Xəbər lenti

Xaosun bir addımlığında
Amal Abuşov
İdman 10:00 16.05.2024

Xaosun bir addımlığında

Premyer Liqada VAR sistemindən imtina oluna bilər. Söhbət Azərbaycan Premyer Liqasından yox, futbolun beşiyi sayılan İngiltərədən gedir. İngilislər düşünürlər ki, VAR sistemi heç də yaxşı sistem deyil və futbola fayda gətirmir.

"Vulverhempton” rəsmiləri artıq bununla bağlı liqanın rəhbərliyinə müraciət də ünvanlayıb. Onlar öz fikirlərini əsaslandırıblar da. Müraciətdə qeyd olunur ki, VAR futbolçuların qolu normal şəkildə bayram etməsinə mane olur, oyunun uzanmasına gətirib çıxarır, səhvlərin qarşısını almır və hakimlərin məsuliyyətini aşağı salır. Haqq verməyə bilmirsən. VAR sistemi həm azarkeşlərin hissləri ilə oynayır, həm də futbolçuların. Bəzən futbolçular qol vurur, onu çılğınlıqla qeyd edir. Azarkeşlər də tribunalarda və ya ekran qarşısında bayram edirlər. Amma cəmi bir dəqiqə sonra məlum olur ki, hansısa futbolçunun ayağının bir hissəsi, yaxud da qolu oyundan kənar vəziyyətdə imiş. Bununla da qol qeydə alınmır, yaşanan sevinc hissləri yerini kədərə, üzüntüyə, məyusluğa verir.

Əlbəttə ki, ədalətin qorunması, doğru qərarların verilməsi mənasından VAR faydalıdır. Amma unutmaq lazım deyil ki, futbol dinamikanı xoşlayır. Bəzən dəqiqələrlə VAR-a baxmağa ehtiyac yaranır ki, bu da futbolun dinamikasıyla, ruhuyla ziddiyət təşkil edir. Bir çoxlarını da VAR-ın əleyhdarına çevirən məhz bu məqamdır. Hələlik VAR-dan yaxşı üsul kəş edilmədiyinə görə buna qatlaşmaq zorunda qalacağıq. Görünən odur ki, FİFA və UEFA VAR-ın tətbiqiylə bağlı layihələrdə qətiyyətlidir, prosesin geriyə dönüşü mümkünsüzdür.

Biz də başımızı başlara qoşmuşuq, ötən mövsümdən Azərbaycan çempionatında da VAR sistemi tətbiq olunur. Amma bu sistemin bizdə tətbiqi də elə azərbaycansayağıdır. Təcrübə göstərir ki, Azərbaycandakı VAR sistemi də hakim səhvlərini minimuma endirə bilməyib. Əksinə, bizim hakimlərimiz VAR-dan özlərinə sərf edən şəkildə istifadə ediblər. Bəzən açıq-aşkar görünən qayda pozuntusunu hakimlər heç VAR-ın köməyi ilə də "görə bilməyiblər”, yaxud da görmək istəməyiblər. Bir qayda olaraq bu cür epizodların əksəriyyəti AFFA-ya bir köynək yaxın sayılan "Sumqayıt”, "Səbail”, "Kəpəz” kimi klubların xeyrinə sayılıb. Həmin səhvləri sadalamağa başlasaq, buna xeyli zaman xərcləmiş olarıq, ona görə də ayrı-ayrı epizodların üzərində dayanmaq istəmirəm.

Ümumi mənzərə ondan ibarətdir ki, Azərbaycanda futbol hakimliyi heç VAR-ın gəlişiylə də böhrandan qurtula bilmir. Bu böhran mövsümün sonuna yaxın özünü daha qabarıq göstərir. Belə bir məlumat yayılıb ki, son iki turun prinsipial qarşılaşmalarında əcnəbi VAR hakimləri dəvət olunacaq. Hanı azərbaycanlı hakimlər? Hanı Fritz Ştuxlikin, Barış Şimşəkin yetişdirdiyi ədalət təmsilçiləri? Belə çıxır ki, həm illəri boşa vermişik, həm də bu əcnəbi sədrlərə xərclənən pulları. İndi də bədxərcliyi davam etdiririk, VAR-da otuzdurmaq üçün əcnəbilər dəvət edirik. Bu yaxınlarda start götürəcək Avropa çempionatının final mərhələsində iştirak edəcək hakimlərdən italyan Daniele Orsatonun 49-a yaxın yaşı var. İngilis Entoni Teylor isə 46 yaşındadır. Azərbaycanda o yaşda olanlar hamısı çoxdan fitlərini, bayraqlarını yeri qoyublar. 

Rəhim Həsənov, Alik Yunusov, Mübariz Haşımov, Rza Məmmədov kimi hakimlərin təcrübəsindən, bilik və bacarığından ən azından VAR-da faydalanmaq olmazdımı? Əlbəttə ki, olardı. Amma biz illərini hakimliyə verənləri qiymətləndirməyi, onlara dəyər verməyi bacarmırıq. Buna görə də futbol hakimliyimiz xaosun bir addımlığındadır, xaricdən gələn VAR hakimlərinə möhtac qalmışıq. Çox təəssüf.

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->