Cənubi azərbaycanlı futbolçu Əli Daei milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna Kriştianu Ronaldunun şərik çıxmasına münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, İran millisinin sabiq hücumçusu Portuqaliya yığmasının kapitanının Fransa ilə qarşılaşmada "dubl" edərək onunla bərabərləşməsindən sonra açıqlama verib:
"Ronaldunu təbrik edirəm. Hazırda hər ikimizin 109 qolu var. Beynəlxalq rekordumu qırmaq üçün ona bir qol kifayət edəcək. Mənim üçün böyük şərəfdi ki, belə bir ali nailiyyət ona qismət olacaq. Kriştianu böyük çempion və böyük insandı. O, bəşəriyyəti ilhamlandırır, onların həyatlarına təsir göstərir".
Ronaldu öz növbəsində Əli Daeinin jestini cavabsız qoymayıb. Ulduz futbolçu "Instagram”da paylaşım edərək cənubi azərbaycanlı futbolçuya təşəkkür edib:
"Həqiqi çempionlar həmişəlik çempion olaraq qalır. Sizin kimi böyük futbolçudan bu cür sözləri oxuduğum üçün qürur duyuram. Çox sağ ol, Əli Daei”.
Qeyd edək ki, Ronaldu AVRO-2020-nin qrup mərhələsinin Fransa ilə 2:2 hesablı heç-heçəyə imza atdlıqları qarşılaşmada penaltilərlə "dubl" müəllifi olub. Bununla da portuqaliyalı ulduz Əli Daeinin kişilər arasında milli komandada ən çox qol rekorduna çatıb.
Şərhlər