Xəbər lenti

Ramazanda halsızlığın gizli səbəbi - Suyu necə içmək lazımdır?
Sağlamlıq 18:30 11.03.2026

Ramazanda halsızlığın gizli səbəbi - Suyu necə içmək lazımdır?

Ramazanda tutulan orucun orqanizmamıza ziyan verməməsi üçün yalnız qida yox, bədənin su balansına da diqqət etmək lazımdır.

Qaynarinfo xəbər verir ki, türk Uzm. Dyt. Ayça Sena Yılmaz bildirib ki, bədən gün ərzində tər və tənəffüs yolu ilə itirdiyi mayeni iftar və sahur arasında düzgün şəkildə bərpa etməzsə, "yüngül dehidratasiya” riski yarana bilər.

Gün ərzində kifayət qədər su qəbulunun əhəmiyyəti

Bədənin təxminən 55–60%-nin sudan ibarət olduğunu vurğulayan Uzm. Dyt. Yılmaz deyib ki, su bədən temperaturunun tənzimlənməsi, hüceyrələrin fəaliyyəti, qida maddələrinin daşınması, həzm, metabolizm və toksinlərin atılması kimi bir çox həyati funksiyada iştirak edir. Gün ərzində uzun müddət su qəbul edilmədikdə bədən maye balansını qorumaq üçün müxtəlif mexanizmlər işə düşür. Ramazanda kifayət qədər su içilmədikdə halsızlıq, baş ağrısı, konsentrasiya çətinliyi, qəbizlik və təzyiq düşüklüyü kimi problemlər yarana bilər.

Kafein və susuzluq

Onun sözlərinə görə, gün ərzində su qəbul edilmədikdə bədən tər, tənəffüs və sidik yolu ilə maye itirməyə davam edir. Bu itkilər bərpa edilmədikdə yüngül dehidratasiya yaranır. Xüsusilə intensiv fiziki aktivlik, kafein istehlakı və duzlu qidalar susuzluq hissini artırır. Ramazan ayında ən çox edilən səhvlərdən biri iftar zamanı birdən çox su içməyə çalışmaqdır. Lakin bədən qısa müddətdə çox miqdarda mayeni effektiv istifadə edə bilmir. Ona görə də suyu iftar ilə sahur arasında tədricən və balanslı şəkildə qəbul etmək daha sağlam yanaşmadır.

Günlük su miqdarı 2–2,5 litr

Orqanizması sağlam olanlar üçün gündəlik su ehtiyacının təxminən 2–2,5 litr olduğunu deyən Uzm. Dyt. Yılmaz qeyd edib ki, bu miqdar fərdin çəkisinə, yaşına, fiziki aktivliyinə və hava şəraitinə görə dəyişə bilər. Ramazanda bu miqdarı təmin etmək üçün iftar və sahur arasında su qəbulunu planlamaq vacibdir. İftarda 1–2 stəkan, iftar sonrası 4–5 stəkan, sahurda isə 2–3 stəkan su içməklə ümumilikdə 8–10 stəkan su qəbul etmək mümkündür. Bundan əlavə, şorba, ayran, kefir, süd və suyu çox olan tərəvəz-meyvələr də maye balansına töhfə verir.

Sahur zamanı suyun önəmi

Sahur bəlkə də gün boyu susuzluğu azaltmaq üçün ən kritik yeməkdir. Uzm. Dyt. Yılmaz bildirib ki, sahurda kifayət qədər su içilmədikdə gün ərzində daha tez susuzluq hissi yaranır. Lakin burada da həddindən artıq su qəbul etmək məsləhət görülmür, çünki çox qısa müddətdə böyük miqdarda su içmək mədəyə təsir edə və tez-tez sidiyə çıxmağa səbəb ola bilər. Sahurda duzlu və çox ədviyyatlı qidalardan, məsələn, turşular, duzlu pendirlər və emal olunmuş məhsullardan uzaq durmaq lazımdır. Yumurta, qatıq, tam taxıllar və tərəvəzlər isə daha balanslı sahur təşkil edir.

Su tədricən və nəzarətlə qəbul edilməlidir

İftar zamanı uzun müddət ac qaldıqdan sonra mədəni qorumaq üçün suyu tədricən içmək vacibdir. Əvvəl 1–2 stəkan su içmək, sonra tərəvəzli və ya toyuq şorbası ilə yüngül başlanğıc etmək həzm sisteminin rahat işləməsinə kömək edir. Ana yemək zamanı isə çox su içmək əvəzinə, yemək aralarında su qəbul etmək daha məqsədəuyğundur. Həmçinin aşırı duzlu, ədviyyatlı, qızardılmış qidalar, şəkərli içkilər, çoxlu çay və qəhvə susuzluq hissini artırır. Kafein tərkibli içkilər sidikqovucu təsir göstərdiyi üçün bədəndən maye itkisini artırır, buna görə iftar sonrası çay və qəhvə istehlakı məhdudlaşdırılmalıdır.

Susuzluq əlamətlərini tanımaq vacibdir

Baş ağrısı, ağız quruluğu, tünd rəngli sidik, halsızlıq və başgicəllənmə bədənin susuz qaldığını göstərə bilər. Uzm. Dyt. Yılmaz qeyd edib ki, bu cür əlamətlər ortaya çıxdıqda iftar və sahur arasında maye qəbuluna daha çox diqqət yetirmək lazımdır. Gün ərzində itirilən mayeni düzgün şəkildə bərpa etmək enerji səviyyəsinin qorunmasına və metabolizmin sağlam işləməsinə kömək edir.
 
Günay

--> -->