Xəbər lenti

Rusiya elitası müharibənin tezliklə bitəcəyinə inanmır:
Dünya 22:15 03.10.2024

Rusiya elitası müharibənin tezliklə bitəcəyinə inanmır: "Ukrayna adlı dövləti məhv edəcəyik"

Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinə daxil olmasından sonra Kiyevlə sülh danışıqlarının mümkünlüyünü nəzərdən keçirməyi dayandırıb və Ukrayna dövləti "yıxılana” qədər döyüşməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələr "Poyasnitelnaya zapiska” nəşrinə bildiriblər.

Onların fikrincə, yayın sonunda gözlənilirdi ki, müharibənin bitməsinə 6 ay - 1 il qalıb. Buna bir neçə amil kömək edib: Hər şeydən əvvəl, Ukrayna prezidenti Volodimir Zelenskinin hərbi münaqişəyə son qoyulması şərtləri ilə bağlı referenduma icazə verən ritorikasının yumşaldılması, eləcə də Putinə FSB xüsusi təyinatlılarının zabiti Vadim Krasikovu geri qaytarmağa imkan verən Rusiya və Qərb arasında genişmiqyaslı məhbus mübadiləsi. 

Bundan əlavə, Rusiya və Ukrayna hərbçiləri arasında deeskalasiyaya dair danışıqlar aparılıb. Xüsusilə, enerji obyektlərinə zərbələrə qarşılıqlı məhdudiyyətlər müzakirə edilib. Sazişin avqustun 22-23-də Qətərdə qeydə alınması planlaşdırılırdı ki, bu da Moskva ilə Kiyev arasında müharibə başlayandan bəri ilk razılaşma olacaqdı.

"Win-win vəziyyəti olardı. Rusiyada neft emalının təqribən 15-20%-i sıradan çıxıb və qarşıda hər iki ölkəni qış gözləyir”, deyə danışıqlardan xəbəri olan mənbə deyir. 

Onun sözlərinə görə, daha geniş deeskalasiya, o cümlədən müəyyən silah növlərinin istifadəsinə və cəbhə xəttindən müəyyən məsafədən kənarda zərbələrə qadağa qoyulması da təklif olunub.

Lakin avqustun əvvəlində Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olması ilə bütün bu danışıqların üstündən xətt çəkilib. Nəşrin həmsöhbətinin sözlərinə görə, Putin vəziyyətdən əsəbiləşib və o, qərara gəlib ki, Kiyev Qətərdəki görüşə hazırlıqdan Rusiya ərazisində əməliyyat üçün pərdə kimi istifadə edir.

"Biz Ukrayna adlı dövləti məhv edəcəyik - Kreml belə qənaətə gəlib. İndi qaydasız döyüş iyi gəlir, hər iki tərəf bir-birinin vəziyyətini necə pisləşdirmək barədə düşünür”, deyə mənbə qeyd edib. 

O əlavə edib ki, Putin Kursk müqabilində Donetsk/Luqansk alverinə getməyəcək. Sanksiya altında olan yüksək rütbəli məmurun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatından sonra hakimiyyətdə olan sülh danışıqlarının tərəfdarları azlıqda qalıblar - əgər Kurskdan işğalından əvvəl elita tərəfindən sülh prosesinin başlanmasına böyük tələbat var idisə, indi yoxdur: "Sülhü dilə gətirmək belə çətindir, bu səslər boğulacaq".

Əgər Ukrayna Qərbin Rusiyanın dərinliklərinə raket zərbələri endirmək üçün icazə alsa, bu, vəziyyəti daha da pisləşdirəcək, Putinlə müntəzəm əlaqə saxlayan rəsmi deyir. "Vəziyyət çox qəlizləşib. Mən heç bir sülh prosesinə inanmıram. Ukrayna dağılmayana qədər heç nə bitməyəcək", deyə Putinlə müntəzəm görüşən iri dövlət müəssisəsinin rəhbəri bildirib.

Bununla belə, Rusiya prezidentini tez-tez görən nəşrin həmsöhbətlərindən biri Putinin yalnız Qərblə açıq böyük müharibə olacağı təqdirdə nüvə silahından istifadə riskini gözə alacağını, lakin hələlik BRICS müttəfiqləri ilə münasibətlərə görə təmkinli olduğunu deyir. Bununla belə, Putinin tanışının sözlərinə görə, Qərb onun təhdidlərini ciddi qəbul etməsə, o, "nüvə düyməsinə getdikcə daha yaxından baxacaq”. 

Bu arada, "Poyasnitelnaya zapiska”nın həmsöhbətlərinin fikrincə, Kreml uzun müddət mübarizə aparmağa hazırdır. Onlardan birinə görə, Kursk əməliyyatı Kiyev üçün taktiki uğura çevrilə bilər, lakin onu inkişaf etdirmək çətin olacaq. "Ukrayna qüvvələri tükənib. Kreml onilliklər boyu belə müharibə apara bilər, lakin Ukrayna daha tez deqradasiyaya uğrayacaq”, deyə o, yekunlaşdırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->