Xəbər lenti

Ölkə 11:00 22.08.2023

"Qız uşaqlarına ikinci dərəcəli olmadıqlarını və təhsilin önəmini hər an xatırlatmaq lazımdır" - Kənd müəllimi ilə müsahibə

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qızların təhsillə imtahanı” layihəsinə start verib. Layihənin məqsədi ölkə ictimaiyyətinin və medianın diqqətini qızların təhsilinə yönəltmək,  aparılan  müsahibə və araşdırmalarla qız uşaqlarının təhsildən yayındırılmasının milli və regional səbəblərini müəyyən etmək, həll yolları axtarmaq və təhsildə motivasiya yaratmaqdır.  

Layihə çərçivəsində növbəti müsahibə qabaqcıl təhsil işçisi, Cəliləbad rayonu Alar kənd 2 nömrəli tam orta məktəbin fizika-riyaziyyat müəllimi olan, eyni zamanda "Nərdivançı" adı altında bir çox faydalı və maraqlı layihələrin müəllifi Elçin Abbasovla aparılıb. Müsahibəni təqdim edirik:

- Elçin müəllim, çalışdığınız kənddə, məktəbdə qızların təhsilə cəlb olunmasıyla bağlı durum necədir? Təhsildən yayınma daha çox hansı səbəblərlə olur?

- Əslində, bu, bütün dövrlərdə aktual olan mövzudur.

Ölkəmizdə zaman-zaman qızların təhsilə cəlb olunması ilə bağlı müəyyən çətinliklər yaranmışdır. Əsasən də bəzi bölgələrdə. Mən yaşadığım və işlədiyim cənub bölgəsi də belə bölgələrdən olub. Sevindirici hal odur ki, işlədiyim 17 il ərzində apardığım müşahidələrə görə, ailələri tərəfindən dəstəklənən, təhsil almaq üçün çalışan qızların sayı ilbəil daha da artır. Əvvəlki illərdə qızların təhsilinin vacib olmadığını, qısa zamanda ailə quracaq qıza təhsil gərəkli deyil deyə düşünən valideynlər hər il azalır. Əlbəttə, bütün bunların baş verməsində gənc müəllimlərin də əməyi az deyil.

- Bir fəal müəllim kimi qızların təhsilə cəlb olunmasını təkmilləşdirə biləcək genderə uyğun kurikulumları və ya tədris yanaşmalarını araşdırmısınızmı? 

- Düşünürəm ki, biz xarici ölkələrdən örnək təhsil proqramlarının müsbət tərəflərini ölkəmizdə tətbiq edə bilərik. Amma burada mütləq yaşadığımız ölkənin, bölgələrin düşüncəsini, yaşam tərzini, mentalitetini göz önündə saxlamalı, buna uyğun təkmilləşdirməliyik. Qızların təhsilə cəlbi istiqamətində də bu cür yanaşma sərgiləməliyik.

- Sizcə, təhsildə gender bərabərsizliyinin aradan qaldırılmasında müəllimlərin rolu nədən ibarətdir?

- Məncə, müxtəlif fənn müəllimləri dərslərdə bacarığı, istedadı olan şagirdləri qruplaşdıraraq, onları müxtəlif müsabiqələrə, festivallara yönəltməli, onların sərgilərini, tədbirlərdə çıxışlarını təmin etməlidir. Beləliklə, qızların  istedadlarını kəşf etmək, oğlanlarla bərabər qızların da dərsdən kənar sosial fəaliyyətləri olar. Bununla da, təhsildə gender bərabərsizliyi aradan qalxar. Burda müəllim mütləq valideynlərlə daimi əlaqədə olmalı, onları qızlarının istedadlı olduğuna, uğurlu gələcəyinin olmasına inandırmalıdır.

- Sizcə, qızların təhsildən kənarlaşdırılmasının fərdlər və bütövlükdə cəmiyyət üçün nəticələri nələrdir?

- Böyük xeyriyyəçi Zeynalabdin Tağıyev deyirdi: "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”. Buna görə də qızların təhsil alması müqayisədə daha önəmlidir. Müasir dövrdə hər hansı bir qızın təhsildən yayınması halı cəmiyyət üçün, müəllimlər üçün, valideyinlər üçün böyük itkidir. Biz gələcəyin analarına təhsil verməliyik ki, təhsilli övladlarımız, təhsilli gələcəyimiz olsun.

- Qızların təhsilini dəstəkləmək və təşviq etmək üçün icma əsaslı səyləriniz - layihələriniz varmı?

- Bəli, mən işlədiyim müddətdə əsas istiqamətlərimdən biri bu olub. Bir çox layihələri birgə icra etmişik. Kənd mühitində təhsil alan şagirdlərin, əsasən də qızların sosial fəaliyyəti çox zəif olur, onları dərsə bağlamaq üçün qoşulacaqları layihələr azdır. Bu baxımdan mən şagirdlərimi hər zaman müxtəlif müsabiqələrdə, yarışlarda, festivallarda, layihələrdə iştirakına şərait yaradıram. Onların yaşadıqları icmadan kənara çıxmaları üçün 2019-cu ildə skaut dəstəsi yaratdıq. İlk dəfə qızlarımız yaşadığı kənddən çıxaraq, İsmayıllı rayonunda təşkil olunmuş düşərgədə iştirak etdilər. Daha sonra Qusar, Tovuz və digər düşərgələrdə də iştirak etdilər. Bilirsiniz, işlədiyim müddətdə ən böyük uğurun nədir deyə soruşsanız, şagirdim olan, olmayan qızların valideynlərinin inamını qazanmağım olduğunu deyərdim. Valideynlər inanaraq övladlarını mənə əmanət edirsə, mən də qarşılığında bu inamı boşa çıxarmır, onların inkişafı üçün əlimdən gələni edirəm. Kiçik bir kənd məktəbindən onları qazandığım qrant layihələrə cəlb etdim. Onlar burada yeni texnologiyalarla tanış oldular, hətta dron idarə etməyi belə öyrəndilər. 2022-ci ilin may ayında "Texnofest" festivalında izləyici kimi iştirak edən şagirdlərim həmin ilin dekabr ayında Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Beynəlxalq STEAM Azərbaycan Festivalında komanda üzvü kimi iştirak edirdilər. Bu, bizim böyük uğurumuz idi və bütün bunlardan sonra şagirdlərim, əsasən də qızlarımız məktəbə daha çox bağlı oldu, təhsillərini davam etdirmək üçün çalışdılar. Dərslərimi maraqlı, interaktiv keçməyə çalışıram, "eTwinning" platformasında müxtəlif ölkələrin müəllimləri ilə layihələrə qoşulub, bu layihələri dərslərimdə tətbiq edirəm, beləliklə, şagirdlərim Avropada yaşayan, təhsil alan həmyaşıdları ilə əlaqə qururlar.

Onu da qeyd edim ki, 2020-ci ildə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə T-Network platformasının təşkil etdiyi "Təhsilin ulduzu" ideya müsabiqəsinə "Qızların təhsildən yayınmasının qarşısını alaq" adlı video ilə qatıldım və 4 finalçıdan biri olmuşam.

- Çox gözəl. Bəs sizcə, təhsildə gender fərqini effektiv şəkildə aradan qaldırmaq üçün hansı addımlar atıla və ya hüquqi tədbirlər həyata keçirilə bilər?

- İlk növbədə, bu prosesə bağça və ibtidai sinif illərindən başlamaq lazımdır. Mən 11 yaşdan yuxarı şagirdlərlə işlədiyim üçün müşahidələrimə görə, bu balans artıq əvvəlki təhsil dönəmində pozulmuş olur. Bunu aradan qaldırmaq çətinləşir, təlim-təhsil prosesinə mane olur. Düşünürəm ki, bağça tərbiyəçilərinə və ibtidai sinif müəllimlərinə bu mövzuda vaxtaşırı seminarlar, görüşlər keçirilsə, problemin qarşısını böyük bir qismini həll etmiş olarıq. 9-11 ci sinif şagirdləri ilə Ombudsman, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və bu kimi qurumların nümayəndələrinin görüşləri keçirilsə, şagirdlərlə, onların valideynləri ilə söhbətlər aparılsa nəticələr əldə etmək olar.

- Bir müəllim kimi təhsil yönümündə fikrini dəyişdiyiniz ailə, həyatını dəyişdiyiniz şagirdiniz olubmu? Olubsa, bunu necə bacarmısınız?

- Belə şagirdlərim çox olub. Bunu şagirdlərimlə səmimiyyəti qoruyaraq, onlarla dost olaraq bacarmışam, valideynlərə göstərmişəm və inandırmışam ki, onların övladları həm də bizim övladımızdı, biz onların ikinci valideyniyik. Biz hər hansı ekskursiyaya, düşərgəyə getdikdə orada bəzən öz övladlarım da olur. Şagirdlər görür ki, mən onlar üçün övladlarımdan daha çox narahat oluram, daha çox qayğılarına qalıram. Onlar bizim üçün çox önəmlidir. Onların hər biri bizim üçün, gələcək üçün bir işıqdır.

 - Qız uşaqlarının təhsil uğrunda mübarizələrində daha güclü və uğurlu olmaları üçün məktəbdə, sinif otaqlarında onlara nələri aşılamağın doğru olduğunu düşünürsünüz?

- Əvvəldə də dediyim kimi, onlara önəmli olduqlarını, özlərini heç vaxt ikinci planda hiss etməmələrini, təhsilin onlar üçün daha vacib olmasını hər addımda xatırlatmaq, hiss etdirmək lazımdır. Onların bacarıqlarını üzə çıxarmaq üçün müxtəlif dərnəklərə, müsabiqələrə, yarışlara yönəltmək olar. Bütün bunları da valideynlərlə birgə əməkdaşlıq çərçivəsində etmək daha səmərəli olar. 

Layihə rəhbəri: Sevinc Fədai

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->