Xəbər lenti

Sənət 15:05 02.04.2014

"Lənətə gələnlər" satışda

Yazıçı Rövşən Yerfinin "Lənətə gələnlər” kitabı işıq üzü görüb. 

Bu barədə Kutl.Az-a  müəllif özü məlumat verib. 

O, bildirib ki, bu kitab sayca yeddincidir: "Yeni kitabım "Lənətə gələnlər” adlanır. Satış nöqtələrinə bayram günlərindən sonra paylanılacaq. Sayca yeddinci kitabımdır. Kitab roman və povestdən ibarətdir.  "Lənətə gələnlər”i beş ildən çoxdur yazmışam. 

Tamamlayan kimi Yazıçılar Birliyinin "Azərbaycan” jurnalına aparmışdım. Əsərdə milli xarakterimizdəki neqativ xüsusiyyətlərə tənqidi yanaşmaya görə onun ixtisarla da olsa çap ediləcəyini güman edirdim. İki ildən çox gözlədim. Bu arada redaksiyanın otaqları təmir olundu.  

Təmirdən sonra günlərin birində eşitdim ki, povest yoxa çıxıb, hətta kompyuterin yaddaşında da qalmayıb. Böyüklərə şikayətləndiyimi görəndə isə dandılar ki, ümumiyyətlə belə bir povesti biz qəbul etməmişik, olmayıb, vəssalam. Yenidən təqdim edib illərlə növbə gözləməyə səbrim çatmadı. 

Hər ziyanda bir xeyir var. Əsərə təzədən əlavələr etdim, adını dəyişdirdim, "Özünə qənimlər”idi, oldu "Lənətə gələnlər”. İkinci əsər "HİV qasırğası” adlanır. HİV probleminin yaratdığı faciəni əks etdirən ilk nəsr nümunələrindən biridir.

Qısası, bu kitab satış məqsədi ilə dəbdə olan nə "erotik roman” deyil, nə də "oğru aləmindən” bəhs eləmir. Bu kitab bədii obrazların köməyi ilə özümüz, dərdlərimizlə bağlı düşünmək istəyənlər üçündür. Kimdir lənətə gələnlər? Niyə, nədən lənətlənmişlər? Suallara cavab üçün kitabı oxumağı tövsiyə edirəm, gözləriniz yorulmasın”.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?