Qafqaz Ömərov
Oxuduğumuz tarix dərsliklərində ən qədim mədəniyyətlər kimi Çini, Hindistanı, sivilizasiyaların beşiyi sayılan Mesapatomiyanı öyrənmişik. Günəşin də Şərqdən çıxaraq Qərbdə batdığı kimi bir gerçəklik şüurumuza hakim kəsilən bir stereotipi daha da möhkəmləndirməkdədir. İnkişafı, qlobal təlatümləri, ən ağır və qanlı tarixi müharibələri həmişə Şərqdən görən bəşəriyyət XX əsrin əvvəllərindən başlayaraq bütün yeniliklərin Qərb yarımkürəsindən başladığının şahidi oldu. Ardıcıl iki dünya müharibəsinin ocağına çevrilən Avropa bir neçə əsr əvvəl geridə qaldığı qoca Şərqdən çox-çox irəli gedərək, hətta onu öz əsarətinə almaqla dünyaya yeni düzən və qaydalar gətirdi.
Sayı sürətlə artan dünya əhalisinin tələbatı və yaşamaq üçün lazım olan təbii resursların bölünməsi uğrunda mübarizə XX-ci əsrin əvvəllərindən sənayeləşməyə başlayan Avropa dövlətləri arasında amansız müharibələrin başlamasına səbəb oldu. Zəifləyərək bir-birinin ardınca sıradan çıxan Şərqin böyük impeyiraları sənayeləşmiş Qərb dövlətlərinin hərbi təzyiqləri altında bir-bir dünya xəritəsindən silinməyə başladı. Yeni dövr başladı. Bitməyən iştahları, cilovlanmayan acıgözlükləri ilə bu dövlətlər torpaqları altında inkişaf etmiş sənayelərinin əsas tələbatı olan xammalın, başda neft olmaqla digər faydalı qazıntıların yerləşdiyi ölkələri, sözün əsl mənasında, cəhənnəmə çevirməyə qalxdılar.
Sovetlər Birliyinin dağılmasından sonra ikiqütblülüyün saxladığı tarazılığın pozulması total surətdə bütün dünyanı yenidən regional konfliktlərin və lokal müharibələrin ocağına çevirdi. ABŞ başda olmaqla onun Avropadakı satellitləri Sovetlər Birliyi bir qlobal hərbi-siyasi faktor kimi yoxa çıxdıqdan sonra öz kapitalist ekspansiyalarına yenidən start verdilər. Və 1992-ci ildən başlayan prosses 2000-ci ildə artıq bütün Yaxın Şərq regionunu öz təsiri altına aldı.
"Ərəb baharı" və yaxud "Yaşıl dalğa"
Yaxın Şərq ölkələrində davam edən və bitməyən daxili müharibələrin fonunda diqqətdən kənarda qalmış Şimali Afrikanın Atlantik sahillərindən başlayan gözlənilməz bir "Siyasi təlatüm" qısa bir müddətdə bu dəfə əksinə, yəni üzü Qərbdən Şərqə doğru bütün müsəlman dünyasını öz cənginə almağa başladı. Müsəlman Məğribindəki bütün avtoritar rejimləri, hakimiyyətləri onilliklərdir davam edən bütün hökmdarları çox amansızcasına süpürüb atan bu "Yaşıl dalğa" qısa bir müddət ərzində Dəclə və Fərat sahillərinə çatdı. Dünyada "Ərəb baharı", "Sələfi baharı" və.s adlandırılan bu yeni hərəkat hazırda Yaxın Şərqdə ən mühüm siyasi faktora çevrilməkdədir.
Ərəb rejimləri üçün isə sürpriz tamam başqa bir şey oldu. Yəni ABŞ-ın mühafizəkar kəsimlərinin dəstəklədiyi və ərəb dünyasına "anqlo-saks dəyərləri" gətirəcəyi düşünülən "Ərəb baharı"nın arxasından onların gözləmədiyi bir siyasi təşkilat ortaya çıxdı. İllərdir bu rejimlərə müxalifətdə dayanan, bəzi ərəb ölkələrində hətta fəaliyyəti qadağan belə edilmiş bir radikal-siyasi təşkilatın ABŞ-ın dəstəyi ilə bütün müsəlman ölkələrində hakimiyyətə gəlməsi bütün dünyanı çaş-baş salıb. Liviya, Tunis, Misir və Suriyada ABŞ tərəfindən dəstəklənən "Müsəlman qardaşlar" ilk üç ölkədə öz hakimiyyətlərini qısa bir müddət ərzində bərqərar ediblər. Hər üç ölkədə konstitusiya dəyişiklikləri üçün referendumlar keçirildi və şəriət qanunları qəbul edildi. Demokratik imicin formalaşdırılması üçün bütün mümkün variantlardan istifadə edilərək "qardaşların" hakimiyyəti möhkəmləndirildi.
Suriyada isə vəziyyət bir az fərqli oldu. İki il əvvəl bu ölkədə Əsəd rejiminə qarşı mübarizəyə başlayan "qardaşlar" onu yıxmaq üçün hələ də vuruşurlar. Qanlı döyüşlərin davam etdiyi ölkədə on minlərlə insan vətəndaş müharibəsinin qurbanına çevrilib, milyonlarla insan qonşu dövlətlərə sığınıb. "Yaşıl dalğanın" təhlükəsini hiss edən İran, Rusiya və Çinin Suriya hökumətinə göstərdikləri hərbi yardımlar isə daxili müharibəni daha da şiddətləndirməkdədir. Hazırda Əsədin nəzarətində qalan bölgə paytaxt Dəməşq və ətraf rayonlarıdır. Hərbi analitiklərin proqnozlarına görə Suriyadakı rejimin yıxılması artıq an məsələsidir. Deməli, Suriya da qısa bir müddətdən sonra "Müsəlman qardaşların" hakimiyyəti altına keçəcək. Onların hakimiyyətə gəldiyi dövlətlərin dünya xəritəsində tutduğu əraziyə nəzər salsaq, bunun çox geniş bir coğrafiya, müsəlman dünyasının böyük bir hissəsi olduğunu görərik.
"Qardaş müsəlmanlar", yoxsa "Müsəlman qardaşlar"?!
İllərdir adı ABŞ və Avropanın terror təşkilatları siyahısınada yer alan, ideoloqları və rəhbərləri Qərb ölkələrində təhlükəli terrorçular elan edilən bu siyasi hərəkatın birdən-birə niyə Qərbin sevilmlisinə çevrilməsi ən çox maraq doğuran məsələlərdən biridir. Bu yazımda ABŞ-ın "Qardaş müsəlmanlar" təşkilatının ən böyük qəyyumu və sponsoruna çevrilməsi səbəblərini araşdırmağa çalışacam. Araşdırma apararkən diqqətimi cəlb edən bir neçə faktı nəzərinizə çatdırmaq istəyirəm. ABŞ administrasiyasının tərkibi haqqında internetdəki məlumatları araşdırarkən diqqətimi çox maraqlı faktlar cəlb etdi. Saytlardan birində ABŞ siyasətinə təsir edə biləcək yüksək çinli məmurlardan bir neçəsinin "Müsəlman qardaşlar" təşkilatının rəhbərləri olduğu məlum oldu. Dünya siyasətində mövqelərin bu qədər köklü surətdə dəyişməsi faktına müasir siyasi tariximizdə çox nadir hallarda rast gəlinir, xüsusən də haqqında teror təşkilatı imici formalaşmış bir təşkilatın rəhbərlərinin dünya siyasətinin istiqaməti müəyyən edilən kulislərdə oturması faktına. ABŞ siyasətinin müəyyən edildiyi bu kulislərdə əyləşən "Müsəlman qardaşların" siyahısını sizə təqdim edirəm:
Arif Əlixan - ABŞ daxili təhlükəsizlik nazirinin köməkçisi. Arif Əlixan Beynəlxalq İslam Təşkilatının qucularından biri olaraq həm də "Ərəb baharının" ideoloqu sayılır. Bu şəxs həm də ABŞ administrasiyası ilə ərəb ölkələrindəki "Müsəlman qardaşlar" təşkilatları arasında rezident-əlaqələndirici rolunu oynayır.
Məhəmməd Əlibari - ABŞ Milli Təhlükəsizlik məsələləri üzrə Məsləhət Şurasının üzvü. "Müsəlman qardaşların" məşhur ideoloqu Seyid Kuttubun davamçılarından biri olan Məhəmməd Əlibarinin ABŞ Milli Təhlükəsizlik Nazirliyinin müsəlman ölkələri üzrə departamentinin rəhbəri olduğu bildirilir. Əlibarini həm də Barak Obamanın yürütdüyü beynəlxalq terrorizmlə mübarizə strategiyasının müəllifi hesab edirlər. Barak Obamanın Hüsni Mübarəki istefaya səslədiyi çıxışının mətnin də Ələbari tərəfindən hazırlandığı deyilir. Qeyd edək ki, "Qardaşların" ideoloqu Seyid Kuttub 1966-cı ildə Misirdə edam edilib.
Rəşid Hüseyin - ABŞ dövlətinin İslam Konfransı Təşkilatındakı səlahiyyətli nümayəndəsi. ABŞ-dakı radikal müsəlman təşkilatlarının rəhbərləri ilə çox sıx əlaqələrinin olduğu bildirilir. Rəşid Hüseyin həm də Amerika Müsəlmanları Şurasının təsisçilərindən biridir. Qeyd edək ki, bu təşkilatın həmtəsisçilərindən biri də "Əl-Qaidə"ni maliyyələşdirməkdə günahlandırılan Əbdurrəhman Ələmudi olub. Rəşid Hüseyinin Ələmudi ilə yaxın dost olduğu bildirilir.
Salam Əl-Marayti - "Müsəlman qardaşlar"ın ABŞ-dakı ən nüfuzlu liderlərindən biridir. Onun yaratdığı Müsəlman İctimai Əlaqələr Şurası ABŞ-ın bir çox dövlət strukturu ilə sıx əlaqədədir.
İmam Məhəmməd Məcid - Şimali Amerika İslam Təşkilatının (İSNA) lideri. Bu təşkilat da "Müsəlman qardaşlar" tərəfindən yaradılıb. 2011-ci ildə Obama Məcidi ABŞ Milli Təhlükəsizlik Nazirliyinə müşavir təyin edib. Bundan başqa, Məcid həm də FTB və Dövlət Departamentində müşavirdir.
Əbu Patel - ABŞ prezidenti yanında Dini Şuranın üzvüdür. Əbu Patel "Qardaş müsəlmanları" rəsmi təşkilat kimi yaradan Həsən əl-Banın nəvəsi Hani Ramazanla yaxın dostdur. Hani Ramazan isə ABŞ müsəlman Tələbələri Assosiasiyasının idarə heyətinin üzvüdür.
P.S. Dünya iqtisadiyyatını qloballaşmaya doğru aparan Böyük biznes insan cəmiyyəti üzərində öz total nəzarətini bərqərar etməkdədir. Bu siyasətə mane olan bütün siyasi rejimlər amasızcasına məhv edilir, ölkələr daxili müharibələrin girdabına sürüklənir. Dünyanın siyasi və ideoloji rəngi qanlı müharibələrin köməyi ilə dəyişdirilərək "Yeni dünya qaydaları" çərçivəsinə salınır. Yaxın Şərqin ərəb dövlətlərinin hakim monarxiyalarının artan kapitalı regionda baş verən prosseslərin arxasında duran ən əsas amildir. Bir neçə il bundan əvvəl Səudiyyə Ərəbistanı, Katar, Bəhreyn, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən əsası qoyulmuş Körfəz bankının nizamnamə kapitalının bir trilyon dollar olmasını nəzərə alsaq, artıq müsəlman dünyasında kimlərin söz sahibi olduğunu təsəvvür etmək o qədər çətin olmaz. Bu məbləğ Bəsrə Körfəzinin dünyanın ən mühüm iqtisadi mərkəzlərindən biri olduğunu göstərir. Gedən son prossesləri analiz etsək, dünyanın fövqəlgücü sayılan ABŞ-ın Azərbaycanın da yerləşdiyi bu regionda siyasi oyunlarını kimlərin üzərindən oynadığını çox aydın görərik. Əfqanıstanın yenidən Talibanın ixtiyarına verilməsi, Ərəb dünyasında "qardaşların" hakimiyyətinin bərqərar olması, Orta Asiya və Azərbaycandakı siyasi rejimlərin başı üzərindəki qara buludları daha da sıxlaşdırmaqdadır. Bu günlərdə Bakıda terrorla mübarizəyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi də təsadüfi deyil. Konfransda Azərbaycan prezidenti İlham Əliyev, milli təhlükəsizlik naziri Eldar Mahmudov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər də iştirak ediblər. Bununla hakimiyyət regiona yaxınlaşan "yaşıl dalğadan" xəbərdar olduğunu göstərməklə bu məsələdə rəsmi mövqeyini ortaya qoydu və bu prosesi körükləyən qüvvələrə, onunla mübarizə aparacağı mesajını göndərdi. Əks təqdirdə daxili sabitliyin möhkəm olduğu bir ölkədə bu konfransın keçirilməsinin və bu konfransda belə yüksək səviyyədə iştirak etmənin heç bir məntiqi əsası olmazdı...
Şərhlər