Xəbər lenti

"Bu tip təşkilatlar həmişə təlimatla işləyib" -SƏRT CAVAB
Siyasət 15:33 05.09.2013

"Bu tip təşkilatlar həmişə təlimatla işləyib" -SƏRT CAVAB

“Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatının Azərbaycanla bağlı 100 səhifəlik hesabatı hər zamankı kimi qərəzliliyi və məkrliliyi ilə seçilir.

Gün.Az xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Human Rights Watch”ın hesabatında Azərbaycanla bağlı bir sıra məqamlara dair Newtimes.az portalına müsahibəsində deyib.

 
O qeyd edib ki, bu təşkilatın Azərbaycanda prezident seçkisinə təxminən bir ay qalmış belə bir hesabat yayması isə qaranlıq məqamlardan xəbər verir.
 
"Təsadüfi deyildir ki, hesabatın dünyanın bəzi aparıcı KİV-lərində də işıqlandırılmasına səy göstərilmişdir. Burada da niyyət aydındır.
 
Hər kəsə bəllidir ki beynəlxalq QHT-lər heç vaxt müstəqil olmurlar və onlar hər zaman maliyyə cəhətdən asılı olduqları qurumların sifarişlərini yerinə yetirirlər. Eyni zamanda bu gün bu cür təşkilatların adlarının maliyyə fırıldaqlarında, bəzi ölkələrdə iğtişaşların törədilməsində hallanması da dünya ictimaiyyətinə yaxşı məlumdur".
 
N.Məmmədov bildirib ki, son dövrlər beynəlxalq aləmdə gedən prosesləri təhlil edərkən dünya dövlətlərində bəzi dairələrin atdığı addımlar xarakter və niyyəti baxımından heç bir məntiqi çərçivəyə sığmır.
 
“Human Rights Watch” Azərbaycanda qaçqınlar və onların hüquqlarının pozulması haqqında bu 20 ildən artıq bir dövrdə heç olmasa bir ədalətli material hazırlayıb təqdim etmiş olsaydı, onda bəlkə də bu təşkilatın qərəzli olmadığına inanmaq olardı. Amma təəssüf ki, belə deyil.
 
Bir sözlə, bu tip təşkilatlar həmişə təlimatla işləyib, onların qarşısında qoyulmuş vəzifələri yerinə yetirməyə xidmət edirlər. Yəni siyasi sifarişlə işlədiklərini bütün dünya bilir. Özəl danışıqlarda heç bunu təkzib də etmirlər. İndi isə seçki ərəfəsində bir milyon köçkün və qaçqını unudub o biri QHT-lərə qoşularaq geridə qalmamaq üçün özlərini göstərməyə çalışırlar.
 
Təəssüflər olsun ki, özlərini artıq geosiyasi oyunların piyadaları yox, fiqurları hesab edən belə QHT-lər hələ də anlaya bilmirlər ki, onların vaxtaşırı və növbə ilə nümayiş etdirdikləri qərəzli mövqelər bumeranqa çevrilərək yavaş-yavaş özlərinə təhlükə yaradacaqdır. Amma bunu başa düşmək pis olmaz, yoxsa gec ola bilər.
 
Azərbaycan dövlətinin günü-gündən inkişaf etməsini, əhalisinin rifahının yüksəlməsini, ölkədə əmin-amanlığın hökm sürməsini və dövlətin rəhbərliyinin xalqın maraqlarına uyğun müstəqil siyasət yeritməsini bir çox xarici qurumlar, eləcə də onların təsirində olan daxili destruktiv qüvvələr həzm edə bilmir.
 
Azərbaycan hər zaman demokratiya, insan hüquqları, vətəndaş cəmiyyətinin inkişafı kimi məsələlərə həssas yanaşmışdır. Buna görə də hesabatda yazılanlar Azərbaycan reallıqlarını əks etdirmir".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->