Xəbər lenti

"Hökumətin arqumentləri lax yumurta iyi verir" - Natiq Cəfərli
Ekonomiks 13:58 10.04.2014

"Hökumətin arqumentləri lax yumurta iyi verir" - Natiq Cəfərli

"Bezinin qiymətinin artması haqqında müxtəlif mətbuat orqanlarına açıqlamalar vermişəm, amma bir daha bu mövzuya qayıtmaq lazımdır. Mənə elə gəlir ki, ciddi bir fırıldaqla üz-üzə qalmışıq".

Qaynar.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O, bu məsələdə hökuməti tənqid edərək arqumentlərinin əsassız olduğunu vurğulayıb: "Hökumət bəyan edir ki, 95 markalı benzinə tələbat artdığından zavodlar çatdıra bilmir, ona görə də bu markalı benzinin qiymətləri liberallaşdırılır və ancaq xaricdən gətirilən benzin “premium” adı altında satışa çıxarılacaq.

Arqument lax yumurta iyi verir:

1). 2013-cü ilin rəsmi rəqəmlərinə görə ölkədə 1. 241 min ton benzin istehsal olunub, bunun da, təxminən, 20%-i Aİ 95-dir, yəni, 250 min tonu;

2). Əgər tələbat artıbsa, həmən 250 min ton istehsal oluna bilərdi, Tarif Şurasının müəyyən etdiyi 80 qəpiyə satıla bilərdi, “premium” markalı benzin isə xaricdən gətirilərək 93 qəpiyə, və daha yuxarı qiymətə satışa çıxarıla bilərdi;

3) Neftayırma zavodları Aİ 95 markalı benzinin istehsalını niyə dayandırıb, və ya, dayandırıbmı?

Digər rəqəmlər:

1). SOCAR Gürcüstanda 2012-ci ildə, Saakaşvilinin hakimiyyəti dövründə 60 142 min ton benzin satıb, 2013-cü ildə, yeni hökumət dövründə bu rəqəm 14 250 min tona düşüb, yəni, 76,3% azalıb;

2). Cəmi 1 ildə bu qədər azalmanın səbəbləri olmalıdır, mənim ehtimalıma görə (bunu Gürcüstanda çox adam təsdiqləyir) Saakaşvili ilə SOCAR-ın özəl münasibətləri vardı və SOCAR Mişa ilə (Saakaşvili. red.) başqa şərtlərlə işləyirdi. Yeni hökumətlə, deyəsən, belə anlaşma mümkün olmadı. Saakaşvili yaxşı oğlandır, Gürcüstan üçün çox şey edib, amma onun evini yüksək eşalonda olan korrupsiya yıxdı və onun ən gözəl anlaşdığı şirkət – məhz SOCAR idi.

Belə görünür ki, yeni Gürcüstan hökuməti daha çox şəffaflıq tələb etdiyindən və vergiləri daha düzgün hesabladığından, daha yüksək keyfiyyətli benzin satışı tələb edildiyindən, SOCAR məcburən Azərbaycandan gedən benzini azaldaraq Rumuniya benzinini satmağa məcbur olub".

N.Cəfərlinin sözlərinə görə, hökumət bəyan edir ki, yeni “premium” benzinini, əsasən, Rumıniyadan gətirib satacaqlar: "Rumıniyanın benzin istehsalı potensialı məhduddur və ildə 5 milyon ton benzin istehsal edilir ki, bunun da böyük əksəriyyəti AB ölkələrində satılır(orada daşınma xərci azdır, qiymət bahadır), bir hissəsi Ukraynada və Gürcüstanda realizə olunur (bu ölkələrdə də qiymət bizdən bahadır). Deməli, Azərbaycan bazarına Rumuniyadan benzin gətirmək o qədər də asan olmayacaq".

Ekspert ehtimal edir ki, Rumuniya benzininin Azərbaycana gətirilməsinin arxasında müəmmalı məqamlar var: "Məncə, əslində nə baş verir: Rumuniya AB-nin ən korrupsiyaya uğramış ölkələrindən biridir və bizim hökumətlə ən dost AB ölkəsidir. Çox güman ki, Rumuniya ilə bizimkilər danışıb, onlardan ancaq sənəd alacaqlar, yəni boş kağız parçaları və bizim indidə istehsal olunan Aİ 95 markalı benzin adı və rəngi dəyişdirilərək, təbii, qiyməti də 13 qəpik artırılaraq Rumuniya benzini adı ilə bazara satışa çıxarılacaq. Təkrar edirəm, bu ehtimaldır, amma, güclü təməli olan ehtimaldır. Yox, əgər doğurdan da, ölkədə standartlara cavab verməyən Aİ 95 istehsalı dayanıbsa, xaricdən benzin alacağıqsa, bunun da birbaşa günahkarı Azərbaycan hakimiyyəti, hökumətimizdir. Burunlarından uzağı görə bilməyiblər, illərdir mərmərə, səkilərə, divar hörməyə, qaşımağa xərclədikləri pullara keyfiyyətli benzin istehsal edən 2-3 xətt qura bilərdilər. Bir daha analizlər və rəqəmlər onu göstərir ki, ölkədə Aİ 95-lə bağlı ciddi bir fırıldaq gedir. Lap hökumətin dediyi kimi, bazara yeni oyunçular girib benzin gətirsələr belə (bu da mümkün deyil, tam bir inhisarçı bazardır), ölkədə eyni məhsulun qiymətlərinin həm Tarif Şurası, həm bazar tərəfindən müəyyənləşdirilməsi təzaddır, absurddur, indiki yarımçıq idarəetmə sisteminin bir simvoludur..."

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->