Dünya 18:30 29.07.2021

Rusiya Avropanı qazla sınağa çəkir: Bayden administrasiyasından səs çıxmır

Rusiya tələbat olduğu halda, Ukrayna üzərindən Avropaya əlavə qaz nəqlini növbəti dəfə rədd edib.

Nəticədə Avropada təbii qazın spot (gündəlik bazar) qiyməti 500 dollara yaxınlaşıb. Neft isə Rusiya və OPEC ölkələrinin kartel sövdələşməsi nəticəsində xeyli vaxtdır 70 dolların üzərindədir. (Hazırda 75 $)

Rusiya qısamüddətli də olsa, yenidən qlobal enerji bazarında şərt diktə edən gücə çevrilib. Moskva qaz ixracını artırmamaqla həm də "Şimal axını-2" layihəsinə nə qədər böyük ehtiyac olduğunu avropalılara nümayiş etdirmək istəyir. 

Bütün bunları əngəlləmək üçün ABŞ-ın əlində alətlər olsa da, Bayden administrasiyası bunlardan istifadə etməyəcəyini bildirib. Maraqlı detallardan biri budur ki, Rusiya ilə dialoqda dövlət katibi Blinken deyil, iqlim məsələləri üzrə nümayəndə Con Kerri önə çıxıb. Kerrinin Rusiya ilə yaxınlaşmanın fəal tərəfdarı kimi çıxış etdiyi və Lavrovla şəxsi dostluq əlaqələrinə malik olduğu sirr deyil. Kerri ötən günlərdə Moskvaya səfəri zamanı ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi imkanlarını araşdıracağını vəd edib.  

Respublikaçı senatorlar isə qanunvericiliyin tələbi əsasında "Şimal axını-2"-yə sanksiya tətbiq olunmasa, Baydenin yeni təyinatlarını bloklayacaqlarını bildiriblər. 

Baydenin Rusiya ilə bağlı siyasətdə ciddi yumşalmaya getməsinin Çin faktoru ilə əlaqəli olduğu bəllidir. Rusiyanın Çinlə antiqərb ittifaqı qurması ehtimalı Vaşinqtonda kabus ssenarisi kimi qiymətləndirilir. Niksonun prezidentliyi dövründə, 1971-сi ildə Kissincerin Çinə səfərləri ilə ABŞ-Çin yaxınlaşması baş vermiş və nəticədə Sovet İttifaqı qlobal geosiyasətdə təklənmişdi. İndi Amerika siyasi və akademik elitasının bir qismi düşünür ki, bu siyasəti Çinə qarşı da təkrarlamaq olar, ona görə də Rusiyanı sarı əjdahaya tərəf itələməkdənsə, öz yanımızda tutmağa çalışmalıyıq. 

Bəlkə də doğru strategiyadır, amma bir az bəsit yanaşma kimi görünür. Nəzərə almaq lazımdır ki, Çinin SSRİ-dən uzaqlaşması ABŞ-ın təsiri ilə baş verməmişdi və ilk növbədə dünya kommunizminin bu iki divi arasındakı gərginlikdən qaynaqlanırdı. Stalinin ölümündən sonra Xruşşov Mao ilə heç cür ahəngdar münasibət qura bilmədi, onun daxildə Stalin kultunu dağıtması, xarici siyasətdə digər Asiya nəhəngi - Hindistanla yaxınlaşması, ABŞ-a səfəri Çini qıcıqlandırırdı. Hətta 1960-cı ildə Damansk adasında sovet və Çin orduları arasında qısamüddətli savaş da olmuşdu, yəni qlobal kommunizm hərəkatı parçalanmışdı. 

İndi hər nə qədər Çinin sürətlə böyüməsi və Rusiyanın ənənəvi nüfuz dairəsi hesab olunan regionlara da nüfuz etməsi Moskvanın maraqlarına zidd olsa da, iki dövlət arasında ciddi konflikt mövzuları yoxdur. Putin indiyədək bir neçə Amerika liderini təsir altına alaraq (Buş onun gözlərinə baxaraq ürəyini gördüyünü söyləmişdi), yaxud aldadaraq istədiklərini həyata keçirib. Belə görünür ki, KQB polkovniki ömrünün son baharını yaşayan Baydendən də istədiklərini almağa çalışır və bu istiqamətdə ilkin nəticələr də əldə edib.

Şahin Cəfərli