Xəbər lenti

Rusiya
Dünya 16:55 12.02.2025

Rusiya "Taliban"la razılaşdı: Əfqanıstandan Coca-Cola tədarük edir

Rusiya Əfqanıstanın "Taliban” qruplaşması tərəfindən nəzarət olunan ərazilərindən qazlı içkilər və enerji içkiləri, o cümlədən Ukraynaya müdaxilədən sonra ölkədən çıxan Coca-Cola, eləcə də ədviyyatlar, qiymətli daşlar və metallurgiya üçün xammal idxalını təşkil edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov "RIA Novosti"yə müsahibəsində deyib.

"Rusiya Əfqanıstandan ədviyyatlar, qazlı və enerji içkiləri, dərman bitkiləri – lavanda, çobanyastığı, məkkəgülü və əlbəttə ki, plov üçün qazanlar alır", – deyə o bildirib.

Jirnovun sözlərinə görə, Əfqanıstanın Rusiyaya əsas ixrac məhsulları quru meyvələr və kişmişdir. Bundan əlavə, Rusiya az miqdarda olsa da, tərəvəz və üzüm də idxal edir. Həmçinin, Əfqanıstanın cənub bölgələrindən nar tədarükü başlanıb, eləcə də əfqan zəfəranı ixrac edilir. "Taliban” Rusiyaya xrom filizi və konsentratları, minerallar, rubin və zümrüdlər göndərməyə də başlayıb. "Bunlar ümumi idxalın təxminən altıda birini təşkil edir", – deyə səfir əlavə edib.

Rusiyadakı onlayn ticarət platformalarında artıq Əfqanıstandan gətirilən orijinal Coca-Cola məhsullarını tapmaq mümkündür. Məsələn, hər biri 300 ml olan doqquz qutu içkinin qiyməti təxminən 700 rubl təşkil edir. "RIA Novosti"nin məlumatına görə, Əfqanıstanda ilk Coca-Cola zavodu 2006-cı ildə keçmiş prezident Həmid Kərzai tərəfindən açılıb. İllik 120 milyon butulka qazlı içki istehsal gücünə malik müəssisə Habib Gulzar Non-Alcoholic Beverages Ltd. şirkətinə məxsus olub.

Ukraynaya müdaxilədən sonra The Coca-Cola Company Rusiyadakı fəaliyyətini dayandırmaq qərarına gəlib və ölkədə öz brendi altında içkilərin istehsalını və satışını dayandırıb. Şirkətin Rusiya bölməsi olan "Coca-Cola HBC Eurasia" öz adını "Multon Partners" olaraq dəyişdirib və orijinal içkidən fərqli tərkib və dada malik "Dobrı Cola"nı istehsala buraxıb.

2024-cü ilin yazında Coca-Cola yenidən Rusiyada ticarət nişanlarının qeydiyyatı üçün Rospatentə müraciət edib. "Vedomosti"nin məlumatına görə, söhbət Coca-Cola, Sprite və Fanta brendlərindən gedir. "Comply" şirkətinin tərəfdaşı Maksim Ali bildirib ki, bu addım Coca-Cola-nın gələcəkdə Rusiya bazarına qayıtmaq niyyətini göstərə bilər. "Online Patent" şirkətinin baş direktoru Alina Akinşina isə xatırladıb ki, əgər biznes üç il ərzində Rusiya ərazisində ticarət nişanlarını istifadə etməzsə, onların ləğv olunma ehtimalı var.

"Taliban” hərəkatı 2021-ci ildə ABŞ qoşunlarının çıxmasından sonra Əfqanıstanda hakimiyyəti ələ keçirib. Onun hökuməti Rusiya da daxil olmaqla heç bir dövlət tərəfindən rəsmi olaraq tanınmır. Buna baxmayaraq, Kreml "Taliban”la əlaqələrini davam etdirir, ticarəti genişləndirir, Əfqanıstandakı müxtəlif layihələrə investisiya yatırır və bu təşkilatın terrorçu statusunun ləğvini planlaşdırır. Rusiya prezidenti Vladimir Putin qadınların təhsil almasını və bir-biri ilə danışmasını qadağan edən, zina üçün ictimai edam tətbiq edən "Taliban”ı "müttəfiq", Rusiya xarici işlər naziri Sergey Lavrov isə onları "ağıllı insanlar" adlandırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->