İdman 23:37 19.09.2019

Qurban Qurbanov: "İlk turun nəticələri fikrimizi dəyişdi"

"Məğlub olmaq istəmirdik. Bu cür rəqibə qarşı mübarizə aparmaq çətindi. Dinamik kollektivdi və topla sürətli davranırlar. Yenə də futbolçularıma təşəkkür edirəm. Belə komandaya qarşı oynamağı hər bir oyunçu gözləyir. Çünki, həm öz, həm də rəqibin gücünü bilir. Son vaxtlar 3-4 qollu matçlar çox olur. Rəqibi yaxşı oyuna görə təbrik edirəm. Azarkeşlərə də təşəkkürümü bildirirəm".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sevilya"ya uduzduqları (0:3) Avropa Liqasının qrup mərhələsinin I tur matçından sonra mətbuat konfransında deyib.

A qrupunun digər oyununda "Düdelanj” APOEL-ə qalib gəlib. Qurbanov bu oyunla bağlı da suala cavab verib: "İlk turun nəticələri fikrimizi mütləq dəyişdi. Düşünürəm ki, bu oyundan sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolda məğlubedilməz komanda yoxdu. Düşünmədiyin nəticələr olur. Qrupda bundan sonrakı matçlara bu günkündən də çox hazırlaşmalıyıq".

Baş məşqçi Xayme Romeronun əvəzlənməsinin səbəbini açıqlayıb: "Neftçi” ilə matçda da demişdim ki, Xayme son günlər xəstə idi. Məşqlərdə də iştirak etmirdi. Həmin görüşdə də son 30 dəqiqədə şans vermək istədik. Bu gün isə oyunda sürət artdığından onun zədələnmə ehtimalı artdı. Bu səbəbdən tarazlığı da qorumaq üçün Dani Kintananı meydana buraxdıq".

Qurbanov İspaniya və Azərbaycan futbolu arasındakı fərqdən danışıb: "Əlavə şərhə ehtiyac yoxdu. La Liqa ən çox izlədiyim çempionatdı. İlk qola kimi mübarizə apara bildik. Ondan sonra bəzi dəyişiklər etdik, önə çıxmaq istədik. Dərhal bundan yararlandılar. Bu, onların necə güclü çempionatdan gəldiyini göstərir".