"Rusiya "Tomahawk" raketlərinə qarşı mübarizə aparmaq imkanında deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ABŞ-ın Ukraynaya verəcəyi iddia olunan "Tomahawk" qanadlı raketlərinin xüsusiyyətlərindən danışarkən deyib.
"Tomahawk" raketlərini atmaq üçün daha çox gəmilərdən istifadə edilir. Onun müxtəlif modifikasiyaları var. Bu qanadlı raketlər Moskvanı ona görə narahat edir ki, onları tutmaq üçün Rusiyanın hava hücumundan müdafiə sistemləri tam hazırlıqlı vəziyyətdə deyil. Yəni veriləcəyi təqdirdə, Ukrayna bu raketlər vasitəsilə rahat şəkildə qərar qəbul olunma mərkəzlərinə, Kremlə, Müdafiə Nazirliyinə və digər dövlət, hökumət strukturlarına da zərbə endirə biləcək", deyə Üzeyir Cəfərov bildirib.
Ekspertin fikrincə, bu vasitələrdən istifadə etməklə Kiyev müharibənin gedişində dönüş yaradacaq:
"Kreml də məhz buna görə əl-ayağa düşüb. Çünki onu vurmaq Rusiya ordusu üçün çətin olacaq. "Tomahawk” raketləri aşağı hündürlükdən uçur və hədəfdən yayınması cəmi 10,35 metrdir. Raketlər həmçinin 1500 km məsafəyə qədər uçur".
Qeyd edək ki, ABŞ-ın Ukraynaya "Tomahawk” qanadlı raketlərini verəcəyi məsələsi gündəmdədir. Hələlik ABŞ Prezidenti Donald Tramp bu məsələ barədə konkret qərar verməsə də, verilə biləcəyini də istisna etməyib. Bu raketlərdən 1976-cı ildən istifadə olunur. Görünən odur ki, Rusiya bu fonda xeyli dərəcədə təşvişə düşüb. Çünki Ukrayna bu silahla silahlanmaqla Rusiyanın arxa cəbhəsini böyük həcmdə təhlükə altında saxlayacaq.
Rüfət Sultan
Şərhlər