Xəbər lenti

Rəşad Sadıqov gedəndən sonra...
Amal Abuşov
İdman 12:50 25.10.2019

Rəşad Sadıqov gedəndən sonra...

Amal Abuşov

Linus Halleniusun vurduğu qolun təkrarına dünən gecə və bu gün səhər dəfələrlə baxmışam. Qoldan sonra yaşanan səhnə isə onsuz da gözümün önündədi. Ordan çəkilmək bilmir. Rəşad Sadıqov qolundakı kapitan sarğısını çıxarır, uzun müddət yerindən tərpənə bilmir...

Futbol həm də belə ədalətsiz oyundu. Bəzən başqalarının səhvi səni "yandırır”, bütün komandaya yönəlməli olan tənqidlərin hədəfinə sən çevrilirsən. Həmin epizodda da elə oldu. Aylton səliqəli oynasa, topu bir az daha uzaqlara göndərsə, "Qarabağ”ın cərimə meydançasından kənarlaşdırsa, hakimin fiti səslənəcəkdi. Komandalar fasiləyə bərabərliklə yollanacaqdı. Ehtimallar üzərindən çox da danışmaq istəmirəm. Amma belə olsaydı, "Qarabağ”ın işi xeyli asan olacaqdı. İkinci hissədə vurulan qol da sübut etdi ki, APOEL-i yenidən məyus etmək mümkün idi. Özü də bir dəfə yox. Amma fasiləyə saniyələr qalanda vurulan qol şərtləri dəyişdi, çox ciddi mənada.

Əminəm ki, Rəşad Sadıqov paltardəyişmə otağına doğru istiqamətlənəndə Qurban Qurbanovdan əvəzlənməyi xahiş etməyi düşünürmüş. Bəlkə edib belə. Təcrübəli çalışdırıcı həmin andakı gərginliyi, Rəşadın meydanda olmasının "Qarabağ” üçün kəsb etdiyi əhəmiyyəti göz önünə alıb. Bir də ki, özünün də mətbuat konfransında dediyi kimi, hansısa səhvə görə Rəşadı itirmək olmaz. Biz Rəşadsız Azərbaycan millisini də görmüşük, elə zaman-zaman "Qarabağ”ın özünü də. Kapitanın meydanda olması, elə gəzişməsi belə yetərlidi. Bəlli bir qrupun  pusquda dayanıb, onun səhvə yol verməsini gözləməsi isə tamam ayrı söhbətin mövzusudu. Yaxşı ki, fasilədə "Qarabağ” toparlanmağı bacardı. Elə Rəşadın özü də. Bu toparlanma çoxları üçün çox şey demək idi.

Həmin epizodda Rəşad topun rəqib futbolçudan sıçrayıb, onun önünə düşəcəyini gözləmirdi. Elə bu səbəbdən də ani olaraq diqqətsiz oldu, ayağına düşən topu ram etməyə, onu təhlükəli yerdən uzaqlaşdırmağa çətinlik çəkdi. Rəqibin həmin andakı pressinqi də həlledici idi. Adamın ayağı boşa çıxdı, əzizlərim. Məsələ bu qədər sadədi. Düz yolu yeriyərkən istənilən şəxsin ayağı boşa çıxa bilir. Yerə yıxılır, baş-gözümüzü əzirik. Bunun yaşla əlaqəsi yoxdu axı. 15 yaşlı futbolçunun da ayağı boşa çıxır, 25 yaşlının da. Guya, Rəşadın 30 yaşı olanda səhvi olmayıb, yoxsa ayağı boşa çıxmayıb? Rəşadın etdiyi texniki səhv idi, fiziki durumla əlaqəsi olmayan səhv. Qoltuğunun altından top buraxan qapıçılar var, öz qapısına qol vuran müdafiəçilər də, vacib penaltini qaçıran, "çərçivə”yə adi vəziyyətdə düşə bilməyən hücumçular da. Hər səhvi yaşa bağlayıb, futbolçunu komandadan, meydandan uzaqlaşdırsalar, onda oynatmağa heç kimi tapmazlar.

Bütün bunlar futbolçunun içində olan şeylərdi. Siz qafanızı bunlarla yormayın. Narahat olmalı olduğunuz daha vacib məsələ var. Gec, ya da tez Rəşad Sadıqov da gedəcək. O gedəndən sonra kimi günahkar çıxaracaqsız, kimi futboldan göndərməyə çalışacaqsız, kimin qeybətini edəcəksiz? Ümumiyyətlə, ondan sonra Azərbaycan klubları bu səviyyədə oyunlarda iştirak hüququ qazanacaqmı? Nə oldu, sual xoşunuza gəlmədi?...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->