Siyasət 18:12 20.05.2022

Rusiya sülhməramlıları 2030-cu ilə qədər Qarabağdan çıxacaq? (ŞƏRH)

Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov bildirib ki, maksimum 2030-cu ilə qədər Rusiya sülhməramlıları Qarabağdan çıxacaq. 

O, bunu 2025-ci ildən başlayaraq Qarabağa artıq azərbaycanlıların qayıdışının başlanacağı ilə əlaqələndirib. Bu zaman o, söhbətin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki azərbaycanlıların yaşadığı məntəqələrdən getdiyini deyib. A. Həsənovun fikrincə, bu da öz növbəsində Qarabağ ermənilərinin tədricən Azərbaycana inteqrasiyasına səbəb olacaq: 

"Bu halda Rusiya sülhməramlıları təbii şəkildə Qarabağı tərk edəcək”. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Turan Rzayev da bu qənaətdədir ki, ehtiyac olacağı təqdirdə Rusiya sülhməramlılarının Qarabağdakı mandatı 2030-cu ilə qədər uzadıla bilər: 

"Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddəti 5 ildir. Amma baş verəcək proseslərdən asılı olaraq bu müddətin uzadılması və ya qısaldılması da mümkündür. Azərbaycanlıların köçməsi daha tez baş versə, sülhməramlıların gedişi də tezləşdirilə bilər. Görünən odur ki, ərazilərimizin bərpa prosesi və sülh müqaviləsinin bağlanması istiqamətində ciddi işlər görülür. Bu mənada bərpa prosesinin sürətlənməsi Böyük Qayıdış siyasətinin daha erkən tarixdə reallaşmasına gətirib çıxaracaq. Amma sülhməramlıların buraxdığı səhvləri nəzərə alsaq, prosesin daha 5 ilə uzadılması müəyyən qədər şübhə doğurur. Şəxsi düşüncəmə görə, proses uzanaraq 2030-cu ilə qədər davam etməyəcək. 44 günlük qələbə müharibəsi 27 ildən sonra baş verdi. Deməli, torpaqlarımızın geri alınması üçün 27 il gözləmk lazım gəlib”.

Rüfət Sultan