Səbuhi Həsənov
İdman 14:27 02.09.2021

Ronaldo Azərbaycana niyə gəlsin ki?..

Qətərdə keçiriləcək DÇ-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi keçirildikdən və Canni De Byazinin rəhbərlik etdiyi milimizin qrupdakı rəqibləri müəyyənləşdikdən dərhal sonra, yəni ötən ilin dekabr ayında bir köşə yazısı yazmışdım. Millimizin qrupu haqda yarızarafat proqnozlarımı, qənaətlərimi bildirmişdim. Xüsusən də Portuqliya ilə oyunlarımızla əlaqədar fikirlərimi yazarkən daha çox cümləyə yer vermişdim. 

Məhz həmin vaxt yazmışdım ki, Ronaldo Azərbaycana GƏLMƏYƏCƏK. Belə də oldu. Ötən gecə İrlandiya ilə matçda qol vurduqdan sonra formasını çıxaran hücumçu hakimin sarı vərəqəsi ilə üzləşdi. Nəticədə sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşən dünyaca məşhur portuqaliyalının sentyabrın 7-də Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan-Portuqaliya matçını buraxacağı müəyyənləşdi. Xeyr, nə öncədəngörmə qabiliyyətim var, nə də mənə xüsusi vergi verilib. Sadəcə, bunu hiss etmişdim və əvvəlki illərdə gördüklərimə əsasən belə qənaətə gəlmişdim...

Şübhəsizdir ki, Messi kimi Ronaldonu da Azərbaycanda sevənlərin, sırf ona azarkeşlik edənlərin sayı kifayət qədərdir, minlərlədir. Bununla yanaşı, futbol ictimaiyyətinin hər bir nümayəndəsinin Bakıda Ronaldonun oyununu canlı izləmək istədiyinə də şübhəm yoxdur. Amma Ronaldo, Messi boyda superulduzlar əksər hallarda gəlib Azərbaycan kimi kiçik ölkələrdə futbol oynamaqda maraqlı olmurlar. Bəlkə də uzağı 1-2 dəfə gələrlər, start heyətdə yer alarlar, ya da vacib məqamlarda meydana çıxırlar. Məsələn, 4 sikldən ikisində. Bunu həm klub, həm də yığma səviyyəsi baxımından söyləyirəm. Xeyr, belə ulduzların Azərbaycanla hər hansı qəsd-qərəzliyi, düşmənçiliyi olduğu qənaətində deyiləm. Onların öz səbəbləri ola bilər. Üzürlü və ya üzrsüz, belə oyunçular Azərbaycan kimi ölkələrdə futbol oynamaq marağında deyillər.

Əslində, bunu şəxsən mənfi hal kimi qiymətləndirmirəm. Əksinə, ona haqq qazandırıram. Mən də Ronaldonun yerində olsam, Azərbaycanda futbol oynamaq istəmərəm. Hətta hörmətsizlik kimi qiymətləndirilsə belə. Başında bir qrup "futbol cinayətkarı”nın dayanıb futbolu bərbad günə qoyduğu, çempionatının səviyyəsi ən kasıb dövlətlərin liqaları ilə eyni, illərdi dəyişməyən klubların mübarizə apardığı və qeyri-peşəkarlıqlarla dolu Premyer Liqası olan bir ölkədə niyə oynamaq həvəsinə düşüm ki? Futbolu futbol adamlarının deyil, öz maraqları naminə yığmanın heyətinə belə müdaxilə etməkdən çəkinməyən "menecerlərin” toplaşdığı bir ölkədə niyə oynamaq istəyim ki? Bu yarıtmazların gördüyü "işlər” sayəsində səviyyəsi, hətta 5-10 il əvvəlki vaxtlarda olduğundan da qat-qat aşağı düşən bir çempionatın keçirildiyi ölkədə niyə top qovmaq istəyim ki? Oynamaram...

Sual yarana bilər: "Axı Ronaldonun Azərbaycanda baş verənlərdən xəbəri yoxdur, niyə belə etsin?”. Düzdür, Ronaldonun Azərbaycanda baş verənlərdən xəbəri olmaya bilər. Heç onun bizimlə düşmənçiliyi də yoxdur. Amma bir neçə gün öncə İngiltərə nəhəngi "Mançester Yunayted”ə transferi reallaşan portuqaliyalı hücumçu heç şübhəsiz bilirdi ki, sarı vərəqə limitindədir və növbəti xəbərdarlıqdan sonra Azərbaycana gəlməyəcək. Və bunları bilə-bilə vurduğu qolu qeyd edərkən düz hakimlərin gözləri qarşısında formasını əynindən çıxardı...

Qısası, biz futbol ölkəsi deyilik. Belə olmadığımız halda hansısa superulduzu Azərbaycanda iş başında izləmək xəyalından da əl çəkməliyik...

Səbuhi Həsənov