədər qiymətlərdə hər hansı bir dəyişikliyin olacağı gözlənilmir. Bayramdan sonra cüzi dəyişiklik ola bilər, lakin bunun bazara böyük həcmdə təsir göstərməsi də mümkün deyil. Təqribən şirkətdən asılı olaraq qiymətlərdə 50 qəpik 1 manat arası ucuzlaşma gözlənilə bilər. Amma rüsumların azaldılması avrozonadan gətirilən məhsulların qiymətinə ola bilər ki, təsir etməsin. Son zamanlar avronun dəyəri manata nisbətən artaraq, 2 manatdan da yüksək olub. Yaranan məzənnə fərqinə görə avrozonadan gətirilən məhsulların qiymətində endirim yox, əksinə cüzi bahalaşma belə müşahidə oluna bilər. Amma dolların sabit olduğunu nəzərə alsaq, dollarla alınıb gətirilən məhsullarda cüzi də olsa, qiymət azalması baş verə bilər. Dediyim ki, əgər bu məhsullarda ucuzlaşma olacaqsa, Yeni ilə qədər gözlənilən deyil".
Ekspert gömrük rüsumlarının azaldılmasının yerli istehsala da ciddi təsir göstərməyəcəyini bildirib:
"Yerli süd məhsulları istehsalı bazarda azlıq təşkil edir. Belə ki, yerli istehsalın xammalı da xaricdən gətirilir. Çox vaxt xaricdən böyük həcmdə yağ alınır və burada qablaşdırılaraq müxtəlif brend adları altında bazara çıxarılır. Yəni, onları yerli istehsal adlandırmaq doğru olmaz. Hətta bazarda yerli süd adı altında hazırlanan yağlar varsa da, bu südün özünün də toz şəklində xaricdən gətirildiyini demək mümkündür. Obrazlı desək, ölkədə o qədər sağlam inək yoxdur ki, bazara yerli məhsul çıxara bilək. Düzdür nehrə yağı altında yerli bazara çıxarılan məhsullar var. Amma onların da qiyməti aşağı-yuxarı xaricdən gətirilənlərlə eynidir. Yəni, yerli istehsal kifayət qədər azdır, bu səbəbdən də rüsumların aşağı salınması yerli məhsulların qiymətinə bir o qədər də təsir göstərməyəcək. Amma qablaşdırma digərlərindən ucuz başa gəldiyindən, ola bilər ki, yerli məhsul xaricdən gətirilənlərə nisbətən ucuz olsun".
Çingiz Səfərli
Şərhlər