Xəbər lenti

Ekonomiks 14:23 03.12.2021

Regionların sosial-iqtisadi inkişafının təşviqi - Ekspertlər belə düşünür

(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanmışdır)

Bu gün Azərbaycanın inkişafının böyük hissəsi regionların hesabınadır. Artıq Azərbaycanın bütün regionlarında aparılan yenidənqurma işləri orada biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə xidmət edir.

Bu gün regionların sosial-iqtisadi inkişafı üzrə bir-birinin ardınca dövlət proqramları həyata keçirilir. Həmin layihələrin əsas uğurlu nəticələrindən biri yeni iş yerlərinin yaradılmasıdır. Bundan əlavə, regionların inkişafı üçün investisiyaların cəlbi olunması, kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması və s. istiqamətində ciddi işlər aparılır. 

İqtisadçı ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, regionların sosial-iqtisadi inkişafı üçün ilk növbədə əsaslı işlər görülməlidir. Ekspert hesab edir ki, bunun üçün ölkədə öncə normal biznes mühiti olmalı, həm kənd təsərrüfatı, həm də sənaye və emal müəssisələri yaradılmalıdır:
 


"Yeni iş yerlərinin yaradılmasında maraqlı olan adamları həvəsləndirmək üçün müəyyən addımlar atılmalıdır. Məsələn, kənd təsərrüfatında kəndlərin suvarma suyuna olan tələbatının ödənilməsi əsaslı şəkildə həyata keçirilməlidir. Süni göllərin yaradılması və həmin göllərdən suyun borular vasitəsi ilə sahələrə verilməsi və s. Vahid bir suvarma sistemi yaradılmalı və kəndlilər də davamlı olaraq su ilə təmin olunmalıdırlar. Təəssüflər olsun ki, bu iş görülmədi. Bundan başqa, torpaqların münbitləşdirilməsi istiqamətində də bir sıra addımlar atılmalıdır. Həm sovet dövründə, həm də sovet hökuməti dağılandan sonra təsərrüfatlarda torpaqlara qayğı göstərilmirdi, münbitləşdirilmirdi, gübrələnmə qaydasında həyata keçirilmirdi. Örüş sahələri həddindən artıq yüklənirdi. Məsələn, əgər yem üçün bir hektara 4 baş xırda buynuzlu heyvan norma idisə, bizdə bundan hətta 7-8 dəfə çox heyvanla yüklənirdi. Bu da həmin torpaqların erroziyaya məruz qalmasına gətirib çıxardırdı. Bu işləri həyata keçirmək üçün torpaqların münbütləşdirilməsi, meliorasiya işlərinin həyata keçirilməsi, sovet dövründə bir çox ərazilərdə melioratik işlər aparılması üçün həmin ərazilərdə movcud olan kollektorlar artıq öz funksiyanını itirib. Həmin kollektorlar təmir edilməli, yenidən bərpa olunmalıdır”.

Ekspert bildirib ki, bütün bu işlərin qaydasında olması kəndli və fermerlərin həmin torpaqlardan yüksək məhsul götürməyə maraqlı olacağından xəbər verir: 

"Həm də eyni zamanda kəndlilərin bu sahəyə daha çox maliyyə yatırmasına əsas verər. Kəndlərdə emal müəssisələrinin yaradılması istiqamətində də işlər görülməlidir. Məsələn, elektrik enerjisi, su xətlərinə qoşulma və s. kimi işlərin problemsiz həyata keçirilməsi üçün müəyyən işlər də öz növbəsində həyata keçirilməlidir. Elə sahibkarlar var ki, onlar regionlarda emal müəssisələri yaratmaq istəyir. Onlar üçün dövlət hesabına güzəştli kredit resursları təşkil edilməlidir. Bu istiqamətə də maliyyə yönəltmək olar”.

Vahid Məhərrəmov əlavə edib ki, Azərbaycan biznes məsələsində bir o qədər də təcrübəyə malik deyil:

"Türkiyə və digər xarici ölkələrdən Azərbaycana bu sahə üzrə bilgisi olan mütəxəssislər dəvət olunmalıdır. Onlar üşün treninqlər keçirilməlidir. Əhalinin biznes qurmaq qabiliyyətinə malik olanların təlim alması, maariflənməsi ən vacib şərtlərdən hesab olunur. Bu sahədə işlər kompleks görülməlidir. Azərbaycanda biznes mühiti yaradılmalıdır ki, sərmayə qoyulsun. Rusiyada çoxlu imkanlı sahibkarlarımız var. Türkiyədə də həmçinin. Belə sahibkarları Azərbaycana cəlb etmək, investisiya qoyması üçün mühit olmalıdır. Mühit o deməkdir ki, sahibkarlara ölkəyə sərmayə qoymağa imkan yaradılır. Ölkəyə sərmayə qoyan sahibkarlar üçün risk olmamalıdır”.

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları peşəkar icra olunsa, müəyən bir tarazlığa nail olmaq olar:  
 


"Bizdə iqtisadi idarəetmə, biznes mühiti müəyyən çərçivə formalaşdırıb, mexanizm var və bir strategiya qəbul olunur. Bu strategiyalar çərçivəsində sosial infrastrukturun inkişaf etdirilməsi, məşğulluq, iqtisadi aspektdən inkişaf istiqamətləri, dəstək və s. nəzərdə tutulur. İkincisi, faktiki olaraq bizdə investisiya təşviqi sənədi mexanizmi var. İnvestisiya təşviqi sənədi mexanizmi əslində demək olar ki, əhəmiyyətli səviyyədə tarazlı inkişafa hesablanmış bir mexanizmdir. Yəni hansı ki, burada Azərbaycan əraziləri 5 zonaya bölünür və Bakıdan regionlara doğru getdikcə investisiya dəstəyinin verilməsi şərtləri yumşaldılır. Yəni deyirlər ki, siz regionlara gedin. Bir mexanizm də var ki, bir başa olaraq zonal bölgüdür və investisiyanı regionlara doğru yönəlməsinə müəyyən qədər təşviq edir, buna dəstək göstərir. Əvvəllər vergi məcəlləsində belə bir bənd vardı: sadələşdirilmiş vergi. Regionlarda bu, 2 faiz, Bakıda isə 4 faizdir. Təəssüf ki, sonradan aradan qaldırıldı. Amma biz bunun nəticəsini görürük. Regionlar çiçəklənir, yenidən qurulur, investisiyalar gedir və s. Məsələ ondadır ki, bu güzəştlər çox da böyük dəyişikliklərə gətirib çıxarda bilməz”.

Rəşad Həsənovun fikirincə, icra hakimiyyəti institutları demək olar ki, iqtisadi fəaliyyətlərin qarşısında ən böyük əngəldir. Onun sözlərinə görə, onların fəaliyyətlərinin iqtisadi əsaslarla qiymətləndirilməsi aparılmadığına görə, bu sahəyə çox da diqqət ayırmırlar:

"Ona görə də biz son nəticədə regionlarda tarazlıq inkişaf nəticələrini müşahidə etməmiş oluruq. İndi də işğaldan azad olunan ərazilərlə bağlı yeni bir situasiya yaranıb. Məndə olan məlumata görə, bundan sonrakı dövrdə iqtisadi təşviq mexanizmləri bu şəkildə olacaq ki, əsas iqtisadiyyat, bir də Qarabağ, yəni işğaldan azad olunan ərazilər. İşğaldan azad olunan ərazilər fərqləndiriləcək və daha çox güzəştlər veriləcək, daha geniş miqyaslı və əhatəli olacaq. Məqsəd məhz investisiyanın bu bölgələrə axınının təmin edilməsidir”. 

Bahar Rüstəmli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?