Məmməd SÜLEYMANOV
Sənət 13:04 03.12.2019

Qodarın “Qara sentyabr”ı...

Məmməd Süleymanov

"Bu filmin bütün aktyorları artıq ölüdür” - cümlə Qodarın 1974-cü ildə çəkdiyi "Burada və orada” filminin titrlərindəndir. 

Əslində, Qodar 1970-ci ildə çəkməyə başladığı, ancaq sonuna gedib çıxmadığı, indisə yeni filmi üçün istifadə etdiyi başqa - yarımçıq qalmış filminin kadrlarını nəzərdə tuturdu. "Qələbəyə qədər” adlanacaq o filmi Qodara, Jan-Pyer Qorenə və operator Arman Markoya Fələstin Azadlıq Təşkilatı (FAT) sifariş etmişdi. Və rejissor həqiqəti nə artırır, nə azaldırdı - 1970-ci ildə lentə köçürülən "Qələbəyə qədər” filminin "aktyorları”nın hamısı artıq 1970-ci ildəcə - "Burada və orada”ya qədər ölmüşdülər. Öldürülmüşdülər.

O vaxtlar Fransada inqilabçı rejissorların bəziləri "Dziqa Vertov” qrupunda birləşmişdi. Bununla da 1920-ci illərin çox məşhur Sovet rejissorunun adını bir daha dünya üçün kəşf etmişdilər. Sovet avanqard kinosunun titanı, "Kinogöz”ün müəllifi artıq 1954-cü ildə vəfat etmiş, hətta SSRİ-də unudulmuşdu. Marksist rejissorlar onun adını Qərbə yenidən tanıtdı.
 


"Qələbəyə qədər”i çəkmək üçün Qodar və Qoren bir neçə dəfə İordaniyanın paytaxtı Əmmana yollanır. Orada "Məhşər günü” savaşından sonra fələstin müqavimətinin "qaymaqlar”ı toplaşmışdı. Həmin vaxtlar - 1970-ci ilin yayı İordaniya qaynar qazan idi. Fələstinlilərlə kral Hüseynin qarşıdurması apogeyinə yaxınlaşırdı.

Sentyabrın 1-də fələstinlilər kralın maşın karvanını atəşə tutur - onlarla müşayiətçi həlak olur, kral salamat qurtarır.

Ardınca sentyabrın 7 və 9-da Jorj Həbəşin Fələstin Xalq Azadlıq Cəbhəsinin (FXAC) döyüşçüləri üç sərnişin təyyarəsini qaçıraraq İordaniya səhrasında qurduqları hava limanına endirir, sərnişinləri azad edəndən sonra isə təyyarələri kamera qarşısında yandırırlar.

Ardınca İsrail təyyarəsi ələ keçirilir, ancaq bu dəfə planlar pozulur - FXAC-ın Nikarauadan olan militanı Patrisio Arquelyo öldürülür, əfsanəvi Leyla Xalid isə yaralı halda ələ keçir.

Sonunda kral Hüseyn fələstinlilərə müharibə elan edir. Qodarın yarımçıq filminin qəhrəmanları - filmdə öz rollarını oynayan fələstin döyüşçüləri üçün Əmman qardaşlıq məzarına dönür. Qodarın "aktyorlar”ı Əmman küçələrində, Cəbəl Vəhdət düşərgəsində can verir. Bu dəhşətlərdən sonra Qodar çəkilişləri sona çatmış filmi montaj etməyə özündə güc tapa bilmir.

O filmin aktyorları "Qələbəyə qədər” cəsədə çevrilir. Film olmayacaq. Qələbə illüzordur.

Həyatla incəsənətin harada bir-birinə keçid etdiyini anlamaq çətindir. Hər şey çox sürətlə baş verir.
 


***  

1970-ci il, sentyabr. İordaniyanın paytaxtında kral Hüseynin fələstinlilərə qarşı amansız hərbi şəhər əməliyyatı. Fələstinlilər baş verənləri "Qara sentyabr” adlandıracaq. Yasir Ərəfat  "Əgər kral bu qədər mərmini İsrailə qarşı yönəltsəydi, yəhudi dövlətini məğlub etmiş olardı” deyir. Ancaq məhv olanlar fələstinlilərdir - ölənlərin dəqiq sayı bilinmir. 5 mindən 10 minə qədər.

Fədailərin cəsədləri hələ dağıntıların altından çıxarılmayıb, Ərəfat isə artıq Əmmandan Qahirəyə qaçıb. Xəstəliyinin son günlərini yaşayan Camal Əbdül Nasir vasitəçi olmağı Sudan prezidenti Cəfər Nimeyridən xahiş edib. Nimeyri Əmmana gəlir, aramsız atəş altında olan Cəbəl əl-Abda qaçqın düşərgəsinə yerləşmiş Ərəfatı çətinliklə tapıb oradan çıxarırlar, təyyarəyə mindirib Misirin paytaxtına aparırlar.

Nasir Qahirədə ərəb ölkələrinin başçılarını toplayır - bu, onun son vasitəçiliyidir. "Uzun yuxu istəyirəm” deyən Nasir sonuncu qonağı - Küveyt şeyxini hava limanından yola salıb qayıdacaq və əbədi yuxusuna yollanacaqdı. Qahirəni yenicə tərk etmiş ərəb liderləri onun dəfni üçün qayıdacaqdılar. Hələlik isə o, Ərəfatla kral Hüseyni barışdırmalıdır - kral da Qahirəyə özünün idarə etdiyi təyyarədə təşrif gətirib.

Toplantı çox aqressiv fonda keçir. Ərəfat da, kral da silahlıdır. Bəzən elə təəssürat yaranır ki, indicə silahlarını çıxarıb bir-birini vuracaqlar. Ancaq sonunda bir-birinin əlini sıxırlar. Fələstinlilərin qanı hələ qurumayıb, ölənlər hələ dəfn edilməyib - Ərəfat kral Hüseynlə barışır. Yəqin budur Böyük siyasət.

Sonralar Ərəfatın bioqrafı Herxard Konselman ondan soruşacaqdı - kralla əl tutanda o, hansı hissləri keçirirdi (Gözlərini tünd eynəyin arxasında gizlətdiyindən, bunu mərasim vaxtı görmək mümkün olmamışdı). Ərəfat təəccüblənir: "Mən kralın əlini sıxmamışam”. Belə olanda Konselman ona xatırladır - epizodun fotoları və videosu var.

Cəsədləri xarabalıqlarda qalan döyüşçülər isə vur-tut o böyük siyasətin fonu, statistləri, bir də Qodarın filminin gülümsəyən kadrlarıdır.

***

Sonralar bir müsahibəsiində Qodar deyəcəkdi: "Mən oraya 4-5 dəfə getdim. Beyrutda və İordaniyada bəzi adamları tanıyırdım. Fədailəri, filmdə gözəl səsini eşitdiiymiz, artıq dünyada olmayan şairi. Mən bilmirəm o nə danışır, ancaq cəsədlərdən, pulemyotların səsindən sonra onun ərəbcə danışığını eşidirik və bu, gözəldir”.

Qodar "Qara sentyabr”ın qurbanlarından olan şair və marksist Xalid əbu Xalidi nəzərdə tuturdu. O, çoxsaylı ölülərin cərgəsində daha çox tanınmışı idi. "Toplar dinəndə Muza susur”.

Qodara inansaq, Jan Kokto "Kino - iş başında ölümdür” söyləyib. Düzdür, bu kəlmələri Koktodan heç kəs eşitməyib, Qodar isə uydurmağı xoşlayır. Olsun ki, onun öz cümləsidir, ancaq qanadlı kəlməyə çevrilməsi üçün korifeyin adına çıxıb. Elə də böyük günah deyil. 
 


Bu gözəl və yetərincə boş kəlməni Qodar özünəməxsus, ancaq faydasız şəkildə şərh edir: Yəni, biz ekranda insanı görürük və o, şəxsi həyatının bir hissəsini ekranda həmişəlik qoyur. Biz ona baxırıq, o isə bu vaxt həyatda qocalır və ölür.

Cek Londonun "Yalançı günəşlərin yolu” hekayəsində hindu Sitka Çarli deyir: "Bu, şəkildir. Onun əvvəli və sonu yoxdur. Mən şəkli anlamıram”. O, bütün həyatı görmək istəyir, ona isə həyatın bir anını göstərirlər. Və o anın qəhrəmanları tədricən qocalıb, ölüblər, təsvirdə isə həmişəyaşardırlar.

Kino da bizə sonlu həyatın sonsuz epizodunu göstərir. Aydın məsələdir, kino - anın incəsənətidir, ancaq bunu bütün incəsənətlər üçün söyləmək olar. Zaman keçir, deməli, incəsənət də iş başında ölümü göstərir. Ancaq 1974-cü ildə "Burada və orada” filmində peyda olan o titrlər təsdiqlədi: Qodar özü də iş başında ölümü çəkib. Nə az, nə çox. Çünki, "Qələbəyə qədər” çəkilib qurtarmamış aktyorların hamısı həqiqətən öldü.

O, "Qələbəyə qədər”i çəkmək üçün gənc maoçu Qorenlə Beyruta və Əmmana yollananda FAT nəinki ayrı-ayrı fələstinli fraksiyalarını birləşdirə bilmiş, həm də marksizm mövqeyinə keçmişdi (Ərəfatın "Moskvanın qarı da istidir” evfemizmini xatırlayaq). "Dziqa Vertov qrupu” Ərəfatın film sifarişini həvəslə qəbul edir (Bu, 68-in Mayından sonra enerjisini tükətmiş Avropanın Dünya inqilabına töhfəsi olacaqdı). Bu, həmin vaxtlardı ki, FAT-ın və Jorj Həbəşin Xalq Azadlıq Cəbhəsinin düşərgələrində Baader, Maynhof, Enslin, yapon kinorejissor Masao Adati, sandinistlər, Türkiyə devrimçiləri və digər gələcək şəhər partizaları təlim keçirdilər. 

Qodar və Qoren çəkilişləri 1970-ci ilin iyulunda bitirib geri dönürlər. Montaj başa çatır, son mərhələ qalıb. O vaxtın Sol radikal kinoqrupları üçün ideal - filmin qəhrəmanların bilavasitə iştirakı ilə ərsəyə gəlməsi idi. Yəni, filmin ilk variantı partizanların özlərinə göstərilir, müzakirələr aparılır, təkliflər verilir və son variant formalaşır (Bu taktika Çili və Braziliya Sol kinoqruplarında öz mükəmməl təcəssümünü tapacaqdı). Odur ki, Qodar bir dəfə də İordaniyaya, partizanların (aktyorların) yanına getməyə hazırlaşır. Ancaq sentyabrın 1-də vəziyyət dəyişir - "Qara sentyabr” başlayır. Qodar yarı yoldan geri qayıdır. Və anlayır - onun bütün aktyorları, bütün həmrejissorları, filmə baxıb tənqid etməli olan hamı artıq ölüdür.

Bu da "Kino iş başında ölümü çəkir” ifadəsinin hərfi mənası.

İllər keçir, Qodar "Burada və orada” filmində "Qələbəyə qədər” üçün çəkdiyi materialı, qəzetlərdən fotoları, cəsədləri və xarabalıqları göstərir. O,öz aktyorlarını ümumi məzarlarda axtarır, ancaq bu, faydasız cəhddir. O partizanlar həmişə üzlərini bağlayırdılar, onları heç sağlıqlarında bir-birindən fərqləndirmək mümkün deyildi.

Və Qodar sözün həqiqi mənasında "İş başında ölüm”lə rastlaşır. Bəlli olur: işi sona çatdıra bilməyəcək. O və Qoren hazır materialdan "Qələbəyə qədər”i bitirmək üçün dəfələrlə cəhd edir, ancaq buna gücləri çatmır - olduqca ağır material enerjilərini sorub aparır. Rejissorluğu qoyaq kənara, bu, Qodarı bir insan kimi yaxşı tərəfdən xarakterizə edir.

Qodar "Qələbəyə qədər” özü də "iş başında ölür”...