"Öncə futbolçularıma təşəkkür edirəm. Baxmayaraq ki, qalib gələ bilmədik, onlar meydanda bütün güclərini qoydular. Çoxsaylı qol epizodlarından yararlana bilməsələr də, razıyam. Hətta məğlub olsaydıq da, bu cür oyundan razı qalacaqdım".
Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsində Malta ilə keçirilən oyundan (1:1) sonra deyib.
Qurbanov qələbə üçün sadəcə qolun çatmadığını bildirib: "Sadəcə qol çatmadı. Gərginlik var idi. Deməzdim ki, bacarıqları yoxdu. Hər epizodda düzgün oynayırdılar. Epizodlara görə irad bildirmədim. Farer adalarındakı heyətdən bir nəfəri dəyişmək fikrində idim. O da Təmkin idi. Ona görə yox ki, Rahil zəifdi. Sadəcə, matçdan əvvəl Təmkinin qızdırması var idi. Oyunda da ehtiyat edərək meydana buraxdım. Futbolçuların fiziki durumundan razı qaldım. Oyun sürətli getdi, sürətli hücumlar oldu. Amma futbolçuların çoxu 3 gündən bir oynamaq rejiminə öyrəşirlər. Sadəcə, bəziləri uyğunlaşa bilmir. Onlar da bunu dərk etməlidilər".
Baş məşqçi qarşıdakı oyuna qələbə üçün çıxacaqlarını deyib: "Mən bu komandaya inanıram. Bu gün desək ki, biz heç vaxt final mərhələsi görməyəcəyik, futbol oynamağa ehtiyac yoxdu. Bu qrupda yetirmələrimə inanıram. Ola bilər müəyyən dəyişikliklər olsun, ancaq görmək istədiyim xarakter komandada var. Oyundan oyuna da daha yaxşı olacağıq. Qarşıdakı 2 oyuna da qələbə üçün çıxacağıq".
Qurbanov matçın sonunda azarkeşlərin komandanı fitə basmasına da münasibət bildirib: "Azarkeşlər qələbə istəyir. Biz azarkeşlərə həmişə hörmətlə yanaşmışıq. Bizi dəstəkləmə gəlirlərsə, belə haqları var. Ancaq futbolçulara bu gün irad bildirmədim. Bəlkə də məni fitə basırdılar".
Şərhlər