İdman 23:27 17.07.2019

Qurban Qurbanov: "Futbolçularım lazım olan məqamda hücum etməyi bacardılar"

"Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox səbrli oynadılar, lazım olan məqamda hücum etməyi bacardılar. Maraqlı matç oldu".

Qaynarinfo xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Albaniyanın "Partizani" komandasını 2:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

47 yaşlı mütəxəssis bildirib ki, rəqib yaxşı müdafiə olunub: "Müdafiə olunmaqdan həzz alırdılar. Əks-hücumlarda çox sürətli oynayırdılar. Çətin rəqib idi. Komandamızı təbrik edirəm və azarkeşlərə təşəkkür edirəm.

İlk oyuna görə ünvanımıza tənqidə rast gəlməmişəm. Oyunlar zamanı futbolçuların hazırlıq səviyyəsi bəzən fərqli olur. Yığmada olanlar və legionerlər bizə gec qoşuldular. Oyundan-oyuna forma yığırlar. Bir az səbrli olmalıyıq.

Yeni transferləri növbəti mərhələyə sifariş verəcəyik. Bədavi Hüseynovun isə zədəsi davam edir. Ola bilər, ilk oyunu buraxdıq. Limitə görə bəzi transfer edə bilmirik. Faysalın üstün cəhəti odur ki, həm sağ, həm sol cinah müdafiəçisi kimi çıxış edə bilər. Bu da Maksim Medvedevi mərkəzdə oynatmağa imkan verəcək".

"Qarabağ" II təsnifat mərhələsində İrlandiyanın "Dundalk" komandası ilə qarşılaşacaq. Baş məşqçi rəqibi daha yaxından tanıyandan sonra fikir bildirməyin düzgün olacağını söyləyib: "Uzaq səfərə çıxacağıq. Səfər yorğunluğu olacaq. Çalışacağıq ki, yaxşı hazırlaşaq".

Qurbanov "Qarabağ"da debüt edən Ailton Silva barədə də danışıb: "O, yaxşı formasından bir az uzaqdır. Oyun praktikası azdır. Amma təcrübəsi hiss olundu. Onu başqa futbolçu ilə müqayisə etmək istəmirəm. Daha da yaxşı olmalıdır". (Report.az)