Sənət 10:47 13.05.2014

Rober Oseyn: Mən Azərbaycanın oğluyam – FOTOLAR


Məşhur fransız aktyorun oğlu tarda ifa edib

Dünən Azərbaycan-Fransa biznes forumu başa çatdıqdan sonra prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Respublikasının prezidenti Fransua Olland birgə nahar ediblər.

Qaynar.info Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə iştirak edən Azərbaycan əsilli məşhur fransız teatr və kino aktyoru, rejissor, Parisin “Marini” Teatrının bədii rəhbəri Rober Oseyn çıxış edərək deyib:

“Mən bunu iftixar və fərəh hissi ilə bu ölkənin övladı kimi qeyd etmək istəyirəm. Çünki mən hər ikisi vətənim olan ölkələrimiz arasında böyük dostluğu, əgər belə demək olarsa, təcəssüm etdirirəm. Mən sevdiyim ölkədə – Fransada anadan olmuşam.

Mən, həmçinin qibtə etdiyim ölkənin – Azərbaycanın oğluyam. Hər iki ölkə inkişaf edib. Bu ölkələrdə qadınlar, hətta digər ölkələrlə müqayisədə cəmiyyətdə daha mühüm yer tuturlar, kişilərlə bərabər mövqedədirlər.

Fransa Respublikasının prezidenti bilməlidir ki, bu paytaxt Bakı şəhərində həm sinaqoq, həm məscid, həm də pravoslav kilsələr yan-yana mövcuddurlar, heç bir problem olmadan fəaliyyət göstərirlər”.

Rober Oseyn babasının Azərbaycanda doğulduğunu, atasının isə Səmərqənddə dünyaya gəldiyini bildirib. Qeyd edib ki, onlar Fransada yaşadıqları müddətdə dünya mədəniyyətinə və musiqisinə əvəzsiz töhfələr veriblər.

Onların yaratdıqları əsərlər hazırda müxtəlif səhnələrdə səsləndirilir və bu gün həmin ənənə Rober Oseynin oğlu Pyer tərəfindən davam etdirilir.

Mərasimin sonunda dövlət başçıları ilə görüşən Pyer Oseyn Azərbaycan tarında ifa edib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Fransa prezidenti Fransua Ollandı yola salıblar.

Qaynar.info