"Qərb Qazaxıstan, Gürcüstan, Ermənistan, Türkiyə və BƏƏ şirkətlərinə sanksiya tətbiq edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O'Brayenin Ermənistan, Gürcüstan, Qazaxıstan, Türkiyə və BƏƏ-nin sanksiyalardan yan keçərək, Rusiyaya çip və digər elektronika almaqda kömək etdikləri barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.
"Rusiyanın uzun müddətdir üçüncü ölkələr vasitəsilə idxal-ixracat prosesini həyata keçirdiyi heç kimə sirr deyil. Özü də məsələ təkcə hansısa elektronika məhsulları və ciplərdən getmir. Bu gün alternativ bazarlar vasitəsilə Qərbin sanksiyalar tətbiq etdiyi Rusiyaya hər cür lazım olan mallar çatdırılır. Hətta bu yolla Rusiyaya gətirilən mal və məhsulların həcmi Moskvanın ənənəvi ticarətdə həyata keçirdiyi səviyyəyə qədər artıb. Son dövrlərdə Rusiyaya malların daşınmasında tranzit kimi istifadə edilən və adları hallanan dövlətlərin ümumdaxili məhsul və dövlət büdcəsinə daxil olmalarında kifayət qədər artımlar qeydə alınır. Buna görə bir neçə Ermənistan şirkəti də daxil olmaqla bəzi ölkələrin səhmdarlarına qarşı sanksiyaların tətbiqi məsələsi gündəmdədir. Bu mənada, hesab edirəm ki, ABŞ Dövlət Departamentinin açıqladığı bu məqamlar sadəcə olaraq, söz olaraq qalmayacaq. Qərb bu məsələdə sözdən hərtərəfli şəkildə işə keçəcək”,- deyə politoloq qeyd edib.
Həmsöhbətimiz bildirir ki, yaxın zamanlarda qonşumuzda olan ölkələrin bir çox şirkətləri də daxil olmaqla, Rusiyaya sanksiyalardan yan keçməkdə yardımçı olan şirkətlərə qarşı geniş sanksiyalar paketi tətbiq ediləcək.
"Rusiyaya təkcə elektronika və mobil qurğular üzrə cihazlar deyil, eyni zamanda, ərzaq, qida məhsulları istisna lmaqla, digər bütün sahələrdə şimal ölkəsinə göndərilən mallara görə, bəzi üçüncü ölkələrin şirkətlərinə qarşı ciddi sanksiyalar paketi qəbul ediləcək. Amma sırf adı çəkilən ölkələrin özlərinə bu sanksiyaların tətbiqi hələlik o qədər də ağlabatan deyil. ABŞ-ın bu müstəvidə Gürcüstan, Ermənistan, Qazaxıstan, BƏƏ, Türkiyə ilə münasibətləri korlanmayacaq. Amma konkret bu ölkələrə məxsus şirkətlərə geniş sanksiyalar tətbiq ediləcək”,- T. İsmayılov vurğulayıb.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O'Brayen bildirib ki, sanksiyalara baxmayaraq, Rusiya elektronika almağa davam edir və bu işdə başqa ölkələr ona kömək edir. O qeyd edib ki, 2023-cü ilin əvvəlinə Rusiyaya əsas mikroçiplər və elektronika idxalı Qərbin sanksiyalarından əvvəl müşahidə olunan səviyyəyə çatıb. Bu, Avropa şirkətlərinin çipləri, prosessorları və inteqral sxemləri üçüncü ölkələrə satması, o ölkələrinsə sonra onları Rusiyaya satması səbəbindən baş verib. Bu komponentlər müasir silah sistemlərinin istehsalı üçün zəruridir. Dövlət Departamentinin məlumatına görə, ən azı beş ölkə Rusiyaya çip və digər elektronika almaqda kömək edir - Ermənistan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir.
Rüfət Sultan
Şərhlər